Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumu keçirilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
“Naxçıvan Saray”da davam edən tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçılarını salamlayaraq Naxçıvanın muxtariyyət və inkişaf tarixinə nəzər salıb. Qeyd edib ki, Naxçıvan muxtariyyət qazandıqdan sonra 1970-ci ilə qədər məqsədli şəkildə inkişafdan kənarda saxlanılıb. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə muxtar respublikanın həyatında yeni mərhələ başlanıb. Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi isə muxtar respublikanı növbəti işğal təhlükəsindən qoruyub, müstəqil dövlətçiliyimizin əsasları bu torpaqda işlənib hazırlanıb. Bu gün 100 illik muxtariyyət tarixini qeyd edən Naxçıvan Zəngəzur dəhlizinin açılması və Dövlət Proqramının icrası perspektivlərində daha böyük inkişaf və tərəqqiyə hədəflənib.Bu da müdrik dövlət xadimi, ölkə Prezidenti cənab İlham Əliyevin liderlik fəaliyyətinin nəticəsidir.
Son 2 ildə muxtar respublikada yeni idarəetmə metodunun tətbiqi sahəsində aparılan islahatların həm də maliyyə sektorunu əhatə etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə xüsusilə vurğulayıb ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq maliyyə intizamının gücləndirilməsi, büdcənin düzgün tərtibi və icrası, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində ardıcıl işlər aparılır. Əgər 2 il bundan öncə Naxçıvan Muxtar Respublikası büdcəsində yerli gəlirlər 20-25 faiz idisə, bu ilin sonunda yerli gəlirlərin həcmi 50 faizdən yüksək olacaqdır. Ötən 2 ildə muxtar respublikada dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun tətbiqi sahəsində də sistemli iş aparılır ki, bu da dövlət vəsaitindən təyinata uyğun düzgün istifadəni təmin edir.
Fuad Nəcəfli maliyyə forumunda yeni hədəflərin müəyyənləşəcəyini və muxtar respublikada dövlət-maliyyə siyasətinin həyata keçirilməsi sahəsində faydalı olacağını bildirib, forumun işinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkə başçsının maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqların muxtar respublikanın inkişafı üçün hazırlanan strateji sənədlərdə də öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd edib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın tədbirlər planında "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub.
Vüqar Gülməmmədov vurğulayıb ki, ötən ildən muxtar respublikada aparılan audit və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir. Belə ki, büdcənin icrası barədə və satınalmalara dair hesabatların əsasən vaxtında təqdim olunması, malların, iş və xidmətlərin "Dövlət satınalmaları haqqında" Qanunda göstərilmiş prosedur və metodlar tətbiq olunmaqla alınmasının genişləndirilməsi, əmtəəsiz alış əməliyyatlarının azalması kimi bir çox istiqamətlərdə müsbət dəyişikliklər qeydə alınıb. Bununla belə dövlət auditinin nəticələri hələ də təkmilləşdirilməli sahələrin olduğunu göstərir.
Hesablama Palatasının sədri rəhbərlik etdiyi qurumun 2021-2025-ci illəri əhatə edən Strateji Planında hədəflərdən birinin də maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu hədəf üzrə görüləcək ən vacib tədbirlər sırasında dövlət orqanları üçün dövlət maliyyəsinin müxtəlif sahələrində təlimlərin keçirilməsi ilə dəstəyin verilməsidir. Gələcəkdə muxtar respublikada fəaliyyət göstərəcək kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanılıb. Növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcəkdir.
Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov çıxışında qeyd edib ki, son 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq 539,3 milyon manata çatıb. Bununla yanaşı muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq 202,8 milyon manata yüksəlib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda icrası planlaşdırılan tədbirlərin maliyyə təminatı məqsədilə Milli Məclis tərəfindən qəbul edilən gələn ilin dövlət büdcəsində 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Gələn il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən muxtar respublikaya ayrılan dotasiya 285,7 milyon manat təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasının öz gəlirləri isə 219,5 milyon manat proqnozlaşdırılır.
Maliyyə nazirinin müavini bildirib ki, bu il Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Naxçıvan Xəzinədarlıq İdarəsi yaradılıb. Artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 15-dən çox mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələrinə xəzinə xidmətlərinin göstərilməsi sözügedən idarə tərəfindən həyata keçirilir. Ümumilikdə idarə tərəfindən il ərzində 500 milyon manatdan çox məbləğdə vəsait üzərində xərc əməliyyatlarının aparılması nəzərdə tutulur. Bununla yanaşı hazırda, muxtar respublikanın dövlət Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminə və Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulması istiqamətində işlər aparılır.
Forumda Milli Məclisin deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edib, Naxçıvan Muxtar Respublikasında aparılan islahatların müsbət nəticələrindən bəhs ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.
Forum maliyyə və vergi istiqamətləri üzrə panel müzakirələrlə öz işini davam etdirib.
Qeyd edək ki, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxslərinin iştirak etdiyi maliyyə forumunun məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə işi aparmaqdır.
Digər xəbərlər