Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Azərbaycan xüsusilə Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra regionda yaratdığı yeni reallıqlar fonunda mühüm infrastruktur və enerji layihələrinə imza ataraq strateji mövqeyini xeyli gücləndirib. Xüsusilə nəqliyyat dəhlizləri və enerji ixrac layihələri ölkənin beynəlxalq əhəmiyyətini kifayət qədər artırmaqdadır. Bu layihələr region ölkələri arasında əməkdaşlığın genişlənməsinə şərait yaratmaqla effektiv praktik nəticələr verən uğurlu platforma rolunu oynayır. Hazırda icrası davam edən Naxçıvan-İğdır-Qars dəmir yolu layihəsi də bu baxımdan, xüsusi əhəmiyyət daşıyır və regionda nəqliyyat əlaqələrini daha da gücləndirməyə hesablanıb. Bu layihə Azərbaycan-Türkiyə və digər regional bazarlara daha sürətli çıxışını təmin edəcək. Nəticədə, həm iqtisadi inteqrasiya dərinləşəcək, həm də region ölkələri arasında əməkdaşlıq genişlənəcək.
Məlum olduğu üzrə ötən il avqustun 22-də Türkiyənin İğdır şəhərində Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunun Naxçıvan Muxtar Respublikası sərhədinə çatan birinci hissəsinin təməlqoyma mərasimi keçirilib. Orta Dəhlizin yeni nəfəsi sayılan bu layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan proyekt 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Türkiyə hissəsində beş stansiyanın inşası planlaşdırılır: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu. Azərbaycanı Naxçıvan Muxtar Respublikasından keçməklə Türkiyə ilə birləşdirən Zəngəzur marşrutu üzrə nəqliyyatın istifadəyə verilməsi 2030-cu ilə planlaşdırılır. İllik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq bu xətt təkcə logistika imkanları baxımından deyil, həm də tikinti keyfiyyəti, tunel və dizaynı baxımından qabaqcıl mühəndislik nümunəsi olacaq. Naxçıvan-İğdır-Qars dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar qazandıracaq.
Naxçıvan-İğdır-Qars dəmir yolu təkcə bir regionun inkişafına hesablanmayıb, Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında formalaşan yeni nəqliyyat sisteminin mühüm tərkib hissəsi rolunu oynayacaq bu layihə bütöv coğrafiyaya siyasi, iqtisadi dividendlər gətirəcək. Xətt həm Zəngəzur dəhlizinin açılması perspektivi, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiya baxımından xüsusi strateji əhəmiyyət kəsb edir. Dəmir yolu Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın real infrastruktur layihələrin də təzahürü kimi qiymətləndirilir.
İqtisadi baxımdan layihənin dəyəri olduqca yüksəkdir. Qeyd etdiyimiz kimi, bu dəmir yolu xətti vasitəsilə illik 15 milyon ton yük daşınması nəzərdə tutulur ki, bu həcm region üçün ciddi tranzit gəlirləri deməkdir və xüsusilə Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirəcək. Daşınma xərclərinin azalması ixrac məhsullarının rəqabət qabiliyyətini artıracaq. Yeni xətt həm regional, həm də beynəlxalq daşımaları təmin edəcək şəkildə planlaşdırılır ki, bu baxımdan, dünyanın siyasi və iqtisadi cəhətdən güclü ABŞ və Çin kimi ölkələrinin də marağı bu yolda kəsişəcək. Başqa sözlə, Donald Trampın TRIPP layihəsi və Si Çinpinin “Bir kəmər, bir yol” təşəbbüslərinin də eyni anda Zəngəzur dəhlizi üzərindən reallaşması Naxçıvan-İğdır-Qars dəmir yolunun əhəmiyyətini, böyük mənada, üzə çıxaracaq. Bu təşəbbüslərin paralel şəkildə inkişafı Naxçıvan-İğdır-Qars dəmir yolunu yalnız regional deyil, həm də qlobal ticarət şəbəkəsinin mühüm tərkib hissəsinə çevirəcək. Xüsusilə Çin-Avropa istiqamətində ildən-ilə artan yük daşınmaları fonunda bu xətt alternativ və daha çevik marşrut kimi çıxış edərək mövcud nəqliyyat dəhlizlərinin yükünü qismən azaldacaq. Yüklərin bir hissəsinin Bakı-Tbilisi-Qars xətti ilə, digər hissəsinin isə Zəngəzur dəhlizi və Naxçıvan üzərindən daşınması logistika sistemində balans və elastiklik yaradaraq çatdırılma müddətlərinin qısalmasına və xərclərin optimallaşdırılmasına şərait yaradacaq. Bununla yanaşı, layihənin iqtisadi təsiri yalnız tranzit gəlirləri ilə məhdudlaşmır, daha geniş sosial-iqtisadi nəticələr vəd edir. Belə ki, dəmir yolunun inşası ilə paralel olaraq logistika mərkəzlərinin, müasir anbar komplekslərinin, sənaye parklarının və sərhəd ticarət zonalarının yaradılması planlaşdırılır. Bu da regionda iqtisadi fəallığın artmasına səbəb olacaq. Yeni infrastruktur investisiyaların cəlb olunmasını sürətləndirəcək, kiçik və orta biznesin inkişafına təkan verəcək və yerli istehsalın ixrac imkanlarını genişləndirəcək. Xüsusilə Naxçıvan üçün bu layihə iqtisadi canlanmanın əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər. Muxtar respublikanın uzun illər məhdud nəqliyyat imkanlarından sonra belə bir beynəlxalq dəhlizə qoşulması onun iqtisadi coğrafiyasını dəyişdirərək ticarət, turizm və xidmət sektorlarında yeni imkanlar açacaq. Eyni zamanda əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi, gəlirlərin artması və regionda həyat keyfiyyətinin yaxşılaşması kimi mühüm sosial nəticələr də gözlənilir.
Bütün sadalanan bu və digər amillərə dayanaraq əminliklə vurğulamaq olar ki, Naxçıvan-İğdır-Qars dəmir yolu layihəsi yalnız nəqliyyat infrastrukturu kimi deyil, həm də regional inteqrasiya, iqtisadi inkişaf və qlobal ticarət əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan çoxşaxəli bir təşəbbüs olacaq. Bu layihənin reallaşması ilə Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika xəritəsində rolu əhəmiyyətli dərəcədə artacaq, region Şərq ilə Qərb arasında etibarlı və rəqabətqabiliyyətli tranzit məkanına çevriləcək. Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars xətti ilə birlikdə bu dəmir yolu regionda vahid və güclü nəqliyyat şəbəkəsi yaradaraq Azərbaycanın, o cümlədən də onun Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişafının əsas sütunlarından birinə çevriləcək.
Nail ƏSGƏROV
Digər xəbərlər