FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müra...
19:20 26.07.2026
0
0
0
NAXÇIVAN :
27 Iyul 2026, Bazar ertəsi
A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında "Yayın sehrli səhifələri" layihəsi çərçivəsində "Vətənin balaca qəhrəmanları" adlı ikinci master-klass keçirilib. Tədbir şəhid və qazi ailələrinin övladları, eləcə də digər uşaqların iştirakı ilə baş tutub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, tədbiri giriş sözü ilə A. Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Ruzi Süleymanov açaraq uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlı böyüməsinin və mütaliəyə marağının artırılmasının əhəmiyyətindən bəhs edib.
Master-klass çərçivəsində uşaqlar üçün "Sehrli nağıl sandığı" adlı maraqlı fəaliyyət təşkil olunub. Balaca iştirakçılar sandıqdan seçdikləri əşyalar vasitəsilə nağıl qəhrəmanlarını tanıyıb, oxuduqları nağıllar haqqında fikirlərini bölüşüblər.
Daha sonra uşaqların təqdimatında "Qəhrəmanlarımızın əmanəti" adlı səhnəcik nümayiş olunub. Səhnəcikdə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı, onların gələcək nəsillərə miras qoyduğu vətən sevgisi, birlik və həmrəylik kimi ali dəyərlər bədii şəkildə canlandırılıb.
Tədbir "Kitab dünyasına səyahət" adlı maarifləndirici hissə ilə davam edib. Master-klass çərçivəsində uşaqların iştirakı ilə "Bütöv Azərbaycan" adlı səhnəcik də nümayiş etdirilib.
Tədbirin əyləncəli hissəsində "Sual dolu şarlar" və "Maraqlı oyunlar dünyası" adlı interaktiv oyunlar keçirilib.
Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Master-klass uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, kitaba və mütaliəyə marağın artırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub və iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.
Digər xəbərlər