NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Dünya arenalarında naxçıvanlı idmançılar 201 medal qazanıb

...

“Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2024-cü il ərzində öz işini təsdiq olunmuş İş Planı, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, aktual məsələlər və perspektivlər üzərində qurmuş, müxtəlif tədbirlər, layihələr icra etmişdir. Hesabat ili ərzində gənclər və idman siyasətinin əsas istiqamətləri üzrə 16073 nəfərin iştirakı ilə 196-sı  gənclər sahəsini, 169-u isə idman sahəsini əhatə etməklə, ümumilikdə, 365 tədbir keçirildi. Hesabat dövründə bir çox Naxçıvan gənci ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla muxtar respublikada uğurlu layihələr icra etdilər, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazanmış oldu. İdmançılarımız dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-si qızıl, 71-i gümüş, 58-i bürünc medal olmaqla, ümumilikdə, 201 medal qazandılar”. Bu sözləri Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov qurumun kollegiya iclasında səsləndirib.
2024-cü ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirə edildiyi iclasda ötən il həyata keçirilən tədbirlər, müvafiq sahələr üzrə görülən işlər və qazanılan nailiyyətlər haqqında danışılıb. Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda təlimlər keçirilmiş və bu prosesin təşkili növbəti ildə də davam etdiriləcəkdir. Naxçıvan şəhərinin müxtəlif ərazilərində olmaqla, 8 yerdə açıq hava idman qurğularının əhalinin istifadəsinə verilməsi şəhər infrastrukturu, idman mühiti, əhalinin sağlam həyat tərzinə sövqü, gənclərin fiziki hazırlığı baxımından dövlətin mühüm töhfəsi kimi dəyərləndirilib. 2025-ci il ərzində də muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrdə olmaqla, 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması, o cümlədən özəl investisiya hesabına bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. 
Tədbirdə məruzələr dinlənilib. Nazirliyin 2025-ci üçün İş Planı diqqətə çatdırılıb və kollegiya üzvlərinin səs çoxluğu ilə qəbul edilərək təsdiq olunub.

Nəşr edilib : 11.02.2025 16:49