NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici tədbir keçirilib

...

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 17-də Penitensiar Xidmətin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumlarla maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları, 3 saylı Dairə Seçki Komissiyasının nümayəndələri və cəzaçəkmə müəssisəsinin digər məsul şəxsləri iştirak ediblər. Görüşün əsas məqsədi cəzaçəkmə müəssisəsində seçkilərin təşkili, səsvermənin keçirilməsi və seçki prosesinin şəffaflığını təmin etmək olub. 
Əvvəlcə Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək Azərbaycan Respublikasının seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkumların seçki hüquqlarının təmin edilməsi üçün görülən işlərdən bəhs edib. O, cəzaçəkmə müəssisəsində seçicilərin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli, şəxsi və sərbəst səsvermə yolu ilə iştiraklarının təmin olunması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. Əli Rəhimov həmçinin Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərovun tapşırıqlarını diqqətə çatdıraraq, səsvermə yerlərinin qanunvericiliyə uyğun hazırlanması işlərinin davam etdiyini qeyd edib.
Tədbirdə nazirliyin Strateji planlaşdırma və monitorinq idarəsinin rəis müavini Ələkbər Hüseynov seçki hüququnun Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyası və Seçki Məcəlləsi ilə nizamlanması barədə çıxış etmiş, məkumların seçki hüququnun ümumi qaydaları ilə bağlı geniş izah vermişdir.  
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin əməkdaşı Vəfa Rəhimov çıxış edərək, bildirirdi ki, qapalı müəssisələrdə seçki mühitinin yaradılması, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və nəticələrin rəsmi protokollarda qeyd edilməsi kimi məsələlər aydın şəkildə izah edilib. 
Bildirilib ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində dəqiqləşdirilmiş siyahılara əsasən cəzaçəkmə müəssisələrində məhkumların və həbs edilmiş şəxslərin səsvermə hüququndan istifadə etməsi təmin ediləcək. Bütün proseslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun olaraq davam etdirilir. 
Tədbir fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb, iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 17.01.2025 16:53