Naxçıvanda sertifikatlaşdırma imtahanında 6 müəlli...
20:42 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulanın ikinci hissəsindən “fiziki və hüquqi şəxslərə” sözləri çıxarılsın.
2. 1-ci maddə üzrə:
2.1. II hissəyə “Kollegiyası” sözündən sonra “qeyri-kommersiya” sözləri əlavə edilsin;
2.2. IV hissə aşağıdakı redaksiyada verilsin:
“IV. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanlarıdır.”.
3. 2-ci maddə üzrə:
3.1. I hissə aşağıdakı redaksiyada verilsin:
“I. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini təsdiq etmək və onlarda dəyişiklik etmək;
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;
Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının məbləğini müəyyən etmək.”;
3.2. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edir.”.
4. 3-cü maddə üzrə:
4.1. II hissə üzrə:
4.1.1. birinci cümləyə “Rəyasət” sözündən əvvəl “Vəkillər Kollegiyası” sözləri əlavə edilsin;
4.1.2. üçüncü cümlə çıxarılsın;
4.2. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Vəkillər Kollegiyasının Rəyasət Heyəti:
Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını çağırır və onun qərarlarının icrasını təşkil edir;
Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirir, vəkillər haqqında məlumatları vəkil reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına təqdim edir;
dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir;
Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin edir;
ixtisas imtahanının qaydasını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;
vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərin həvəsləndirilməsini həyata keçirir;
vəkillər barəsində intizam icraatı başlayır və bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir;
vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir;
Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq edir;
Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların icrasının təmin edilməsi ilə bağlı vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir;
vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini müəyyən edir;
Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edir;
Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edir;
vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görür;
bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edir.”;
4.3. IV hissə üzrə:
4.3.1. birinci cümləyə “etdikdə” sözündən sonra “Vəkillər Kollegiyası” sözləri əlavə edilsin;
4.3.2. ikinci cümləyə “Rəyasət” sözündən əvvəl “Vəkillər Kollegiyası” sözləri, “qərarlar” sözündən sonra “açıq səsvermə yolu və” sözləri əlavə edilsin;
4.3.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Səslər bərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledicidir.”.
5. 4-cü maddə üzrə:
5.1. ikinci abzasa “edir” sözündən sonra “və onun adından çıxış edir” sözləri əlavə edilsin;
5.2. üçüncü, beşinci – səkkizinci və onuncu abzaslara “Rəyasət” sözündən əvvəl “Vəkillər Kollegiyası” sözləri əlavə edilsin.
6. 5-ci maddə üzrə:
6.1. I hissədə “qanunvericilikdə” sözü “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin və həmin hissəyə “üçün” sözündən sonra “Vəkillərin” sözü əlavə edilsin;
6.2. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Vəkillərin İxtisas Komissiyası beş vəkil, bir hakim və bir hüquqşünas alimdən, ümumilikdə isə yeddi üzvdən ibarət olmaqla fəaliyyət göstərir. Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti beş ildir.”;
6.3. III hissənin birinci və ikinci cümlələrinə, IV-VI hissələrə “İxtisas” sözündən əvvəl “Vəkillərin” sözü əlavə edilsin;
6.4. VII hissədə “qanunvericiliyin” sözü “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
6.5. X hissəyə “İxtisas” sözündən əvvəl “Vəkillərin” sözü əlavə edilsin və həmin hissədə “Kollegiyasının Ümumi yığıncağı” sözləri “Kollegiyası üzvlərinin ümumi yığıncağı” sözləri ilə əvəz edilsin.
7. 6-cı maddə üzrə:
7.1. II hissədə “vəkillər” sözü “onlar haqqında məlumatlar” sözləri ilə, “edilirlər” sözü “edilir” sözü ilə əvəz edilsin;
7.2. III hissədə “mətninə imza edir” sözləri “mətnini imzalayır” sözləri ilə əvəz edilsin.
8. 7-ci maddə üzrə:
8.1. I hissə üzrə:
8.1.1. “tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair” sözləri “barəsində verilən” sözləri ilə əvəz edilsin;
8.1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş ildir.”;
8.2. II hissədə “Kollegiyasının Ümumi yığıncağı” sözləri “Kollegiyası üzvlərinin ümumi yığıncağı” sözləri ilə əvəz edilsin;
8.3. aşağıdakı məzmunda III hissə əlavə edilsin:
“III. Barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malikdirlər.”.
9. 8-ci maddə üzrə:
9.1. I hissə aşağıdakı redaksiyada verilsin:
“I. Vəkil tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və digər normativ hüquqi aktların və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması, habelə vəkilin il ərzində minimal icbari tədris saatlarının toplanmaması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.”;
9.2. III hissədə “altı ay” sözləri “bir il” sözləri ilə, “bir” sözü “iki” sözü ilə əvəz edilsin;
9.3. V və VI hissələr aşağıdakı redaksiyada verilsin:
“V. Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla bilər.
VI. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
xəbərdarlıq;
töhmət;
üzvlük haqqının 10 misli həcmində cərimə;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;
vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.”;
9.4. aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
“VI-I. Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulur.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmır və ya başlanılmış icraata xitam verilir.”;
9.5. VII hissədən ikinci cümlə çıxarılsın;
9.6. VIII hissə ləğv edilsin;
9.7. aşağıdakı məzmunda IX hissə əlavə edilsin:
“IX. Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.”.
10. 9-cu maddə üzrə:
10.1. I hissənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.”;
10.2. II hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.”.
11. 10-cu maddənin I hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Vəkillər Kollegiyasının vəsaiti daxil olan üzvlük haqqından, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır.”.
12. 11-ci maddəyə ikinci halda “vəzifələri” sözündən sonra “, vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu, vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saat sayı” sözləri əlavə edilsin.
Bəxtiyar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini
Naxçıvan şəhəri, 29 dekabr 2025-ci il
Digər xəbərlər