NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvan şəhərində borclu və məhkum edilmiş şəxslərlə maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biri olan məhkəmə qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Nazirliyin 2024-ci ilə dair Fəaliyyət Planına uyğun olaraq aidiyyəti şöbə və bölmənin əməkdaşları yerli icra və probasiya qurumlarına köməklik göstərir və icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər keçirir. 
Bu məqsədlə növbəti tədbir Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə keçirilib. Tədbirdə nazirliyin İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev və İstintaq bölməsinin rəisi Zamin Nəbiyev çıxış edib, qanunvericiliyin tələblərini izah ediblər. 
Əməkdaşlar tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərinin Azərbaycan Respublikası ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, məhkəmə və digər orqanların qərarlarının borclu şəxslər tərəfindən qərəzli olaraq icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. 
Probasiya nəzarətində olan məhkumların cəza müddətindəki davranışlarının probasiya qurumları tərəfindən daim diqqətdə saxlanıldığı qeyd olunub, tərbiyəvi xarakterli tədbirlərdə fəal iştirakı və onları müsbət xarakterizə edən digər əhəmiyyətli hallar nəzərə alınmaqla məhkumlara həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi qaydası barədə izahlar verilib.
Sonra mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Nəşr edilib : 25.09.2024 12:22