NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan şivələrinin kompleks şəkildə tədqiqinə həsr olunan yeni monoqrafiya

...

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan şivələri (fonetika, morfologiya, sintaksis)” adlı monoqrafiyasının ilk cildi nəşr olunub.
Əsərin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, rəyçiləri professorlar İbrahim Bayramov və Məhərrəm Məmmədlidir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan monoqrafiya filologiya elmləri doktoru, professor İbrahim Bayramovun yazdığı “Naxçıvan şivələrinin yeni aspektdə araşdırılması” başlıqlı ön sözlə başlayır.
Əsər giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiyada Naxçıvan şivələri fonetik, morfoloji və sintaktik cəhətdən araşdırmaya cəlb olunub. Tədqiqat təsviri, müqayisəli və tarixi-müqayisəli metodlardan istifadə olunmaqla aparılıb. Müəllif Naxçıvan şivələrinin fonetika və qrammatikasına dair faktları qədim yazılı abidələrimiz, ilk anadilli nümunələrimiz, qohum dillər və onların dialektləri müstəvisində izah edib. 
Kitabın “Giriş”ində müasir dünyada gedən proseslər, əhalinin savadlılıq səviyyəsinin yüksəlməsi və elmi-texniki tərəqqinin şivələrimiz üzərindəki təsiri diqqətə çatdırılır. Şivələrin öyrənilməsi, toplanaraq gələcək nəsillərə ötürülməsi müasir Azərbaycan dilçiliyi qarşısında duran mühüm vəzifələrdən biri kimi səciyyələndirilir. Bu baxımdan Naxçıvan şivələrin aktuallığı qeyd olunur. 
Naxçıvan şivələrində dilimizin keçdiyi inkişafın qədim dövrlərinə aid çoxlu miqdarda dil faktlarının qorunub saxlandığını ifadə edən tədqiqatçı Naxçıvan şivələrinin tədqiqi tarixinə nəzər salır.
İlk fəsil “Naxçıvan şivələrinin fonetikası” adlanır. Bu fəsil “Saitlər”, “Samitlər”, “Səs əvəzlənmələri” və “Fonetik qanun və hadisələr” başlıqlı yarımfəsillərdən ibarətdir. Birinci fəsildə Naxçıvan şivələri fonetikasının xüsusiyyətləri, sait və samit səslər, səs əvəzlənmələri, fonetik hadisələr, ahəng qanununun təzahür formaları dərindən öyrənilir. Naxçıvan şivələri fonetikası ilə Azərbaycan dilinin digər şivələrinin fonetikası arasındakı fərqlilik konkret nümunələr əsasında izah edilir.
Monoqrafiyanın “Naxçıvan şivələrinin morfologiyası” adlanan ikinci fəslində Naxçıvan şivələrinin morfologiyası, morfoloji xüsusiyyətləri, eləcə də nitq hissələri dialektoloji baxımdan araşdırılır. Hər bir nitq hissəsinin ayrı-ayrılıqda tədqiq olunduğu bölmələrdə dilimizin digər şivələrindən fərqli əlamətlər üzə çıxarılır.
Kitabın sonuncu fəsli isə “Naxçıvan şivələrinin sintaksisi” mövzusunu əhatə edir.  Burada təyini söz birləşmələrində nəzərə çarpan sintaktik fərqliliklər, habelə cümlə üzvləri arasındakı inversiya hadisəsi ilə bağlı tədqiqatlara yer verilib. Səciyyəvi sintaktik xüsusiyyətləri ilə fərqlənən Naxçıvan şivələri sintaktik baxımdan araşdırılır, irəli sürülən fikirlər nümunələr əsasında təsdiq olunur.
Monoqrafiyanın sonunda Nuray Əliyeva tədqiqat zamanı əldə etdiyi elmi nəticələri ümumiləşdirib. Alim monoqrafiyanı yazarkən 150-dən artıq mənbədən istifadə edib.
Qeyd edək ki, müəllif Nuray Əliyeva monoqrafiyanın artıq ikinci cildi üzərində işləyir.

Nəşr edilib : 12.09.2024 11:20