NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda “2024-2025-ci illər üçün Ekoloji təhsil” layihəsinə start verilib

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “2024-2025-ci illər üçün Ekoloji təhsil” layihəsi həyata keçirilir.
“Şərq qapısı” xəbər verir ki, proqram çərçivəsində ilk təlim Culfa rayon Əbrəqunus, Kırna, Bənəniyar və Qızılca kəndlərindən olan müəllim və şagirdlərin iştirakı ilə Əbrəqunus kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə layihə rəhbəri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Qurbanlı bildirib ki, ekoloji təhsil və tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. Təhsil ocaqlarında ekoloji təhsilin gücləndirilməsinin tərəfdarları hesab edirlər ki, uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. Başqa sözlə, yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti  sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik.
Şagirdlərlə qarşılıqlı müzakirə şəklində davam edən tədbirdə ətraf mühitin qorunması, tullantıların təkrar emalı və enerji səmərəliliyi haqqında məlumatlar verilərək  ekoloji mövzularla bağlı maarifləndirici videoçarx nümayiş olunub. 
Mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarına həmişəyaşıl ağac tingləri paylanılıb və həmin tingləri məktəbin həyətində əkiblər. 
Qeyd edək ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil və məktəbəqədər müəssisələrində müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılması məqsədilə yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 07.11.2024 10:17