NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetinin kollektivi sərgi-satış yarmarkasında iştirak edib

...

"Şərq qapısı" xəbər verir ki, ali təhsil ocağının kollektivi Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar keçirilən məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası ilə tanış olublar. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın iştirak etdiyi sərgidə Naxçıvan Dövlət Universiteti və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin qadın müəllim və tələbələrinin 60-a yaxın əl işləri də nümayiş olunur. Mənzərə, natürmort, tarixi və digər janrlara aid 30 adda rəngkarlıq nümunələri sərgi-satış yarmarkasında  yer alır. Bundan başqa,el arasında “xalq sənəti” adlandırılan dekorativ- tətbiqi sənət nümunələrindən toxuma və bədii tikmə, döymə sənəti və digər əl işləri sərgi iştirakçılarının diqqətini çəkib.  
Məlumat üçün qeyd edək ki, sərgidə 447 müəllifin 10 min 929 adda əl işi təqdim edilib. Qeyd olunub ki, bu rəqəmlər ötən illə müqayisədə 16 müəllif, 142 əl işi çox deməkdir. Əl işləri arasında tullantılardan hazırlananlar da diqqət çəkir. Bildirilib ki, tullantılardan hazırlanan əl işləri həm də ekologiya ilə bağlı şüurun artırılması üçün gözəl vasitədir. Bu da qadınlarımızın COP29, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə verdiyi töhfə ilə ekosistemin qorunmasında fəal olduqlarını əyani şəkildə göstərir.   
Xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasında xüsusi rola malik sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb. 
Sərgi-satış oktyabrın 17-dək davam edəcək.

Nəşr edilib : 15.10.2024 18:01