NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan teatrnın 142-ci mövsümünün açılış mərasimi keçirilib

...

Sentyabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli  Dram Teatrında Naxçıvan teatrının 142-ci mövsümünün açılış mərasimi keçirilib. Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvan teatrının keçdiyi inkişaf yolundan, ölkəmizdə teatrın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi çərcivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. 
Ölkə başçısının  “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyasının yaradıldığını diqqətə çatdıran Həsən Seyidov yeni mövsümdə qarşıya qoyulan məqsədlərdən də danışıb. 
 
Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Mirqabil Əkbərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Səməd Canbaxşiyev rejissor, Azər Cəfərli isə musiqi tərtibatçısıdır. Tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada Xalq artistləri – Rza Xudiyev, Yasəmən Ramazanova, Həsən Ağasoy, Əməkdar artistlər – Səməd Canbaxşiyev, Günay Qurbanova, Bəhruz Haxverdiyev və Əbülfəz İmanovla yanaşı, Uğur Nəsirli,  Məmməd Mehdiyev, Nurlan Sultanlı, Ləman Vəliyeva, Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Cəbrayıl Nəbiyev, Anar Eyvazov, Saynur Babayev  və digər aktyorlar rol alıb. 

 Qeyd edək ki,  “Ölülər” adlı tamaşa Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyinə həsr olunub.

Sonda tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Nəşr edilib : 20.09.2024 22:01