Naxçıvan Muxtar Respublikasında oktyabrın 8-nə göz...
23:31 07.10.2024
0
0
0
NAXÇIVAN :
07 Oktyabr 2024, Bazar ertəsi
2023-cü il dekabrın 9-da Azərbaycan 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Ona görə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu ilin ölkəmizdə keçirilməsinə ciddi hazırlıq işləri aparılır. Azərbaycan həm də 29-cu sessiyaya sədrlik edəcək. Bu da onunla bağlıdır ki, ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. Bu istiqamətdə muxtar respublikada da bir sıra işlər görülüb və görülməkdədir. Həmin işlərlə bağlı ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayevlə həmsöhbət olduq. Ona bir neçə sual ünvanladıq.
– Bu tədbirin keçirilməsi hansı məqsədə söykənir?
– COP dünyada ən önəmli beynəlxalq tədbirlərdən biridir və bütün bəşəriyyəti maraqlandırır. Dünyanı müxtəlif ekoloji problemlərin bürüdüyü bir vaxtda belə möhtəşəm tədbirin keçirilməsi insanlara, canlı təbiətə, flora və faunaya baxış, qlobal çətinliklərin aradan qaldırılmasında dünya dövlətlərinin fəaliyyətinin birləşdirilməsi məqsədi daşıyır. Elə buna görə də Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülür. İstixana effekti yaradan qazlarla atmosferin çirklənməsinin tənzimlənməsi, maliyyə məsələləri, ətraf mühitə dost və yaşıl texnologiyaların təşviqi və tətbiqi, tullantıların idarə olunması və bir sıra digər amillər iqlim dəyişikliklərinə təsir göstərir. Bütün dünya dövlətlərini iqlim dəyişiklikləri ilə mübarizə maraqlandırır. Lakin bir sıra dövlətlər var ki, yaşıl texnologiyaların tətbiqi üçün maliyyə imkanları kifayət etmir. Ona görə də COP tədbirində maliyyə məsələlərinə də geniş yer verilməsi məqsədəuyğun sayılır.
– 2024-cü ili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm də “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Belə bir ildə COP29-un Azərbaycanda keçirilməsi aidiyyəti qurumlar qarşısında ikiqat məsuliyyət qoyub...
– “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görüləcək tədbirlərlə bağlı iş planı hazırlanıb. Bu planda maarifləndirmə, yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində, ətraf mühitin sağlamlaşdırılması, tullantıların idarə edilməsi sahəsində tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Artıq həmin tədbirlərin böyük hissəsi başa çatıb. Mərhələlər üzrə həmin tədbirlər davam etdirilir. Belə ki, maarifləndirmə istiqamətində Batabat yaylağında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Ötən dövr ərzində qaçış və velosiped yarışları, meşələrdə, çaylarda təmizlik aksiyaları, tullantıları tingə, ekoçantaya dəyiş tədbirləri, ekodüşərgələrin salınması və yay məktəblərinin təşkili, 22 may Beynəlxalq biomüxtəliflik gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib, 16 mart 2024-cü il tarixində 1 gündə 100 min ağac əkilib. Bununla yanaşı, yeraltı suların çirklənməsinin qarşısının alınması üçün Naxçıvan şəhərinin inzibati ərazisinin mərkəzi kanalizasiya şəbəkəsinin rəqəmsal xəritəsi hazırlanıb, bu şəbəkəyə qoşulmayan yaşayış və qeyri-yaşayış obyektləri müəyyənləşdirilib və neqativ təsirlərin aradan qaldırılması üçün hüquqi prosedurlara başlanılıb. Naxçıvan Muxtar Respublikasının İqlim xəritəsi tərtib olunub. Zəngəzur Milli Parkının zonalaşdırılması xəritəsi hazırlanaraq Azərbaycan Respublikasının Baş naziri tərəfindən təsdiq edilib. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən bu yaxınlarda “Əlincədağ”a dövlət təbiət abidəsi statusu verilib. Cari ilin 5 iyun tarixində ekokönüllülərin və “yaşıl dünya” könüllülərinin Zəngəzur Milli Parkı ərazisinə ekskursiyaları təşkil edilib. Tədbir iştirakçılarına Milli Parkın fauna və florası, ekoturizmi haqqında məlumatlar verilib. Xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı videoçarx nümayiş etdirilib.
– Yaşıllaşdırma və bioloji müxtəliflik istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsinin də şahidiyik. Bu barədə nə deyə bilərsiniz?
