NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvan Qızlar Liseyi 54 şagird ilə yeni tədris ilinə başlayır

...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. Qızların təhsil almalarına hər zaman xüsusi diqqət yetirilən muxtar respublikada 1992-ci ildən “Xanım Qızlar Pansionu” yaradılıb. 2004-cü ildən Naxçıvan Qızlar Liseyi adı ilə fəaliyyətini davam etdirən lisey Azərbaycanda yeganə qızlar məktəbidir. Bu gün də lisey öz fəaliyyəti və göstəriciləri ilə öndə dayanıb.

Naxçıvan Qızlar Liseyinin direktor vəzifəsinin müvəqqəti icraçısı Fərqanə Həsənova son zamanlar liseydə əldə olunan uğurlar və gələcək planlar barədə öz fikirlərini bildirdi: “2023-2024 cü tədris ilini bizim lisey üçün uğurlu hesab edirik. Ali məktəblərə qəbul faizi 96 faiz təşkil edir. Liseydə əldə edilən uğurlara nəzər salsaq, öncə qeyd edim ki, ötən tədris ili liseyi 55 şagird bitirib ki, şagirdlərin 53 nəfəri ali məktəbə, 2 şagirdimiz isə orta ixtisas məktəbinə qəbul olubdur. 17 nəfər şagirdimiz 500-700 intervalında bal toplamışdır. Nəzər salsaq şagirdlərimiz respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar.

Əlavə olaraq muxtar respublika üzrə 8 nəfər “Qızıl” medal alıbdır ki, onlardan ikisi Naxçıvan Qızlar Liseyinin şagirdi olmuşdur. Bundan əlavə 1 nəfər 6-cı sinif şagirdimiz Zəhra Mədədli Sinqapurda keçirilən SASMO olimpiadasında 3-cü yeri qazanmışdır.

Eyni zamanda bu il əvvəlki illərdən fərqli olaraq imtahanlar ilk dəfə olaraq mərkəzləşdirilmiş formada həyata keçirilib və  54 şagird liseyə qəbul olmuşdur.

Naxçıvan Qızlar Liseyi yeni dərs ilinə hazırdır və əminliklə deyə bilərəm ki, qarşıda bizi uğurlu dərs ili gözləyir. Bu il yeni dərs ilində daha çox məktəbdaxili sınaqların keçirilməsinə üstünlük verəcəyik. Eyni zamanda məktəbdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə seminarların sayının artırılması da planlar sırasında öndə dayanır”.

Aygün HÜSEYNLİ

Naxçıvan Televiziyasının əməkdaşı

Nəşr edilib : 16.09.2024 14:23