NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 16 noyabr tarixdə Naxçıvan Müəllimlər İnstitutunda "Qızıl Qələm" laureatı, Bakıda Aşıq Pəri Məclisinin, Məhsəti Şairlər Məclisi İctimai Birliyinin və  Naxçıvanda Heyran xanım adına yaradılmış Zərif Qadınlar Ədəbi Məclisinin üzvü, şairə Rəqsanə Tapdıqlının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Zəngəzurdan Naxçıvana" adlı yeni nəşr olunan şeirlər kitabının təqdimat mərasimi keçirilib.  Müəllifin qonaqlarının – “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birliklərinin üzvlərinin, bir qrup Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşının, müəllim-tələbələrin və ailə üzvlərinin iştirak etdiyi mərasimdə öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Təqdimatı giriş sözü ilə institutun Elm və innnovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı açıb. 
Sonra Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Həsənova, şair, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi,  Prezident laureatı Həsənalı Eyvazlı, şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, dil və ədəbiyyat institutunun icraçı direktoru Elxan Yurdoğlu, şairə-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Sona Teymurbəyli, şəhid anası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova, tanınmış şairə Dilbər Şahbuz, şəhid atası, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov, şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı, "Naxçıvan Qaziləri" İctimai Birliyinin nümayəndələri, şairə Süsən Kərimli, digər qonaqlar, Naxçıvan Müəllimlər İnstitutunun müxtəlif ixtisaslardan olan şeirsevər tələbələri çıxış edərək kitablar, eyni zamanda Vətən uğrunda canlarını qurban verən şəhid və qazilər haqqında dəyərli fikirlər söyləyib, müəllifə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şeirlər qiraət ediblər.
 Çıxışlarda diqqətə çatdırılıb ki, kitabda, əsasən, vətənpərvərlik mövzularına yer ayrılmış, təqdim olunan bütün mövzulara çox həssaslıqla yanaşılmış, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi də dərin ehtiramla yad edilmişdir. Natiqlər qeyd ediblər ki, bizlər şəhidlərimizin xatirəsini hər zaman hər yerdə olduğu kimi ərsəyə gətirilən kitablarımızda, şeirimizdə, sözümüzdə də əziz saxlamalı, bu ehtiramı gələcək nəsillərə ötürməliyik.
Sonda kitabın müəllifi, şairə Rəqsanə Tapdıqlı təqdimatın yüksək səviyyədə təşkil olunması münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinə təşəkkür edib, tədbirdə iştirak edən bütün qonaqlara öz minnətdarlığını bildirib. Onlara təqdimatı keçirilən yeni kitabından hədiyyə edib və xatirə şəkilləri çəkilib.

Nəşr edilib : 16.11.2024 23:40