NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Naxçıvan kikboksinqçiləri Qars turnirindən 34 medalla qayıdıblar

...

Naxçıvan idmançıları beynəlxalq arenada növbəti uğura imza atıblar. Türkiyənin Qars şəhərində 7 ölkənin idmançılarının iştirakı ilə keçirilən beynəlxalq kikboksinq turnirində muxtar respublikanı təmsil edən idmançılar 22 qızıl və 12 gümüş olmaqla, ümumilikdə, 34 medal qazanıblar.

Yarışın nəticələri barədə təəssüratlarını bizimlə bölüşən “Naxçıvan Araz Kikboksinq Klubu”nun baş məşqçisi Elvin Qoçəliyev komandanın çıxışını yüksək qiymətləndirib: “Qarsda keçirilən bu beynəlxalq turnir idmançılarımız üçün həm böyük təcrübə, həm də məsuliyyət imtahanı idi. 35 idmançı ilə qatıldığımız yarışdan 34 medalla qayıtmaq uşaqların çəkdiyi əməyin, intizamlı məşqlərin və qələbə əzminin bəhrəsidir. Rinqdə nümayiş etdirilən əzmkarlıq göstərdi ki, klubumuz doğru yoldadır və sürətlə inkişaf edir. Əldə etdiyimiz uğur hələ son deyil, daha böyük zəfərlərin başlanğıcıdır”.

Turnirdə 45 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Ələmdar Nəcəfov da yarışla bağlı təəssüratlarını bölüşüb: “Beynəlxalq turnirdə bayrağımızı ucaltmaq və qızıl medal qazanmaq sözlə ifadə olunmaz hissdir. Rəqiblərim güclü idi, lakin məşqçilərimin tapşırıqlarını düzgün yerinə yetirərək qələbə qazandım. Bu medalı üzərimdə əməyi olan hər kəsə həsr edirəm”.

48 kiloqram çəki dərəcəsində qalib gələn Ülvü Əliyev isə təəssüratlarını belə ifadə edib: “Rinqə addım atarkən yeganə hədəfim Naxçıvana çempionluqla qayıtmaq idi. Qarsda keçirilən qarşılaşmalar kifayət qədər gərgin mübarizə şəraitində keçdi. Lakin sonadək əzm göstərərək ən yüksək pilləyə qalxmağı və qızıl medalı qazanmağı bacardım. Doğma diyara çempion olaraq dönmək mənim üçün böyük qürurdur”.

47 kiloqram çəki dərəcəsində gümüş medala layiq görülən Davud Mütəllimli keçirdiyi döyüşlər barədə fikirlərini bölüşüb: “Gümüş medal qazanmaq böyük təcrübə olsa da, əsas hədəfim fəxri kürsünün ən yüksək pilləsi idi. Finala qədər inamla irəliləsəm də, həlledici qarşılaşmada cüzi xal fərqi ilə ikinciliklə kifayətlənməli oldum. Lakin bu nəticə məni daha əzmlə çalışmağa sövq edir. Səhvlərim üzərində işləyib gələcək turnirlərdə mütləq qızıl medalı doğma Naxçıvana gətirəcəyəm”.

Eyni çəki dərəcəsində gümüş medal qazanan Xəyal Seyidov da yarışın onun üçün faydalı olduğunu qeyd edib: “Beynəlxalq səviyyəli yarışda medalçılar sırasında olmaq qürurvericidir. Gümüş medal qazansam da, bu turnir mənə böyük təcrübə qazandırdı. Gecə-gündüz çalışaraq gələcək yarışlarda daha yüksək nəticə göstərməyə çalışacağam”.

Qars turnirində əldə olunan nəticə Naxçıvan kikboksinqçilərinin beynəlxalq yarışlarda uğurlu çıxışlarını davam etdirdiyini göstərir. 34 medal qazanan idmançılar qarşıdakı yarışlarda da yüksək nəticələr əldə etmək üçün hazırlıqlarını davam etdirəcəklər.         

Elnurə CƏFƏROVA

Nəşr edilib : 20.08.2026 12:29