Qadınlarla bağlı növbəti maarifləndirici tədbir ke...
22:06 21.04.2025
0
0
0
NAXÇIVAN :
22 Aprel 2025, Çərşənbə axşamı
Haradan başlayasan bu sehrli diyarı təsvir etməyə? Keçmişindən, sarsılmaz iradəsindən, yoxsa dağlarına hopmuş əsrlərin nəfəsindən? Naxçıvan, sadəcə, bir şəhər deyil, o, tariximizin qızıl səhifəsidir. Təkcə 101 illik muxtariyyət tarixi ilə yox, minilliklər boyu bu torpaqda yaşayan insanların daş üstünə qoyduğu daşla, dözümlülük və zəka ilə dəyərlidir.
Naxçıvanın adını eşidən hər kəsin zehnində ilk canlanan obraz, bəlkə də, Nuh Peyğəmbərin əfsanəsi olur. Rəvayətə görə, Nuhun gəmisi tufandan sonra Naxçıvandakı Haçadağda dayanıb. Elə buna görə də Naxçıvan “Nuhun məskəni” adlandırılıb. Bu əfsanə təkcə dini bir inanc deyil, həm də Naxçıvanın insanlığın ən qədim yaşayış məskənlərindən biri olduğunu göstərir.
Naxçıvan tarixboyu sanki İbrahim peyğəmbərtək mancanağa qoyularaq od-alovun içərisinə atılmış, lakin həmin od-alova baxmayaraq, gülüstana çevrilmişdir... VII əsrdə ərəb işğalları, XI-XII əsrlərdə Səlcuqlar və Atabəylər dövrlərində mədəni çiçəklənmə, XIV əsrdə Əmir Teymurun yürüşləri, sonra Səfəvilər və Osmanlılar arasında gedən mübarizələr bu torpağın hər daşına iz qoyub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına baxmayaraq, Naxçıvan əhalisi mübarizəsini dayandırmadı. Nəhayət, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradıldı. O gündən etibarən bu torpaq Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi inkişaf etməyə başladı.
Naxçıvanın hər guşəsi tarixin izlərini daşıyır. Burada hər tikili bir mədəniyyət yadigarı, hər qalanın divarları bir döyüşün, bir qəhrəmanlığın şahididir.
Möminə xatın türbəsi... XII əsrin incisi, Naxçıvan memarlıq məktəbinin şah əsəri... Atabəy hökmdarı Şəmsəddin Eldəniz bu türbəni sevimli həyat yoldaşı Möminə xatının əziz xatirəsinə ucaltdı. Memar Əcəmi Naxçıvani bu möhtəşəm abidəni elə inşa etdi ki, əsrlər keçsə də, bu sənət əsəri öz əzəmətini qorumağa davam edir.
Əlincə dağının zirvəsində ucalan məğrur qala isə əsrlərboyu fatehlərə müqavimət göstərib. XIV əsrdə Əmir Teymurun ordusu bu qalaya hücum etsə də, burada yaşayan döyüşçülər onlara qarşı illərlə mübarizə aparıb. Bu gün Əlincə qalası Naxçıvanın milli qürurunun simvoluna çevrilib.
Naxçıvan təkcə tarixi abidələri ilə yox, həm də bənzərsiz təbiəti ilə insanı valeh edir. Burada dağlar sanki tarixə şahidlik edən sükut qüllələridir.
Naxçıvanın rəmzlərindən birinə çevrilən Haçadağ... İkizirvəli bu dağ sanki qədim əjdahanın qılınc kimi parlayan silueti kimidir. Haçadağ həm əfsanələrlə, həm də qədim inanclarla bağlıdır.
Ayna kimi təsviri ilə ecazkar mənzərəsini əks etdirən Batabat gölü, bir qrup insana güman yeri, sığınacaq olmuş qədim Əshabi-kəhf qayalıqları...
Keçmişə sadiq qalaraq gələcəyə addımlayan Naxçıvan bu gün də Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biridir. Enerji sahəsində qazandığı uğurlar, “yaşıl enerji” layihələri, müasir şəhərsalma prosesi bu torpağı daha da gözəlləşdirir.
101 il tarix üçün qısa bir zaman kəsiyi olsa da, Naxçıvan bu illər ərzində dəfələrlə sübut etdi ki, o, mübarizə, inkişaf və qürur torpağıdır. O təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının bir mirasıdır.
Bu gün, muxtariyyətin 101-ci ildönümündə biz yalnız bu torpağın keçmişini deyil, gələcəyini də düşünürük. Çünki Naxçıvan yalnız daşlardan və binalardan ibarət deyil, o, ruhu, tarixi və gələcəyi ilə yaşayan bir Vətəndir.
Və bu Vətən əsrlərboyu var olacaq...
Rafiq TƏHMƏZ
Digər xəbərlər