NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvan sakinləri Zəfər gününü sevinclə qarşılayır

...

Bu gün Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinin qarşısında zəfərimizin 5-ci il dönümünə həsr olunmuş konsert proqramı keçiriləcək. Biz də "Şərq qapısı" komandası olaraq Zəfər Günü münasibətilə şəhər sakinlərinin  təəssüratlarını öyrəndik. 
Təəssüratlarını bizimlə bölüşən müsahibimiz Gülər Rəsulova bayram ərərfəsində boyaları ilə gənclərin üzlərinə boya çəkəcək: "Zəfər Günü xalqımızın qəhrəmanlıq və birlik rəmzidir. Bu gün biz şəhidlərimizin qanı ilə qazanılmış böyük qələbəni qeyd edirik. Hər bir azərbaycanlı üçün bu tarix qürur və iftixar mənbəyidir. Zəfər Günü bizə Vətən sevgisinin və milli birliyin gücünü xatırladır. Mən də gələcəkdə Vətənə layiqli bir vətəndaş olmaq istəyirəm".
Rəvan Şamilov isə zəfər sevincini bu cür bölüşdü: "Bu gün bizim üçün ən sevincli gündür. Çox sevincliyik, çünki bayram-bayrama qarışıb tarixi zəfərimizin 5 illiyini qeyd etmək  bizdə xüsusi qürur hissi yaradır. Bugünkü gün bizə bu zəfəri bəxş edən Ali Baş Komandanımız İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzu edirik. Doğma Vətənimizə daimi zəfərlər arzu edirik".
Birinci Qarabağ müharibəsi veteranı Fəxrəddin Qurbanov isə bayramı nəvəsi ilə qeyd etdiyini söyləyir: "Bu gün mən sevinirəm ki, bizim tamamlaya bilmədiyimiz işi öz qanları bahasına gənclərimiz dastanlar yazaraq tamamladılar. Onlar geriyə baxmadan "Vətən", "torpaq", – dedilər, "Qarabağ", – dedilər, torpaqlarımızı 44 gün ərzində azad etdilər. Təsəvvüt edin ki, bütün dünya buna mat qalıb, bizim ordumuz 30 ildə alınmayan torpaqları 44 gün ərzində aldılar. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar bizim namusumuzu, qeyrətimizi, torpaqlarımızı qaytardılar. Bu gün nəvəmlə bərabər bu bayramı qeyd edirik. İndi Şəhidlər xiyabanına gedəciyik. Naxçıvan uğrunda gedən döyüşlərdə 1990-cı illərdə şəhid olan əsgərlərimizi ziyarət edəcəm".

Zəhra VƏLİYEVA
Rafiq TƏHMƏZ

Nəşr edilib : 08.11.2025 18:25