NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanda 12 yaşlı məktəblinin yaratdığı innovativ platforma böyük maraqla qarşılandı

...

“Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvanın ilk innovativ platformasının rəsmi təqdimatı keçirilib. Tədbirdə təhsil, iqtisadiyyat, rabitə sahəsinin  nümayəndələri, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, şagirdlər, yerli əmlakçılar, investorlar, texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Platformanın qurucusu, 12 yaşlı  Ədalət Əlisoy layihəsini böyük coşqu və maraqla təqdim edərək platformanın yaradılma prosesi, məqsədi və daşınmaz əmlak sektoruna gətirdiyi yeniliklərdən danışıb. Tədbirdə platformanın əsas funksiyaları, o cümlədən təkmil axtarış və filtrləmə, Google xəritə inteqrasiyası, əmlakçı qeydiyyatı, real vaxt mesajlaşma və SMS qeydiyyat funksiyaları canlı şəkildə nümayiş etdirilib. Təqdimat iştirakçıları platformanın imkanları ilə əyani şəkildə tanış oldular və müsbət rəy bildiriblər.

Platformanın qurucusu Ədalət Əlisoy platformanın yaradılma prosesi və texnoloji çətinlikləri aşma təcrübəsi ilə bağlı qonaqlarla öz hekayəsini paylaşıb. Texnologiya mütəxəssisləri platformanın nə qədər asan istifadəyə malik olduğunu, şagirdlər və tələbələr tərəfindən bu cür startup layihələrin hazırlanmasının ölkəmizin rəqəmsal inkişafı üçün əhəmiyyətini vurğulayıblar.

Tədbir zamanı platformanın daha da inkişaf etdirilməsi və yeni funksiyalarla təkmilləşdirilməsi ilə bağlı planlar da təqdim edildi, həmçinin şagirdlər arasında milli və qlobal startup layihələrinin hazırlanmasının əhəmiyyəti vurğulanıb.

Sonda Ədalət Əlisoy öz təəssüratlarını bizimlə bölüşərək bildirdi ki: “Bu təqdimat mənim üçün çox böyük bir addım idi. Platformanı yaratmaq, bu qədər peşəkar insanlarla bölüşmək və onların müsbət rəylərini eşitmək məni çox sevindirdi. Platformamızın əmlakçılar və əhali üçün real dəyər yaratdığına inanıram və bu gün aldığımız rəylər bunu təsdiq etdi. Bu mən və həmyaşıdlarım üçün yeni milli və qlobal startuplar, süni intellektə əsaslanan yeni layihələr üzərində işləmək üçün böyük motivasiya oldu. Mənə bu tədbirin təşkilində dəstək olduğuna görə Təhsil nazirliyinə, tədbirdə iştirak edən bütün dövlət orqanlarının və təşkilatların nümayəndələrinə, bütün iştirakçılara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, şagird tərəfindən hazırlanan əmlak platforması istifadəçilərə əmlak alqı-satqısı və kirayəsini asanlaşdırmaq üçün pulsuz təkmil texnoloji həllər təqdim edir.        

Nəşr edilib : 20.09.2024 16:35