NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan teatrının yorulmaz tədqiqatçısı

...

Səksən bahar, səksən qış, səksən yay və səksən payız gəlib keçdi ömürdən. Bu illər köçəri quşlar kimi pərvazlanıb uçub getdilər. Belə məqamlarda insan istər-istəməz düşünür, geridə qalmış acılı-şirinli, enişli-yoxuşlu xatirələrə dönmüş ömür yoluna nəzər salır. Səksən yaşın tamam olması insan ömrünün ən xoşbəxt məqamıdır. Kamillik dövrüdür. Həmkarımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov da səksən yaşı yola salır. Ömrünün 81-ci baharını qarşılayır.

Neçə illərdir ki, Əli müəllimlə bir cəbhədə çalışırıq. Dərd-sərimiz də bir olub, toylu-büsatlı günlərimiz də. Əli Qəhrəmanov 1973-cü il noyabr ayının 1-dən taleyini o vaxt Naxçıvan Regional Elm Mərkəzi adlanan AMEA-nın Naxçıvan Bölməsi ilə bağlayıb. Bu gün də həmin elm ocağında çalışır, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiridir. Bu mötəbər elm müəssisəsinin ağsaqqallarından biridir. Səmimi rəftarı, çalışqanlığı, təmkini ilə daşıdığı ağsaqqallıq missiyasını şərəflə doğruldur.
Bir qədər ötən illərə nəzər salıb Əli müəllimin ömür kitabının bəzi məqamlarını yada salaq. Əli Kətən oğlu Qəhrəmanov 1946-cı il aprel ayının 6-da Şahbuz rayonunun səfalı Biçənək kəndində anadan olmuşdur. Atası Kətən kişi təsərrüfat işləri ilə məşğul olmuş və övladlarını halal zəhmətlə böyütmüşdür. Kətən kişinin    6 övladı olub – 3 qız və 3 oğlan. Əli müəllim də bunların sonbeşiyidir. Ailənin “sonbeşiyi” olan Əli müəllimin özü bu gün 4 övlad, 7 nəvə sahibidir.
Əli müəllim orta təhsilini Biçənək və Şahbuz qəsəbə məktəblərində alıb və sonra ozamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) Dil-ədəbiyyat fakültəsində oxuyub (1965-1970), Ukraynada hərbi xidmətdə olub. Ağbulaq, Aşağı Qışlaq və Biçənək kənd məktəblərində müəllim işləyib, Şahbuz Rayon Komsomol Komitəsinin təşkilat şöbəsinin müdiri olub və yuxarıda qeyd etdiyimiz kimi, 1973-cü il noyabr ayının 1-dən Ulu Öndərimizin tövsiyəsi ilə yeni yaradılan Naxçıvan Regional Elm Mərkəzində fəaliyyətə başlayıb.
Əli Qəhrəmanovun qısa tərcümeyi-halı bu şəkildədir. Bu lakonik iş və zəhmətlə yoğrulan ömür yolu ilk baxışdan kiçik görünə bilər. Amma illərə vursaq, rəqəm sayı çox görünər. 80 illik ömrün 50 ilindən çoxu işgüzar fəaliyyətdə, arxivlərdə, ayrı-ayrı kitabxanalarda, teatr tamaşalarında, konsert və sərgi salonlarında, müxtəlif sənətkarlarla görüşlərdə keçib.
Əli müəllimin doğma bir mövzusu var: bu, teatr və sənətdir. O yalnız bu dünyanın insanlarından, sənətin ecazkar aləmindən ürəkdolusu yazır. Naxçıvan teatrının dünənini tədqiq edir, bu gününü müstəqillik duyğularının sevinci ilə qələmə alır. Teatrşünas səriştəsi ilə bu işə girişir. Məhz bunun nəticəsi idi ki, o, 1987-ci ildə Özbəkistanın Daşkənd Sənətşünaslıq İnstitutunda “Naxçıvan teatrının tarixi və inkişaf yolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Bu elmi dərəcəni alan zaman Əli müəllim cavan idi. Elə o vaxtlardan işgüzarlıq, çalışmaq, yaratmaq həvəsi onun həyat kredosuna çevrilmiş, eyni şəkildə davam etməkdədir. Biz elmi əməkdaşlar bu gün 80 yaşını tamamlayan bu tanınmış elm adamının işinə, elmi fəaliyyətinə necə prinsipiallıqla yanaşdığının, necə tədqiqatlar apardığının, sanballı məqalələr yazdığının canlı şahidləriyik.
Elə ilk gündən biz Əli müəllimi belə tanımışıq: işgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli. İctimai işlərdə fədakarlıq göstərən, dostlara, yaxınlara isti münasibətli. Açıq etiraf edək ki, o, xoş və səmimi rəftarı, şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaratmışdır. Təbii ki, bu xarakter onun mənəvi dəyəridir. Dahilərdən biri deyib ki, yaxşı ürək ən böyük xəzinədir. Bax, bu baxımdan, Əli Qəhrəmanov xoşbəxt insandır. Ona görə ki, qəlbi, hissiyyatı, mənəvi aləmi sağlamdır. Ona görə ki, dostlara, yaxınlara qarşı çox həssas və diqqətcildir. Bir də ona görə ki, o, sözünə də, işinə də sadiq insandır. Bu keyfiyyətlər bir toplu halında birləşəndə ortada çox maraqlı bir insan obrazı yaranır.
