NAXÇIVAN :

02 May 2026, Şənbə

Naxçıvan məktəbliləri Dünya Robot Olimpiadasında 56 ölkə arasında finala yüksəlib

...

Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında (WRO) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin şagirdləri uğurlu nəticəyə imza atıb. Şagirdlərimiz 110 ölkənin 24000-dən çox komandası arasından seçilərək “Robosports” kateqoriyasında 56 ölkə arasında finala yüksəlib. Final mərhələsinin nəticəsində öz qruplarını lider olaraq tamamlayan məktəblilərimiz yekunda 6-cı yeri tutublar. Biz də komanda üzvləri Tayfun İmanlı, Amin Əlizadə və Murad Kərimovla qazandıqları uğurlar barədə həmsöhbət olduq.

Heydər Əliyev adına tam orta məktəbin 8-ci sinif şagirdi Amin Əlizadə deyir ki, məktəbdə təhsil aldığı müddətdə elmə, texnologiyaya və xüsusilə də robototexnikaya böyük maraq göstərib: “Bu marağım məni müxtəlif layihələr üzərində çalışmağa, yeniliklər öyrənməyə və beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə təşviq etdi. Bu il mən və komanda yoldaşlarım Azərbaycanı Dünya Robot Olimpiadasında (World Robot Olympiad – WRO) təmsil etmək şərəfinə nail olduq. Olimpiada dünya üzrə ən nüfuzlu robototexnika müsabiqələrindən biridir və bu yarışda 56 ölkədən minlərlə komanda iştirak edirdi. Gərgin hazırlıq prosesi, komanda işi və texniki biliklərimizin nəticəsi olaraq biz 56 ölkə arasında 6-cı yer qazanmağa müvəffəq olduq. Bu nailiyyət həm bizim üçün, həm də ölkəmiz üçün böyük qürurdur. Bu uğur göstərir ki, Azərbaycan gəncləri elm və texnologiya sahəsində yüksək potensiala malikdir və beynəlxalq arenada rəqabət apara bilirlər”.

Müsahibimiz qeyd edir ki, bu yarış böyük təcrübə, yeni biliklər və gələcək hədəflərim üçün motivasiya oldu. Robototexnika sahəsində daha da inkişaf etməyi, ölkəmi beynəlxalq yarışlarda layiqincə təmsil etməyi və gələcəkdə mühəndislik sahəsində peşəkar olmağı qarşıma məqsəd qoymuşam.

Söhbətimizə qoşulan Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Murad Kərimov vurğulayır ki, STEAM mərkəzinə ilk dəfə 2023-cü ildə proqramlaşdırma kursuna başlayaraq qoşulub: “Bu sahəyə uşaqlıqdan böyük marağım var idi. İlk STEAM yarışım məktəblərarası yarış oldu və orada nəticə əldə etməsəm də, kurslara davam etməyə qərar verdim. Müəllimim Fuad Babayevin dəstəyi və istiqaməti sayəsində STEAM sahəsinə marağım daha da artdı. Nəticədə, Respublika Robot Olimpiadasında 1-ci yerə layiq görüldük və beləliklə, Sinqapurda keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməyə vəsiqə qazandıq. Yarış 3 gün davam etdi. İlk gün hazırlıq mərhələsi idi. İkinci gün qrup oyunları keçirildi. Qrupumuzda 7 komanda vardı və biz 7 oyundan 6-sında qalib gələrək qrupda 1-ci yerin sahibi olduq”.

Murad qeyd edir ki, bu onlar üçün böyük uğur idi: “Üçüncü gün final mərhələsi idi. İlk oyunumuz “Tayland” komandası ilə oldu. Onlar elektronika baxımından bizdən daha üstün idilər və bu səbəbdən onlara məğlub olduq. Buna baxmayaraq, biz gələcək yarışlarda daha yaxşı nəticələr qazanmaq üçün çalışmaqda davam edirik və edəcəyik”.

Digər müsahibimiz isə Naxçıvan şəhəri, Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tayfun İmanlıdır. Artıq bir neçə ildir, robototexnika sahəsində fəal olaraq çalışan Tayfun deyir ki, ilk böyük təcrübəm 2024-cü ildə WRO Azerbaijan finalında olub: “Həmin yarışda 3-cü yer, tutmağım mənə həm motivasiya, həm də mühüm dərslər verdi. Bir il ərzində qazandığım təcrübəni, apardığım araşdırmaları və komanda ilə etdiyimiz davamlı məşqləri növbəti WRO yarışında sınaqdan keçirdik. Bu dəfə isə əzmin bəhrəsini gördük və Azərbaycan finalında 1-ci yerə layiq görüldük. Artıq qarşımızda yeni bir hədəf vardı, ölkəmizi Sinqapurda keçiriləcək dünya finalında layiqincə təmsil etmək. Bu məqsədlə hazırlıqlara daha böyük həvəs və məsuliyyətlə başladıq. Robotumuz üzərində yeniliklər etdik, mexaniki hissələrdən tutmuş proqramlaşdırma məntiqinə qədər bir çox təkmilləşdirmələr apardıq. Sonda əvvəlki illə müqayisədə daha güclü, daha dəqiq və etibarlı bir robot ortaya çıxdı. Dünya finalında ilk gün test günüdür, bu mərhələdə robotu yeni mühitə uyğunlaşdırmaq və son düzəlişlər etmək olur. İkinci gün isə qruplar üzrə yarış baş tutur. Biz “E” qrupunda idik və burada Fələstin, İspaniya, Sinqapur, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan komandalarına qalib gələrək qrupdan 1-ci çıxmağı bacardıq. Ümumi nəticələrə əsasən dünya üzrə 6-cı yeri tutmağımız isə bizim üçün böyük uğur idi. Növbəti gün final oyunları başladı. Burada ilk rəqibimiz “Tayland” komandası oldu və təəssüf ki, 3 oyundan 2-də onlara məğlub olduq. Lakin bu nəticə bizi ruhdan salmadı, əksinə, daha da gücləndirdi”.

Tayfun onu da vurğulayır ki, planları artıq indidən aydındır: “Gələn il daha güclü robot hazırlamaq, daha peşəkar strategiyalar qurmaq və daha yüksək nəticələr əldə etmək. Qarşıdan gələn yarışlarda həm öz bacarığımızı, həm də Azərbaycanı daha uğurla təmsil etməyə qərarlıyıq. Bu yol bizim üçün, sadəcə, yarış deyil, öyrənmək, inkişaf etmək və bacardığımızı göstərmək fürsətidir. Ümid edirik ki, gələn il daha böyük uğurlara imza atacaq, dünya finalında daha yüksək yerlərə iddialı olacağıq”.

Biz də məktəblilərimizə uğurlar arzulayırıq.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 11.12.2025 12:07