"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şa...
18:13 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
“Bu gün Naxçıvan Dövlət Universitetində mühüm bir layihənin, öncədən planlaşdırdığımız bir aylığın təqdimatını keçirdik. Bu il aprel ayı Naxçıvan Dövlət Universitetində elan olunmuş beynəlxalq təlimlər aylığıdır. Beynəlxalq təlimlər universitetdə ilk dəfədir, aylıq şəkildə qeyd olunur. Digər ali məktəblərdə olduğu kimi, bundan öncəki illərdə müxtəlif aylarda təlimlər keçirmişik, amma bu dəfə aprel ayını, bütövlükdə, təlimlər aylığı elan etmişik. Demək olar ki, hər gün üçün bir beynəlxalq təlim nəzərdə tutulub və bu ay ərzində 21 təlimçi tərəfindən beş istiqamətdə geniş mövzular üzərindən təlimlər aparılacaqdır. Təlimlər dünyanın müxtəlif ölkələrinin – ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistanın müxtəlif ali təhsil müəssisələri və tədqiqat institutlarının professorları tərəfindən aparılacaqdır”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.
“Təlimlər daha çox Naxçıvan Dövlət Universitetinin akademik heyətinin və tələbələrinin peşəkar inkişafını nəzərdə tutan təlimlərdir. Amma, təbii ki, Naxçıvan Muxtar Respublikasının digər müəssisələrini də nəzərə alaraq təlimləri açıq elan etmişik. Təlimlərin mövzuları öncədən elan olunub və bu mövzular üzrə maraqlı olan, öz peşəkar inkişafını artırmaq istəyən, beynəlxalq sertifikatlar almaq istəyən bütün iştirakçılar ödənişsiz olaraq ay ərzində bu təlimlərdə iştirak edə bilərlər.
Bu gün biz ilk təlimin açılışını etdik. Türkiyənin qabaqcıl xəstəxanalarından olan Acıbadəm Xəstəxanasının professoru dünyaca məşhur Cem Alhan Tibb fakültəsinin tələbələri və həkimlərimizə kardiocərrahiyə ilə bağlı təlim verəcək.
Təlim müddətində tələbələrimizin və müəllimlərimizin sualları cavablandırılacaq, eyni zamanda təlimçi tərəfindən qiymətləndirmə aparıldıqdan sonra təlimçilərin imzası ilə hər bir iştirakçı sertifikatla təmin olunacaq. Belə ki, təlimçilərimizin hər biri beynəlxalq sertifikatlı təlim keçirmək hüququna malikdir. Onlar dünyanın ən qabaqcıl sahələrində sertifikatlar qazanıblar və inanırıq ki, Naxçıvan Dövlət Universitetindəki çoxşaxəli kadr hazırlığında bu professorların təlimləri çox əhəmiyyətli olacaqdır. Təlim müddətində dəvət olunmuş professorlarımız Naxçıvan Dövlət Universitetinin tələbələri üçün master-klaslar, ustad dərsləri keçəcək və mühazirələr oxuyacaqlar. İnanırıq ki, tələbə və müəllimlərimiz, muxtar respublikamızın digər dövlət qurumlarında çalışan iştirakçılar təlimin mövzularından faydalanacaqlar. Bu istiqamətdə dəvətimizi qəbul edib universitetimizə gələn bütün təlimçilərə təşəkkür edirəm. İştirakçılara uğurlar arzulayıram”, – deyə rektor vurğulayıb.
Digər xəbərlər