NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvan şəhərində 20-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Yarmarkada çıxış edən agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev bildirib ki, işaxtaranların məşğulluğunun təmin edilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması və kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə gənclərlə yanaşı, xüsusi ixtisas və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunması mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları məhz bu kateqoriyadan olan şəxslərin işlə təmin edilməsində önəmli məşğulluq tədbirlərindən biridir.
Qeyd edək ki, yarmarkada 20-dən çox müəssisə tərəfindən, ümumilikdə, 140-dan artıq vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib, həmçinin ilkin sorğular aparılaraq onların ehtiyacları öyrənilib.

Nəşr edilib : 01.10.2025 14:01