Əlli ildən artıqdır ki, Əli Qəhrəmanov mədəniyyət, sənət aləmini öyrənir, Naxçıvan teatrının tarixini araşdırır, qaranlıq səhifələri üzə çıxarır və müxtəlif qəzet-jurnallarda, elmi məcmuələrdə maraqlı yazılar dərc etdirir. Naxçıvan teatrının inkişaf yolunu, tarixini kompleks şəkildə tədqiq edir. Elə bunun nəticəsidir ki, onun 2004-cü ildə çap etdirdiyi “C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı” adlı irihəcmli ilk tədqiqat əsəri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı. Bu kitab 30 illik gərgin və yaradıcı əməyin qiymətli məhsuludur. Bundan bir az sonra, 2008-ci ildə nəşr olunmuş “Naxçıvan teatrı: intibah yollarında (1883-1920)” kitabı da həmin problemin tədqiqinin davamı kimi diqqəti cəlb etmişdir. Daha sonra 2010-cu ildə dosent Ə.Qəhrəmanovun “Naxçıvan teatrının salnaməsi” adlı fundamental əsəri meydana çıxdı. Bu kitabda qədim Naxçıvan diyarının mədəniyyət tarixinin qaynaqları, mədəniyyət ocağı olan teatrımızın inkişaf yolu, onun xalqımızın inkişafındakı rolu qiymətli arxiv materialları əsasında izlənir. Əli müəllimin “Naxçıvan teatrı müstəqillik illərində” əsərində də müstəqillik dövründə Naxçıvanın teatr mühiti, mədəni həyatımızın inkişaf məsələləri işıqlandırılmışdır. 
Sənətşünas alimin “Hüseyn Cavid və Naxçıvan teatrı”, “Naxçıvan teatrına dair tədqiqlər”, “Naxçıvan teatrı “Şərq qapısı” qəzetinin səhifələrində” adlı əsərlərində başda romantik şairimiz H.Cavid olmaqla yerli dramaturqların Naxçıvan teatrının inkişafındakı xidmətləri ilk dəfə kompleks şəkildə elmi-tədqiqata cəlb olunmuşdur. Son illərdə alim qədim ənənələrə malik olan Naxçıvan teatr sənətini daha hərtərəfli şəkildə araşdırmaqdadır. Bu baxımdan, alimin “Naxçıvan teatrında rejissor sənəti” və “Naxçıvan teatrında rəssam işi” kimi tədqiqat əsərləri Azərbaycan teatrşünaslığının öyrənilməsinə böyük töhfə hesab oluna bilər.
Onu da qeyd edək ki, Əli müəllimin tədqiqatlarında Naxçıvan torpağının yetirməsi olan xarici ölkələrdə yaşamış sənət adamlarının yaradıcılıq yolunun öyrənilməsi də xüsusi yer tutur. Məhz Əli müəllimin araşdırmaları sayəsində XX əsrin əvvəllərində Cənubi Azərbaycanda, qədim mədəniyyət beşiyi Təbrizdə yaşamış Böyükxan Naxçıvanlının buradakı teatr mühitinin inkişafındakı xidmətləri geniş ictimaiyyətə məlum olmuşdur. Onun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” əsəri də məhz kökləri qədim dövrlərə gedib çıxan Naxçıvan-Təbriz mədəni əlaqələrinin öyrənilməsi baxımından böyük elmi-mədəni əhəmiyyət kəsb edir. Yenə onun Naxçıvanda anadan olmuş, rəssamlıq sənətini məşhur Əlibəy Hüseynzadənin oğlu, görkəmli fırça ustası Səlim Turanla keçən əsrdə qardaş ölkədə inkişaf etdirən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkən sənət adamı, qardaş ölkənin rəssamlıq sənətinin inkişafında böyük xidmətlər göstərmiş İbrahim Səfi haqqındakı araşdırmaları mədəniyyətimizin tarixinin öyrənilməsində, Naxçıvan mədəni mühitinin öyrənilməsində önəmli qaynaqlardan biri kimi diqqətəlayiqdir.
Neçə onilliklər bundan öncə tanıdığımız teatrşünas Əli Qəhrəmanov ömür təqviminin 81-ci baharına qədəm qoyur. İlk tanışlığımızdan xeyli illər, aylar ötüb. Hər birimiz ata olmuşuq, qız köçürüb gəlin gətirmişik, baba olmuşuq. Məlumdur ki, şaxtalı, soyuqlu, çovğunlu qışdan sonra gül-çiçəkli, laləli-nərgizli bahar gəlir. Əli müəllim də baharda dünyaya gəlib. Bu baharda biz institut əməkdaşları Əli müəllimin 80 illik ömür yolunu sevincli notlarla qeyd edirik.  81-ci baharın da, dünyaya gəlişin də mübarək, Əli müəllim!

Əbülfəz QULİYEV
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

 

Nəşr edilib : 06.04.2026 08:56