Aytən Axundova: Avropa şirkətlərinin 57 faizi Azər...
11:28 21.10.2026
0
0
0
NAXÇIVAN :
21 Oktyabr 2026, Çərşənbə
Bu sudan necə şəfa tapılır?
Dağların qoynundan süzülən, əsrlərdir, insanlara sağlamlıq bəxş edən mineral sular Naxçıvan təbiətinin ən dəyərli sərvətlərindəndir. Bu zənginliklər arasında özünəməxsus yeri və müalicəvi gücü olan mənbələrdən biri də Şahbuz rayonunun Gömür kəndinin girişində yolun sağ tərəfində yerləşir. Dəniz səviyyəsindən, təxminən, 2000 metr yüksəklikdə yerləşən, yerli sakinlərin “Qotur su” adlandırdığı bu mineral suyun tarixi sınaqlardan çıxmış şəfa gücü haqqında maraqlı faktlar var. Tarixi mənbələrdə qeyd olunur ki, 1828-ci ildə Rusiya qoşunları Abbasabad qalası yaxınlığında döyüşərkən 45 dərəcəlik istidə kütləvi xəstəliyə tuş gəlirlər. Qoşun komandiri İvan Paskeviç yerli sakinlərə müraciət edir və ona Gömür kəndi yaxınlığındakı müalicəvi suyu nişan verirlər. Generalın əmri ilə ərazidə səyyar hərbi xəstəxanalar qurulur və bulağın suyundan istifadə edən rus qoşunları xəstəlikdən xilas olurlar.
Aradan, təxminən, iki əsr keçməsinə baxmayaraq, Gömürün bu mineral suyu bu gün də öz möcüzəvi xüsusiyyətini qoruyub saxlayır. Onun sorağı artıq kəndin və regionun hüdudlarını çoxdan aşıb. Qonşu Ağbulaq kəndinin sakini Faiq Cəfərov bildirir ki, bulağa yalnız yaxın kəndlərdən deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarından, hətta xarici ölkələrdən gələnlər də var. Kəndin girişindəki “Şəfa bulağı” və onun yaxınlığındakı “Qotur su” adlandırılan bu mineral su ilin bütün fəsillərində ziyarətçilərlə dolu olur. Vaxtilə daha yuxarı ərazidən çıxan su, gələnlərin rahatlığını təmin etmək üçün sonradan çardağa salınaraq indiki əraziyə yönəldilib. Faiq Cəfərov, həmçinin qeyd edir ki, su xüsusilə dəri problemlərindən, eləcə də qızdırmadan əziyyət çəkənlərə tövsiyə olunur. Hətta özü də bu sudan istifadə edib və faydasını görüb. Buraya gələ bilməyən tanışları üçün isə suyu qablaşdıraraq müxtəlif ünvanlara belə göndərib.
Bakıda yaşayan Lamiyə Tağıyeva və Azər Ələsgərov da hər il ailəsi ilə Naxçıvana gələndə Gömürə baş çəkməyi ənənəyə çevirənlərdəndir. Lamiyə Tağıyeva qeyd edir ki, bir müddət əvvəl Türkiyənin İğdır şəhərindən olan bir tanışını da buraya gətiriblər. Suyun müalicəvi təsirindən o qədər razı qalıb ki, indi hər il yay aylarında Gömürə gəlir. Biz də Türkiyədən olan qonaqlarımıza və yaxınlarımıza həmişə buranı tövsiyə edirik.
Azər Ələsgərov isə ayaqlarındakı ağrılardan əziyyət çəkdiyindən buraya üz tutub. O, müxtəlif yerlərdə müalicə alsa da, ən böyük faydanı Gömür suyunda tapdığını deyir: – “Bu sudan istifadə etdikdən sonra ayaqlarımdakı ağrıların azaldığını gördüm. Ona görə də ildə ən azı bir dəfə buraya mütləq gəlirəm”.
Bəs əsrlərdir, insanlara şəfa bəxş edən bu bulağın sirri və elmi əsası nədir? Kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın sözlərinə görə, Gömür suyunun əsas üstünlüyü onun hidrogen-sulfidlə zəngin tərkibə malik olmasıdır:
– “Gömür mineral su mənbələri kənddən, təxminən, 3 kilometr cənub-qərbdə, Gömür çayının sol sahilində yerləşir. Yeraltı yatma dərinliyi 400-800 metr arasında dəyişən bu suların tərkibində hidrogen-sulfidin miqdarı, təxminən, 600 mq/l təşkil edir. Məhz bu kimyəvi göstərici suyun balneoloji (müalicəvi) əhəmiyyətini artırır. Araşdırmalar göstərir ki, zəif minerallaşmış Gömür suyundan revmatik, dəri və bəzi iltihabi xəstəliklərin müalicəsində – xüsusilə vanna və duş prosedurları şəklində geniş istifadə etmək mümkündür”.
Bütün bunlar bu mənbəyə yalnız bir mineral su kimi deyil, həm də böyük müalicə və turizm potensialına malik təbii sərvət kimi yanaşmağın vacibliyini göstərir. Bəzən sağlamlıq üçün uzaq ölkələrdə, başqa bölgələrdə müalicə üsulları axtarırıq, halbuki doğma torpağın qoynunda illərdir, axan belə bir mineral suyun varlığından xəbərsizik. Bu gün yerli və xarici turistlərin müşahidə etdikləri nəticələr, suyun elmi əsaslandırılan tərkibi və ərazinin dağlıq təbiəti bir araya gətirildikdə Gömürün sağlamlıq turizmi üçün cəlbedici ünvana çevrilə biləcək potensialını göstərir. Əgər sizin də Gömürə yolunuz düşərsə, kəndin təmiz dağ havasını içinizə çəkib, “Şəfa bulağı”nın başında bir qədər dayanmağı, ardınca bu müalicəvi sudan faydalanmağı unutmayın.
Səmayə RƏSULOVA
Digər xəbərlər