Azərbaycan səfiri Gürcüstanın ədliyyə naziri ilə g...
14:58 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə 2-ci kurs tələbələri Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən “Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransı”nda iştirak edərək I yerə layiq görülüblər. Həmin tələbələrdən Şövkət Əlisoy, Zahidə Allahverdiyeva, Zeynəb Əliyeva ilə redaksiyamızda görüşüb onların konfransla bağlı təəssüratlarını öyrəndik. Tələbələrin dediklərindən: – Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olan Səmərqənddə beynəlxalq elmi-praktiki konfransda iştirak edərək universitetimizi layiqincə təmsil etmək tələbəlik dövrümüzün ən unudulmaz, qürurverici anlarından birinə çevrildi. Konfrans zamanı dünyanın müxtəlif ölkələrindən 35 universitetin tələbələri ilə ünsiyyətdə olma imkanı əldə etdik ki, bu da bizə yeni dostluqlar, yeni təcrübələrin qapısını açdı. Açılış konfransında hörmətli rektorumuz Elbrus İsayevə “Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomunun təqdim edilməsinə canlı şahid olmağımız isə qürur hissi ilə yadda qaldı. Öz diqqət və qayğısını tələbələrdən əsirgəməyən, hər zaman tələbələrin yanında olan rektorumuzun nitqi bizə daha həvəslə çıxış etməyimiz üçün stimul verdi.
Konfrans zamanı professor və müəllim heyəti ilə söhbətlərimiz zamanı yeni biliklər qazanmaq, onların tövsiyələrindən yararlanmaq şansı əldə etdik. Konfrans bizə təkcə elmi təcrübə deyil, həmçinin müxtəlif mədəniyyətləri, adət-ənənələri öyrənmək imkanı yaratdı. Səmərqənd şəhərini gəzərkən abidələrin qədim diyarımız Naxçıvanın memarlıq motivləri ilə yaxınlığı şəhəri bizə daha doğma etdi. Göz oxşayan mənzərələri, tarix qoxan türbələri səfərimizi xoş bir xatirə olaraq yaddaşımıza yazdı. Hər bir küncdə tarixlə nəfəs alan Səmərqənd, öz mistik aurası ilə elə bil, bizi uzaq əsrlərə aparır, elm və mədəniyyətin beşiyi olan bu torpağın ruhunu duymağa imkan verirdi.
Tələbələr bildirdilər: “Konfransda I yerə layiq görülməyimiz təsadüfi deyil. Bu uğurun arxasında dərin araşdırma və xüsusi zəhmət dayanır. 1-ci yerin elan olunduğu o an – zəhmətimizin bəhrəsini aldığımız, universitetimizin adını fəxrlə səsləndirdiyimiz an bizim üçün, sadəcə, bir nəticə deyil, böyük bir məsuliyyətin başlanğıcı oldu. Həmin anın yaşatdığı sevinc, həyəcan və qürur bizə bir daha sübut etdi ki, elm və əzmkarlıqla silahlanmış gənclər qarşılarına qoyduqları istənilən hədəfə çata bilərlər. Gələcəkdə daha böyük miqyaslı elmi-tədqiqat layihələrində yer almaq və elmin sərhədlərini aşaraq insanlığa fayda gətirəcək araşdırmalara imza atmaq başlıca hədəflərimizdəndir”.
Eyni zamanda arzumuz odur ki, qazandığımız bu uğurun yaratdığı müsbət emosiyalar – qürur, inam və sevinc bizimlə hər zaman birgə olsun. Bundan sonra da daha çox uğurlara addımlayaraq doğma universitetimizi beynəlxalq arenada layiqincə təmsil edəcəyik, bu yolda yorulmadan çalışacağıq!
Söhbət zamanı tələbələr onu da bildirdilər ki, Səmərqənd yalnız daşlarda və divarlarda qalmış bir keçmiş deyil, o həm də bu gün də canlı şəkildə yaşadılan mədəniyyətin, elmin və sənətin şəhəridir. Səmərqənddən qəlbimizdə yalnız diplom və mükafat deyil, həm də bu qədim şəhərin unudulmaz təəssüratları və ruhumuza hopmuş gözəlliyi ilə ayrıldıq.
Biz də dünyanın 35 universitetinin tələbələri arasında adlarını qaliblər sırasına yazdıra bilmiş gənclərimizə davamlı uğur və müvəffəqiyətlər arzu edirik!
Bülbül QULİYEVA
Digər xəbərlər