Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” adlı kitabı nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, müəllifin yeni kitabında Naxçıvan teatrının zəngin fəaliyyəti, oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, Naxçıvan torpağında yaşayıb-yaratmış teatr rəssamlarının ölkə sərhədlərini aşan bədii nümunələri, eləcə də rəssamlıq işinin dövrlər üzrə geniş təhlili əks olunub.
Onu da qeyd edək ki, Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” adlı kitabı 5 fəsildən ibarətdir.
Kitabın “XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan teatrında rəssamlıq sənəti (1883-1920)” adlı I fəslində Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, Naxçıvan tamaşalarına gətirilən yeniliklərdən bəhs edilir.
“Naxçıvan teatrında Bəhruz bəy Kəngərli bədii irsinin davamçıları (1921-1940)” adlı II fəsildə Bəhruz Kəngərli məktəbinin yetirməsi olan Adil Qazıyev, Şamil Qazıyev və Nağı Nağıyevin fəaliyyəti əks olunub.
“İkinci Dünya Müharibəsi və sonrakı mərhələdə Naxçıvan teatrında rəssamlıq sənəti (1941-1963)” adlı III fəsildə Əyyub Hüseynov, Məmməd Qasımov və Şəmil Mustafayev kimi sənətkarlarımızın yaradıcılıq yoluna nəzər salınır.
IV fəsildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında rəssamlıq sənətini öz yaradıcı fəaliyyətləri ilə inkişaf etdirən Məmmədəli İsmayılov, Yuran Məmmədov, Mircəlil Seyidov və Əli Səfərovun bədii tərtibatlarından bəhs edilir.
“Müstəqilllik illərində Naxçıvan teatrında rəssamlıq sənəti (1991-2024)” adlı V fəsildə Naxçıvan teatrını çiçəkləndirən Əbülfəz Axundov, Hüseynqulu Əliyev və Səyyad Bayramovun yaradıcılıq texnikalarına aydınlıq gətirilir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 344 səhifəlik kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, rəyçiləri isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları, dosent Cavid İsmayılov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Allahverdiyeva, sənətşünas, rəssam Şəmsiyyə Zalovadır.
Naxçıvanda rəssamlıq sənəti, onun keçdiyi şərəfli yol, teatr rəssamlarının həyat və yaradıcılıq fəaliyyəti kimi məsələlərin ətraflı tədqiqi baxımından monoqrafiyanın əhəmiyyəti böyükdür.
Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” adlı oxuculara təqdim etdiyi kitabı bu sahəyə maraq göstərən alimlər, dissertantlar, tələbə və magistrlər üçün dəyərli mənbədir.
Digər xəbərlər