NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş yalnız milli mövzulu sualları əhatə edən Nə? Harada? Nə zaman? intellektual oyunu” layihəsi həyata keçirilib

...

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Telman Həsənovun “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş yalnız milli mövzulu sualları əhatə edən Nə? Harada? Nə zaman? intellektual oyunu” adlı layihəsinin Naxçıvan Şahmat Mərkəzində açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası  Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, Fond tərəfindən gənclərə yaradılan geniş imkanlardan danışıb, qrant müsabiqələrinin gənclərin fəallıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, bu cür müsabiqələr Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edir. 
Vurğulanıb ki, bu layihə “İdeyanı reallaşdır” qrant müsabiqəsi çərçivəsində icra olunan 2-ci layihədir və hələ qarşıdakı günlərdə bir neçə layihənin də naxçıvanlı gənclər tərəfindən reallaşdırılması nəzərdə tutulub. Arzu Qasımov layihə rəhbəri və komandasını qazandığı uğura görə təbrik edib və layihənin işinə uğurlar arzulayıb.
Çıxış edən layihə rəhbəri Telman Həsənov Gənclər Fondu tərəfindən gənclərə göstərilən qayğıya görə təşəkkür edib, qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” Sərəncamına əsasən tariximizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, mənəvi irsimizin müxtəlif yollarla gənclərə aşılanmasını və gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir.
Sonra 20 komandanın mübarizə apardığı intellekt yarışına strat verilib. Milli mövzuda 50 sualın səsləndirildiyi yarışın nəticələrinə əsasən ən çox xal toplayaraq qalib olan komandalar diplom, medal, kubok və simvolik hədiyyələrlə mükafatlandırılıblar. 
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikası Gənclər Fondu, tərəfdaşı isə fondun Naxçıvan filialıdır.

Nəşr edilib : 08.09.2024 18:30