NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Naxçıvanda 264,58 hektarda buğda biçini aparılıb, 786,52 ton məhsul əldə edilib

...

Ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə, ümumilikdə, 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 4 174,3 hektarını buğda, 9 669,77 hektarını isə arpa təşkil edib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, hazırkı mərhələdə biçin, əsasən, arpa sahələrində intensiv şəkildə aparılır. İndiyədək 2 533,9 hektar arpa sahəsində biçin başa çatdırılıb və sahələrdən 7 497,9 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,6 sentner təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 21,1 sentnerlə müqayisədə 40,3 faiz yüksəkdir. Hazırda arpa əkinlərinin 26,2 faizi biçilib.
Buğda sahələrində isə 264,58 hektarda biçin aparılıb, 786,52 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hər hektardan 29,7 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artım deməkdir. Bu günədək buğda əkinlərinin 6,3 faizi biçilərək məhsul tədarükü həyata keçirilib.
Taxıl biçininin operativ və itkisiz həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə saz vəziyyətdə olan 68 kombayndan hazırda 41-i biçin işlərinə cəlb edilib. Biçin üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti dövlət orqanlarından ibarət Mərkəzi Qərargah yaradılıb. Həmçinin rayonlarda da Dövlət Aqrar İnkişaf Mərkəzi və aidiyyəti dövlət orqanlarının  nümayəndələrindən ibarət Mərkəzi Qərargah fəaliyyət göstərir.
Qeyd edək ki, bu il müşahidə olunan yüksək məhsuldarlıq dövlətin aqrar sahəyə göstərdiyi davamlı dəstəyin, fermerlərin əkin mövsümünə keyfiyyətli toxum, mineral gübrə və digər kənd təsərrüfatı vasitələri ilə vaxtında təmin edilməsinin, eləcə də aqrotexniki tədbirlərin optimal müddətdə və düzgün həyata keçirilməsinin nəticəsidir. Bununla yanaşı, əlverişli hava şəraiti və torpaq mülkiyyətçilərinin əkin sahələrinə göstərdikləri düzgün qulluq da məhsuldarlığın yüksəlməsində mühüm rol oynayıb. Hazırda muxtar respublikanın Şahbuz rayonu istisna olmaqla digər rayonlarında taxıl biçini davam etdirilir. Məhsul yığımının optimal müddətdə başa çatdırılması, məhsul itkisinin minimuma endirilməsi və yetişdirilən taxılın vaxtında tədarük olunması istiqamətində zəruri tədbirlər görülür.

Nəşr edilib : 30.06.2026 18:06