NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

“Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planı” – qədim şəhərin yeni siması

...

Tarixin bütün dövrlərində şəhərlər ölkələrin inkişaf səviyyəsini, idarəetmə mədəniyyətini və gələcəyə baxışını göstərən əsas amil kimi qiymətləndirilib. Azərbaycan şəhərlərinin gözəlliyi, tarixi abidələrinin şöhrəti dillərdə dolaşıb. Qədim Bakının, Qəbələnin, Gəncə və Naxçıvan şəhərlərinin gözəlliyi tarixboyu buraya səfər edən səyyahların diqqətini çəkib.

Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli mərhələsini yaşayan ölkəmizdə paytaxt Bakının və digər iri şəhərlərimizin müasir məkana çevrilməsi, regionlarda infrastrukturun müasirləşdirilməsi, işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin dünyaya təqdim olunması baxımından böyük imkanlar yaradır. Həyata keçirilən layihələr göstərir ki, ölkədə şəhərsalma siyasəti sistemli və uzunmüddətli strateji baxış əsasında qurulur. Bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı, təşəbbüsləri və daim diqqətdə saxladığı məsələlər mühüm rol oynayır. Onun fəaliyyətində şəhərsalma milli inkişaf strategiyasının vacib elementi kimi çıxış edir. Şəhərlərin yenidən qurulmasında yaxından iştirak edən birinci xanımın bu sahəyə yanaşmasında diqqətçəkən əsas məqam qədim irslə müasir inkişaf arasında balans yaratmaqdır. Naxçıvan şəhərinin keçmişi və bu günü də dövlət başçısının və birinci xanımın diqqətindədir.

Bu il 11 avqustda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qədim diyar Naxçıvana səfəri zamanın “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planı” Prezidentə təqdim olundu. Dövlətimizin başçısı Baş plan və şəhərdə icra olunan iri infrastruktur layihələri, tikinti və bərpa işləri ilə yaxından tanış oldu. Ötən dövr ərzində Naxçıvanda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni yolların, sosial obyektlərin, yaşayış komplekslərinin, sənaye müəssisələrinin, müasir xidmət infrastrukturunun yaradılması qədim diyarımızın simasını tamamilə dəyişmişdir. Bu dəyişikliklər yalnız bugünkü nəslin rifahına deyil, gələcək nəsillərin firavan həyatına hesablanmış uzaqgörən dövlət siyasətinin parlaq nəticəsidir. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyada güclü dövlət kimi tanınır, Naxçıvan isə sürətlə inkişaf edən, müasirləşən və tarixi irsini qoruyan örnək bölgəyə çevrilir. Bu Baş planın təsdiq edilməsi isə Naxçıvanın gələcəyinə qayğı deməkdir.

Vurğulanmalıdır ki, Baş plan müstəqillik dövründə Naxçıvan şəhəri üçün hazırlanmış ilk belə strateji sənəddir. Konsepsiyanın əsas istiqamətləri şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobillik, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli istifadəsidir. Baş planda şəhərin 74 hektarlıq mərkəzi hissəsinin yenidən formalaşdırılması, daha yığcam, canlı və əlçatan şəhər məkanının yaradılması nəzərdə tutulur. Bu, sadəcə, abadlıq layihəsi deyil, qədim şəhərin gələcək şəhər iqtisadiyyatının, turizminin, nəqliyyat sisteminin və yaşayış mühitinin uzunmüddətli xəritəsidir.

Naxçıvanın inkişaf strategiyasında insan amili xüsusi yer tutur. Prezidentin Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyması bunu bir daha nümayiş etdirdi. Bu layihə Naxçıvan şəhərinin iqtisadi gücü ilə yanaşı, insanların yaşayış standartlarını da yüksəldəcəkdir. Naxçıvanın Baş planının hazırlanması, həyata keçiriləcək layihələr tarixi-mədəni obyektlərin konservasiyası, şəhərin müasir inkişaf konsepsiyasının milli memarlıq ənənələri ilə uzlaşdırılması gələcəyin Naxçıvanının daha gözəl və daha yaşanılan şəhərə çevriləcəyindən xəbər verir. Bu yanaşma ölkəmizdə memarlıq və şəhərsalma siyasətinin yeni mərhələyə yüksəldiyini və gələcəyə hesablandığını göstərir.

Yaddaş daşıyıcısı olan şəhərlərdə yenidənqurma işləri yalnız müasir tikinti üzərində qurulsa şəhərin tarixi yox olar, milli kimliyi itər. Dövlətimiz bu sahədə mühüm işlər görür şəhərsalma siyasətində milli memarlıq elementlərinin və tarixi mühitin qorunmasına xüsusi önəm verilir. Birinci vitse-prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr, qədim irsin qorunması və müasir inkişafın uzlaşdırılması istiqamətində formalaşan yanaşma Azərbaycanın şəhərlərinə həm tarixi dəyər, həm də müasir həyat keyfiyyəti qazandırır. Davamlılıq və estetik harmoniyanın əsas prinsipə çevrildiyini göstərir. Çünki tarixin bütün dövrlərində şəhərlər yalnız müasir binalarla deyil, əsrlərin yaddaşını yaşadan abidələri ilə də yaşayır.

Əminik ki, Vətənə sonsuz sevgi, yurda bağlılıqla həyata keçirilən siyasət nəticəsində Naxçıvan yaxın illərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən müasir, ən yaşıl və memarlıq baxımından ən nümunəvi şəhərlərindən birinə çevriləcək. Yüz illərin sirrini tarixin tozlu səhifələrində yaşadan qədim yurd öz gözəlliyi ilə hər kəsi valeh edəcək.

Ramiyə ƏKBƏROVA

 

Nəşr edilib : 08.09.2026 09:50