– İlk olaraq onu qeyd edim ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyaları reallaşıb; 431,6 ha sahədə meşəsalma və meşəbərpa və toxumla əkin tədbirləri görülüb, 170 min müxtəlif meşə və meyvə tingi əkilib. Bu sırada həyata keçirdiyimiz digər tədbirləri də vurğulaya bilərik. Belə ki, Beynəlxalq bioloji müxtəliflik günü ilə bağlı Təhsil Nazirliyi ilə birgə elmi-praktiki konfrans keçirilib, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsi çərçivəsində Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının ümumtəhsil məktəblərinin ərazilərində keçirilmiş ağacəkmə aksiyalarında 4300 meyvə və dekorativ ağac əkilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, özəl təşkilatlar, yerli özünüidarəetmə orqanları və fiziki şəxslər bu prosesdə fəallıq göstəriblər. Təşkilatlar və fiziki şəxslər tərəfindən bir gündə 108 min ağac əkilib. Eyni zamanda Naxçıvan-Şahbuz avtomobil yolunun kənarında 1,1 ha sahədə salınmış media bağında (“Əkinçi” bağı) 1000 ağac əkilib. Onu da qeyd edim ki, fauna növlərinin tarixi areallarına reintroduksiyası ilə bağlı proqram hazırlanıb. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının zonalaşdırılması xəritəsi hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılıb.
Sentyabr ayında Türkiyə Respublikasından 150 min ədəd balıq körpələri gətirilərək Heydər Əliyev və Uzunoba Su anbarlarına buraxılacaqdır.
– Bəs ətraf mühitin sağlamlaşdırılması tədbirləri barədə nə deyə bilərsiniz?
– Bu istiqamətdə görülən işlər də az deyil və insanlarımızın sağlamlığının qorunması məqsədi daşıyır. Xüsusi vurğulamaq istərdim ki, ötən müddət ərzində 51 müəssisədə qaztutucu, toztutucu qurğu quraşdırılıb və 14 müəssisə barəsində cərimə tətbiq olunub, 200 müəssisəyə məcburi göstəriş verilib. Ətraf mühitin mühafizəsi ilə əlaqədar 1023 reyd-yoxlama keçirilib, 115 inzibati xəta halı qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Energetika Xidmətinə Külək Elektrik Stansiyasının yaradılması ilə bağlı Culfa rayonu ərazisi tövsiyə olunub və illər üzrə küləyin sürəti haqqında məlumatlar təqdim edilib. Naxçıvan şəhərində 688 hektar və Şərur rayonunda isə 1163 hektar torpaq sahəsində Günəş Elektrik Stansiyasının tikintisinin həyata keçirilməsi üçün nazirlik tərəfindən torpaq sahəsinin ayrılması məqsədilə dövlət ekoloji ekspertiza rəyləri verilib. Su hövzələrində monitorinqlər aparılması da diqqətdə saxlanılıb. Araz çayından, Arpaçaydan, Şir arxından, Araz və Arpaçay Su anbarlarından, Heydər Əliyev Su Anbarından, Qanlı göldən, Uzunoba gölündən, Sirab gölündən və Bənəniyar gölündən su nümunələri götürülüb, ilkin laborator analizlər aparılıb.
– Tədbirlər Planında tullantıların idarə edilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icra olunması hansı səviyyədədir?
Öncə bunu qeyd etməliyəm ki, muxtar respublikada formalaşan tullantılar təhlükəli və bərk məişət tullantılarından ibarətdir. İnsan sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından bu tullantıların idarə edilməsi fərqli yanaşmalar tələb edir. Ona görə də Naxçıvanda təhlükəli və bərk məişət tullantılarının idarə edilməsi üçün 2 poliqonun qurulması istiqamətində işlər aparılır.
Hazırda təhlükəli tullantılar poliqonunun podratçı şirkət tərəfindən layihə-smeta sənədlərinin hazırlanması yekunlaşma mərhələsindədir. Burada geomembran qatla ətraf mühitdən təcrid edilməklə tikiləcək 30 min kubmetr həcmində hücrədə təhlükəli tullantıların bir qismi basdırılmaqla, bir qismi isə saatda 2,5 kubmetr yandırma gücünə malik qurğuda (insilerator) yandırılmaqla zərərsizləşdiriləcəkdir.
Bərk məişət tullantılarının idarə edilməsinə gəlincə emal müsəssisənin yaradılması üçün konsept təklifləri və tullantıdan enerji alınması məqsədilə TİƏ sənədi hazırlanıb. Bir mərkəzi poliqonun 4 ötürücü məntəqənin və tullantıların çeşidlənməsi zavodunun layihələndirilməsi üçün texniki tapşırıq yekunlaşdırılıb, qiymət təklifi alınıb. Buna paralel topoqrafiya işləri görülüb, torpaq ayırma üçün aidiyyəti üzrə müraciət edilib.
22 avqust 2024-cü il tarixdə layihə-smeta sənədlərinin hazırlanması üçün tender elanı verilib. Tullantıların idarə edilməsi sahəsində isə Hacıvar və Xəlilli kəndləri ərazilərində mədən tullantılarının və tikintidə formalaşan quruntun yerləşdirilməsi məqsədilə yerlər müəyyənləşdirilib. Tullantıların yerləşdirilməsi və rekultivasiya olunması üçün tələblər qoyulub. Biçənək, Bist və Tillək meşələrində payız mövsümündə formalaşan bitki mənşəli (xəzəl) tullantılardan kompost gübrələrin alınması üçün tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda avtomobillərin utilizasiyası üçün investor cəlb edilib və infrastruktur formalaşdırılıb.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”.
– Müsahibəyə görə təşəkkür edirik.
Aygün RÜSTƏMOVA
Digər xəbərlər