NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvan Kukla Teatrı 37-ci mövsümə yeni tamaşalarla başlayıb

...

37 illik yaradıcılıq yolunu geridə qoyan Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni mövsümə başlayıb. Sentyabrın 14-də keçirilən açılış tədbirində dramaturq Bayram İsgəndərlinin qələmə aldığı “Özgəyə quyu qazan” əsəri nümayiş olunub. Bununla da teatrın yeni mövsümündə uşaqlar və böyüklər üçün nəzərdə tutulan bir sıra tamaşaların təqdimatına start verilib. Tamaşadan əvvəl aktyorların ifasında xüsusi flaşmob, eləcə də səhnə əsərlərindən parçalar təqdim edilib.
Yeni mövsümün başlanması, səhnəyə qoyulacaq tamaşalar və qarşıdakı yaradıcılıq planları barədə Səyyad Məmmədovla söhbətləşdik.
Teatrın 37 illik fəaliyyətindən danışan direktor qeyd etdi ki, bu illər ərzində kollektiv Naxçıvan teatr mühitində özünəməxsus yer qazanıb. Cari ilin mühüm yeniliklərindən biri isə Naxçıvan Dövlət Kukla Teatrının tarixində ilk dəfə Beynəlxalq Monotamaşalar Festivalına dəvət almasıdır. Səyyad Məmmədovun sözlərinə görə, sentyabrın sonlarında kollektivin daha bir festivalda iştirakı nəzərdə tutulur.
Teatrlararası əməkdaşlığa da toxunan direktor bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatrlarla əlaqələr davam etdirilir. Hazırda bir neçə tamaşanın qastrol səfərlərinə hazırlıq görülür. Yaxın zamanda həmin səhnə əsərlərinin ölkənin digər bölgələrində də nümayiş etdirilməsi planlaşdırılır.
Yeni mövsümdə repertuarın yenilənməsi istiqamətində də bir sıra işlər görülür. Səyyad Məmmədov qeyd etdi ki, qarşıdakı günlərdə uşaqlar üçün “Tamahkar” əsərinin premyerası keçiriləcək. Sentyabrın 30-da isə “Alın təri” əsəri tamaşaçılara təqdim olunacaq. Böyüklər üçün nəzərdə tutulan tamaşalar sırasında isə Ülviyyə Heydərovanın qələmə aldığı “Pələng” monotamaşası da yer alır.
Oktyabr ayında teatrsevərləri daha bir maraqlı səhnə əsəri gözləyir. Direktorun sözlərinə görə, A.Çexovun “Palata” əsərinin premyerasının keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, daha bir tamaşanın məşqləri davam etdirilir.
Səyyad Məmmədov yeni mövsümdə həm uşaqlar, həm də böyüklər üçün tamaşaların hazırlanmasına xüsusi diqqət yetirildiyini vurğuladı. Qarşıdakı aylarda yeni səhnə əsərləri ilə yanaşı, festival iştirakları və qastrol səfərlərinin də davam etdirilməsi planlaşdırılır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 14.09.2026 21:33