Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyəl...
15:57 25.08.2026
0
0
0
NAXÇIVAN :
25 Avqust 2026, Çərşənbə axşamı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Özbəkistanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı çoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelinə çevrilib. Son illərdə formalaşan əlaqələr ikili diplom proqramlarından akademik mobilliyə, müəllimlərin peşəkar inkişafından birgə elmi-tədqiqat layihələrinə, süni intellekt və rəqəmsallaşmadan yaşıl iqtisadiyyat və dayanıqlı inkişafa qədər geniş istiqamətləri əhatə edir. Bu əməkdaşlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəfdaşlıq yalnız ali təhsil müəssisələri səviyyəsində deyil, eyni zamanda, elmi-tədqiqat mərkəzləri, akademik icmalar və müxtəlif peşəkar platformalar arasında da inkişaf etdirilir. Nəticədə Azərbaycan və Özbəkistan arasında ali təhsil və elm sahəsində qarşılıqlı təcrübə mübadiləsini, birgə tədqiqatları və insan kapitalının inkişafını birləşdirən vahid əməkdaşlıq ekosistemi formalaşır.
Bu barədə UNEC-dən məlumat verilib.
Qeyd olunub ki, UNEC-in Özbəkistan universitetləri ilə əməkdaşlığında ikili diplom proqramları xüsusi yer tutur. Daşkənd Dövlət İqtisad Universiteti (DDİU) ilə MBA proqramı üzrə ikili diplom proqramı 2025-ci ildən həyata keçirilir. Maliyyə və biznes analitikası istiqamətlərini əhatə edən əməkdaşlıq çərçivəsində tədris planlarının uyğunlaşdırılması, tələbə və müəllim mobilliyinin artırılması və yeni ixtisaslaşmaların əlavə edilməsi imkanları müzakirə edilir. 2025-ci ilin dekabrında keçirilən işgüzar görüşdə proqramın inkişaf perspektivləri və təhsil məzmununun təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
UNEC-in Özbəkistan Milli Universiteti ilə imzaladığı əməkdaşlıq memorandumunda da ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Daşkənd Tekstil və Yüngül Sənaye Universiteti ilə “Dizayn” ixtisası üzrə ikili diplom proqramının yaradılması istiqamətində iş aparılır.
Növbəti mərhələdə DDİU ilə bakalavr səviyyəsində yeni ikili diplom proqramının yaradılması, ixtisasların müəyyənləşdirilməsi və tədris planlarının uyğunlaşdırılması planlaşdırılır. Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Texniki Universiteti və digər tərəfdaşlarla da yeni ikili diplom imkanlarının yaradılması müzakirə olunur.
UNEC–Özbəkistan əməkdaşlığında ikili diplom modeli yalnız təhsil proqramlarının birləşdirilməsi deyil, eyni zamanda, tələbələrin iki ölkənin akademik mühitindən yararlanmasına, beynəlxalq təcrübə qazanmasına və əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə etməsinə xidmət edən mexanizm kimi formalaşır.
UNEC və Özbəkistan universitetləri arasında akademik mobillik qarşılıqlı səfərlər, qısamüddətli təlimlər, mühazirələr, yay və qış məktəbləri, eləcə də gələcək semestrlik mübadilə proqramlarının yaradılması istiqamətində inkişaf etdirilir.
TÜRKÜNİB-in “ORHUN” mübadilə proqramı çərçivəsində Özbəkistan universitetlərindən iki professor-müəllim heyətinin mübadilə proqramında iştirakı da bu əməkdaşlığın Türk dünyasının ali təhsil məkanına inteqrasiya baxımından əhəmiyyətini artırır.
2026-cı ilin martında Əndican Dövlət Texniki İnstitutunun 4 professor-müəllimi UNEC-də akademik səfərdə olub, tələbələr üçün mühazirələr keçirib və birgə layihələr, tələbə mübadiləsi və ortaq elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
UNEC tələbələrinin Daşkənd Dövlət İqtisad Universitetinin beynəlxalq yay və qış məktəbinə müraciəti üçün imkan yaradılması, eləcə də DDİU ilə tələbə və müəllim mobilliyinin artırılması üzrə aparılan danışıqlar qarşıdakı dövrdə bu istiqamətdə əməkdaşlığı daha da genişləndirəcək.
UNEC Özbəkistanda keçirilən təhsil və peşə sərgilərində də uğurlar təmsil olunur. Bu sərgilər universitetin təhsil imkanlarının, beynəlxalq proqramlarının və akademik üstünlüklərinin Özbəkistan ictimaiyyətinə təqdim edilməsi, eləcə də potensial tələbə və tərəfdaşlarla birbaşa əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayır. Eyni zamanda, sərgilərdə iştirak UNEC-in Özbəkistanın təhsil mühitində tanıdılmasına və iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasında mühüm rol oynayır.
Digər xəbərlər