NAXÇIVAN :

30 May 2026, Şənbə

Naxçıvan tamaşaçısı tərəfindən böyük maraqla qarşılanmaq bizi çox sevindirir

...

Naxçıvanda artıq ikinci dəfədir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən "Şam işığında retro axşamı" konserti tamaşaçılar tərəfindən yenidən böyük maraqla qarşılanıb. Böyük rəğbət qazanan konsert izləyici sayını nəzərə alaraq iki seans şəklində keçirilib. Birinci seansdan sonra konsert heyəti öz təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşüb.
Azərbaycanın ilk "Şam işığında" konsertlərinin Naxçıvan üzrə icraçı direktoru Vəli Babayev:
“Bu gün biz Naxçıvanda Azərbaycanın ilk yerli "Şam işığında" konsertlərinin təşkilatçılığı ilə böyük bir konsert keçirdik. Çox məmnunuq ki, tamaşaçılarımızın bu cür konsertlərə marağı var və biletlərimiz hər dəfəsində qısa müddətdə tükənir. Konsertimiz çox maraqlı keçdi, hətta tamaşaçılar da musiqiçilərə qoşulub retro mahnıları ifa edirdilər. Ümid edirəm ki, qısa müddətdə yenidən Naxçıvan tamaşaçısı ilə daha böyük bir səhnədə görüşəcəyik. İlk dəfə Naxçıvanda "Şam işığında" konserti 2025-ci ildə keçirildi. O zamandan biz Naxçıvan tamaşaçılarının "Şam işığında" konsertinə böyük maraq göstərdiyini gördük və bu ilin may ayı üçün, yəni bu gün ard-arda iki seansdan ibarət konsert təşkil etdik. Hər iki seansın biletləri qısa müddətdə tükəndi, bu cür maraqla qarşılanmaq isə bizi çox sevindirir”.
Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Dövlət Filarmoniyasının solisti Nurlana Abdullayeva:
“Bu axşam bu gözəl məkanda –Naxçıvan Dövlət Milli Dram Teatrında musiqiçilərimizlə birlikdə Naxçıvan tamaşaçıları üçün retro mahnılardan ibarət konsert verməyə gəlmişik. Naxçıvan tamaşaçısına qarşı çox xoş təəssüratlarım var. Onların bu cür gözəl musiqi sevər bir ruhunun olduğunu bu gün bir daha canlı-canlı gördüm. Ümid edirəm ki, bir daha bu gözəl diyarda yenidən daha böyük konsertlərdə görüşəcəyik”.
Azərbaycan Dövlət Akademik  Filarmoniyasının artisti və "Candlelight Retro" layihəsinin solisti Ərəstun Quliyev:
“Bundan əvvəl bir neçə konsertimiz Bakı şəhərində olmuşdu. Əvvəl Sumqayıtda çıxış etdik, sonra isə Gəncədə. Naxçıvan çıxışına isə xüsusi olaraq hazırlaşırdıq, çünki bilirdik ki, naxçıvanlıların musiqi duyumu və sevgisi çox böyükdür, ona görə həyəcanımız çox idi. Buna baxmayaraq, Naxçıvan tamaşaçısı bizi ruhlandırdı və konsertimiz çox uğurlu nəticələndi”.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 29.05.2026 22:47