NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanda 8 Noyabr – Zəfər bayramı böyük coşqu ilə qeyd olunur

...

Artıq dörd ildir ki, hər payız fəslində Azərbaycan xalqı olaraq böyük qalibiyyətin – Qarabağ zəfərinin sevincini daha fəxrlə yaşayırıq. İkinci Qarabağ müharibəsində Vətənin igid oğullarının qətiyyətli addımlarla irəlilədiyi o çətin, məşəqqətli yolların, apardıqları mübarizə şanlı Zəfərin başlanğıcı oldu. Vətən oğullarının  44 günlük haqq-ədalət mübarizəmizdə keçdiyi döyüş yolunu xatırlayıb qürur duyuruq. Bu gün Zəfər Günündən 4 il ötməsinə baxmayaraq, böyükdən-kiçiyə hər kəs bir ürək olaraq muxtar respublikada şəhidlərimizi ziyarət  edir Zəfər abidəsinin önünə gül dəstələri qoyurlar. Biz də bu bayram günündə şəhərimizin sakinləri ilə həmsöhbət olub təəssüratlarını öyrəndik.

Vətən müharibəsi qazisi  Təvvəkül Qəhrəmanlı öz təəssüratlarını bizimlə bölüşdü: "Zəfər Günü bizim milli qürur günümüzdür. Burada uyuyan qardaşlarımın bir çoxunun döyüş zamanı qəhrəmanlığının yaxından şahidi olmuşam. Hər bir şəhid bir qəhrəmandır. Onlar bizim milli qeyrətimizi dirçəltdi, xalqımıza baş ucalığı gətirdi. Torpaqlarımızın azadlığı uğrunda qorxmazlıq, cəsurluq nümayiş etdirərək, ölümün gözünə dik baxaraq şəhadətə yüksəldilər. Qardaşlarımla, döyüş yoldaşlarımla fəxr edirəm. Xalqımızı Zəfər bayramı münasibətilə təbrik edirəm".

Digər müsahibimiz Fatma Bağırova bildirdi ki, bu gün bizim zəfər bayramımızdır. Bir gənc olaraq qürurluyuq. Ali Baş Komandanımızın sərkərdəliyi, qəlbimizdəki Azərbaycan eşqi bizi bizə bu Qələbəni qazandırdı. Bayraq sevgisi, torpaq məhəbbəti ilə silahlanan qəhrəman igidlərimiz Qarabağ savaşından alnıaçıq, üzüağ çıxdı. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə igidimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə həkk etdirdilər. Bu gün şahidi olduğumuz  bütün reallıqlar biz gənclər və bizdən sonrakı  nəsillər üçün bir örnəkdir.  

Şəhər sakini Tağı  Bağırov deyir ki, bu gün 8 Noyabr – Zəfər bayramı münasibətilə xalqımız birlik bərabərlik nümayiş etdirir. Böyük  təntənə ilə qeyd etdiyimiz bu zəfər bayramında sevincli və qürurluyuq.   Bütün bu  duyğuları bizə cənab Ali Baş Komandanımız və qəhrəman oğullarımız yaşadıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, bayrağımız daim ucalarda olsun.

Muxtar respublikada şahidi olduğumuz qürurlu anlar bir daha təsdiq etdi ki, Azərbaycan xalqı hər zaman  birlik nümayiş etdirir. Birliyin, bərabərliyin, mübarizliyin daim olsun, əziz xalqım! Zəfərin mübarək.  Sən hər zaman qalibsən!

Bülbül QULİYEVA

Nəşr edilib : 08.11.2024 14:07