NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Naxçıvanda Avtomobil yolları işçilərinin peşə bayramı günü qeyd olunub

...

22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində tədbir keçirilib. Tədbirdən əvvəl agentliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib və Heydər Əliyev Muzeyində olublar. Daha sonra tədbir Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasında davam etdirilib. 
Tədbirdə çıxış edən agentliyin idarə heyətinin sədr müavini Ruslan Ramazanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 20 fevral tarixli Sərəncamı ilə hər il fevralın 22-si ölkəmizdə “Avtomobil yolları işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. O vurğulayıb ki, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, –  deyən Ümummili Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Ölkəmizin bütün regionlarında, eləcə də Naxçıvanda bu sahənin inkişafında kompleks tədbirlər həyata keçirilir. 
   Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, yeni körpülər tikilmişdir. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmiş, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunmuşdur. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan MMC-lərin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təmin olunmuşdur. 
Bildirilib ki, ötən ildə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır. Belə ki, Dövlət Proqramı çərçivəsində ötən ildə “Əshabi-kəhf” ziyarətgahına gedən avtomobil yolu, Culfa şəhərdaxili, Darıdağ Arsenli Su Müalicə Mərkəzi və Naxçıvan şəhəri 6-cı küçənin avtomobil yolları əsaslı təmir olunmuşdur. Hazırda Dövlət Proqramı çərçivəsində Naxçıvan şəhəri Əliabad qəsəbədaxili və Şərur rayonunun Təzəkənd avtomobil yollarında da işlər davam etdirilir. Həmçinin agentlik yerli büdcə xərcləri vəsaiti hesabına Şərur rayon Tənənəm kənd avtomobil yolu, Həmzəli-Axura, Ordubad rayon Kələntərdizə-Qoşadizə, Aza-Darkənd avtomobil yollarında da əsaslı təmir işləri aparmışdır. Ümumilikdə, agentlik tərəfindən ötən il 63.35 kilometr avtomobil yolu əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilmişdir.
Sonra Ruslan Ramazanov  diqqətə çatdırıb ki, peşə bayram ərəfəsində həmkarlarının bir qrupunun mükafatlandırılması ölkə başçısının yol təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Belə ki, ötən dövrlərdə muxtar respublikanın avtomobil yol işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, onlardan 10-u Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və 37-i isə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Fəxri fərmanları ilə təltif edilmişlər. Vurğulanıb ki, yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin diqqət və qayğısına cavab olaraq onlara göstərilən etimadı doğruldacaqlar. 
Sonda fəaliyyətləri zamanı fərqlənən yol işçiləri mükafatlandırılıb.

Nəşr edilib : 22.02.2025 15:00