Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda ...
17:05 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
11 avqust 2026-cı il tarixdə Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri çərçivəsində açılan layihələr təməli qoyulan obyektlər və bir gün sonra imzalanan 258 milyon manatlıq Sərəncam Naxçıvan üçün, geniş mənada, sosial-iqtisadi məzmun daşıyır. Sənaye Parkı, enerji layihələri və nəqliyyat infrastrukturu ilə yanaşı, sosial yaşayış kompleksi, mehmanxana və şəhərsalma planı kimi addımlar Naxçıvan sakinlərinin gündəlik həyatına birbaşa təsir edən vahid inkişaf mənzərəsini formalaşdırır.
Bu fikirləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova bildirib.
O qeyd edib ki, tikinti materialları, qida, kimya və metal emalı kimi sahələrdə fəaliyyətə başlayacaq Sənaye Parkının sosial-iqtisadi əhəmiyyəti, ilk növbədə, yeni iş yerlərinin yaranması ilə ölçülür. İşçi qüvvəsi ilə yanaşı, xammal təchizatı, logistika, texniki xidmət və pərakəndə ticarət kimi əlaqəli sahələrdə də əlavə məşğulluq yaranır. İstehsal olunan məhsulların yeni bazarlara çıxarılması, sahibkarlığın genişlənməsi məşğulluğun strukturunda müsbət dəyişikliyə səbəb olur. Bu isə yerli əmək bazarının canlanması və ailələrin gəlir mənbəyinin artması deməkdir. Digər tərəfdən, yerli kiçik və orta sahibkarlar üçün də yeni imkanlar açılır. Sənaye Parkında əlavə dəyər yaradan sahələrin yerləşməsi Naxçıvan iqtisadiyyatının strukturunda əhəmiyyətli sıçrayış yaradar.
O vurğulayıb ki, sənayeləşmə üçün vacib şərt olan Günəş və su elektrik stansiyalarına yönəlik investisiyalar geniş sosial-iqtisadi təsir yaradır. Bərpa olunan enerjinin inkişafı Naxçıvan üçün təkcə ekoloji məsələ deyil, həm də sənaye müəssisələrinin enerji təminatının gücləndirilməsinə, yeni investisiya imkanlarının yaranmasına xidmət edir. Sabit enerji təminatı sənaye müəssisələri ilə yanaşı, məişət səviyyəsində də mühüm əhəmiyyət daşıyır. Belə ki, kəsintisiz enerji əhalinin gündəlik həyatının rahatlığını artırmaqla, kiçik biznes subyektlərinin fasiləsiz fəaliyyətini təmin edir. Bərpa olunan enerji mənbələrinin genişlənməsi enerji xərclərinin sabitləşməsinə səbəb olur, ailə və yeni müəssisələrin büdcələrinə müsbət təsir göstərir.
Mehriban İmanovanın sözlərinə görə, Naxçıvan üçün sənaye və enerji imkanlarının real iqtisadi nəticəyə çevrilməsinin əsas şərtlərindən biri nəqliyyatdır. Prezidentin açıqlamasında Naxçıvanın gələcəkdə əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilə biləcəyi vurğulanıb. Bu fikir, əslində, Naxçıvanın iqtisadi gələcəyinə dair ən mühüm mesajlardan biridir. Çünki nəqliyyat dəhlizində yük axınının artması yeni infrastrukturun yaranmasını tələb edir və yeni sahibkarlıq subyektlərinin ortaya çıxması üçün geniş imkanlar açır. Bu məqsədlə 258 milyon manatlıq vəsaitin mühüm hissəsi kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmirinə yönəldilib ki, bu da əhalinin gündəlik məişətinə müsbət təsir edəcək. Yol infrastrukturunun yaxşılaşdırılması kənd təsərrüfatı məhsullarının vaxtında və aşağı xərclə bazara çatdırılmasını, əhalinin təhsil və səhiyyə xidmətlərinə çıxışının asanlaşmasını təmin edir.
Mehriban İmanova qeyd edib ki, Naxçıvanın gələcək iqtisadi modelində ən mühüm göstəricilərdən biri ixracın artırılmasıdır. Çünki yalnız daxili bazara xidmət edən istehsalın genişlənmə imkanları məhduddur. Dəmir yolu infrastrukturunun yenilənməsi isə Naxçıvanın həm ölkə daxilində, həm də qonşu bazarlarla əlaqələrini gücləndirəcək. Nəqliyyat bağlantılarının genişlənməsi Naxçıvanı Türk dünyasının logistika mərkəzinə çevirəcək.
Səfər çərçivəsində iqtisadi layihələrlə yanaşı, birbaşa sosial məzmun daşıyan addımların atılması və 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması güzəştli mənzil təminatına ehtiyacı olan ailələr üçün geniş fürsətlər yaradır. Eyni zamanda yeni yaşayış massivinin formalaşması nəticəsində əlavə məktəbəqədər tərbiyə və məişət xidmətlərinə tələbat da artır. Bu isə şəhərsalma prosesinin yeni mərhələsinə keçidi sürətləndirir.
Dosent bildirib ki, sosial layihələr kimi Naxçıvan Mehmanxana Kompleksinin təməlinin qoyulması da turizm və qonaqpərvərlik sahəsində yeni məşğulluq imkanları yaradır. Layihələrin həyata keçirilməsində əsas məqsəd yalnız iqtisadi göstəricilərin yüksəldilməsi deyil, eyni zamanda insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan Naxçıvan Regional DOST Mərkəzinin açılışı əhaliyə dövlət sosial xidmətlərinin vahid platformadan “bir pəncərə” prinsipi əsasında operativ və alçatan şəkildə təqdim olunmasının əsas mahiyyətini təşkil edir.
Naxçıvan şəhərinin 2044-cü ilədək Baş Planının təqdim olunması gələcək yaşayış, nəqliyyat və sosial infrastruktur layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi üçün əsas rol oynayır.
Beləliklə, ayrılan vəsaitin həcmi özlüyündə əhəmiyyətli olsa da, onun sosial-iqtisadi dəyəri daha çox yaratdığı davamlı effektlə müəyyən olunur. Bu effekt həm birbaşa, həm də dolayı sosial-iqtisadi dəyər yaradır. Belə ki, tikinti dövründə ayrılan vəsait birbaşa məşğulluq və sifariş yaratsa da, sonrakı dövrdə yaxşılaşdırılmış infrastruktur uzun illərboyu daşınma xərclərini azaldır. Daşıma xərclərinin azalması kənd təsərrüfatından tutmuş kiçik sahibkarlığa qədər geniş bir dairəyə fayda verir. Eyni ilə sosial obyektlərdə də tikinti zamanı sərf olunan xərclərin nəticəsində onların yaratdığı rifah effekti illərboyu davam edir.
Yeni iş yerləri, sabit enerji, əlçatan yollar, keyfiyyətli yaşayış şəraiti və inkişaf edən xidmət infrastrukturu birləşdikdə, Naxçıvan sakinləri üçün həm gəlir imkanları genişlənəcək, həm də gündəlik həyat şəraiti yaxşılaşacaq. Bu baxımdan, atılan addımlar Naxçıvanın yeni iqtisadi inkişaf modelinin konturlarını formalaşdırır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər