Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Müstəqil Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasının konseptual əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu proses hazırda sistemli şəkildə davam etdirilərək cəmiyyət həyatının bütün sahələrini əhatə etməkdədir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu milli maraqlara və qlobal səviyyədə mövcud olan çağırışlara istinad etməklə Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirak səviyyəsinin artırılmasına və həmin sistemin təqdim etdiyi imkanlardan daha səmərəli şəkildə yararlanmasına istiqamətlənmişdir.
Ali təhsil sahəsində qlobal meyillər və regional çağırışlarla uzlaşan fəaliyyətin təmin edilməsi məqsədilə universitetlər öz institusional beynəlmiləlləşmə strategiyalarını formalaşdırırlar. Sözügedən strategiyalar qloballaşma proseslərinin dərinləşdiyi beynəlxalq ali təhsil məkanının yaratdığı imkanlardan səmərəli istifadə üçün konkret mexanizmlər müəyyən edir.
Naxçıvan Dövlət Universitetində beynəlmiləlləşmə strategiyası ali təhsilin qloballaşma şəraitində inkişaf tendensiyalarına uyğun olaraq universitetin beynəlxalq rəqabətqabiliyyətinin artırılmasına və qlobal ali təhsil məkanına inteqrasiyasının dərinləşdirilməsinə yönəlmişdir. Sözügedən strategiya universitetin institusional inkişaf prioritetlərinə əsaslanmaqla beynəlxalq əməkdaşlığın genişləndirilməsini, akademik mobilliyin təşviqini və təhsil keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasını hədəfləyir.
Bu kontekstdə xarici ali təhsil müəssisələri ilə tərəfdaşlıqların qurulması, beynəlxalq layihə və proqramlarda iştirakın artırılması, həmçinin əcnəbi tələbə və müəllimlərin universitetə cəlb edilməsi əsas strateji istiqamətlər kimi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasında formalaşan tolerant mühit və əcnəbi vətəndaşlara göstərilən diqqət nəticəsində Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı hər il artmaqdadır. NDU-da əcnəbi tələbələr üçün yaradılan şərait yüksək səviyyədədir və onların aldıqları təhsilin keyfiyyəti yerli tələbələr kimi daim diqqət mərkəzində saxlanılır. Əcnəbi tələbələr universitetin ictimai və mədəni fəaliyyətlərində fəal iştirak edir, onlar müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında və universitetin sosial həyatında fəallıq göstərirlər.
Qeyd olunmalıdır ki, hazırda universitetdə 19 ölkədən (Türkiyə, İran, Hindistan, Yəmən, Kamboca, Tanzaniya, Almaniya, Pakistan, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Mərakeş, Banqladeş, Fələstin, Ruanda, Somali, Nigeriya, Rusiya, Koreya) 1712 tələbə bakalavriat və magistratura səviyyələrində təhsil alır.
Əcnəbi vətəndaşların Naxçıvan Dövlət Universitetində ali təhsilin müxtəlif səviyyələrində təhsil almaları üçün müraciətləri artmaqdadır. Burada təhsil almağa marağın artmasının bir neçə əsas və bir-biri ilə əlaqəli səbəbləri vardır. Belə ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tolerant və təhlükəsiz ölkə kimi tanınması əcnəbi tələbələrdə ölkəmizdə rahat yaşamaq, keyfiyyətli təhsil almaq və müxtəlif mədəniyyətləri yaxından tanımaq baxımından böyük maraq yaradır. O cümlədən Naxçıvan Muxtar Respublikası sabit, təhlükəsiz və multikultural mühitə malik regiondur.
Ölkəmizdə təhsil siyasəti və dövlət dəstəyi əcnəbi tələbələrdə yüksək səviyyəli texnoloji imkanlardan yaralanaraq keyfiyyətli təhsil almaq, beynəlxalq standartlara uyğun diplom əldə etmək və əlverişli mühitdə təhsil almaq baxımından böyük maraq yaradır. Dövlətin əcnəbi tələbələrin cəlb olunmasına yönəlmiş strategiyaları, təhsil sahəsində aparılan islahatlar və beynəlxalq təbliğat NDU-ya olan marağı artırır.
Həmçinin Naxçıvan Dövlət Universitetində tədrisin beynəlxalq standartlara uyğun qurulması və güclü kadr potensialı müasir biliklərə yiyələnmək, peşəkar müəllim heyətindən faydalanmaq və gələcək karyera imkanlarını genişləndirmək baxımından əcnəbi vətəndaşları burada təhsil almağa cəlb edir.
Təhsil və yaşayış xərclərinin münasib olması da əcnəbi vətəndaşların təhsillərini burada davam etdirməsinə səbəb olan faktorlar sırasındadır.
Beynəlxalq əməkdaşlıqlar və müqavilələr NDU-nun nüfuzunu artırmaqla yanaşı, mübadilə proqramları, birgə layihələr və ikili diplom imkanları yaratdığı üçün əcnəbi vətəndaşların bu ali təhsil müəssisəsində oxumağa marağını gücləndirir. Universitetin müxtəlif ölkələrinin ali təhsil müəssisələri ilə imzaladığı əməkdaşlıq memorandumları, mübadilə proqramları və ikili diplom imkanları beynəlxalq aləmdə tanınmasını gücləndirir.
Multikultural və inklüziv universitet mühiti NDU-da müxtəlif millət və mədəniyyətlərdən olan tələbələrin özlərini rahat və təhlükəsiz hiss etməsinə şərait yaratdığı üçün əcnəbi tələbələrin bu universiteti seçməsinə və qəbuluna müsbət təsir göstərir. Müxtəlif ölkə vətəndaşlarının birgə təhsil alması NDU-da zəngin multikultural mühitin formalaşmasına səbəb olur. Bu isə yeni gələn tələbələr üçün müsbət referans rolunu oynayır.
Naxçıvan Dövlət Universitetinin xarici universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı Naxçıvan Muxtar Respublikasının adının beynəlxalq akademik və mədəni müstəvidə daha çox tanınmasına səbəb olur. Bu da regionun müsbət yöndə tanınmasını, etibarlı və təhlükəsiz coğrafiya kimi qəbul edilməsini önə çıxarır. Təhsil və elmi potensialın güclənməsi nəticəsində birgə layihələr, elmi tədqiqatlar, müəllim və tələbə mübadiləsi həyata keçirilir. Bununla da yeni bilik və təcrübələrin regiona transferi təmin edilir, yerli kadrların peşəkarlığı artırılır, innovativ yanaşmaların tətbiqinə şərait yaradılır. Mədəni müxtəlifliyin və tolerantlığın möhkəmlənməsi nəticəsində əcnəbi tələbə və mütəxəssislərin regionda yaşayıb fəaliyyət göstərməsi fərqli mədəniyyətlərin tanınmasına, qarşılıqlı hörmət və anlayışın artmasına, tolerant və açıq cəmiyyət modelinin güclənməsinə səbəb olur. Əcnəbi tələbələrin Naxçıvan şəhərində uzun və qısamüddətli yaşaması, xidmət sektorunun (kirayə evlər, ictimai iaşə, nəqliyyat) canlanmasına, maddi gəlir mənbələrinin yaranmasına və yerli sahibkarlığın inkişafına töhfə verir.
Təhsil və mədəniyyət vasitəsilə qurulan əlaqələr regionda sülh və mədəni əməkdaşlığın inkişafının yüksəldiyini göstərir. Bu isə ölkələr arasında etimadı möhkəmləndirir, Naxçıvan Muxtar Respublikasını əməkdaşlıq məkanına çevirir. Artan beynəlxalq əlaqələr təhsil, yaşayış və sosial infrastrukturun inkişafına təkan verir. Beynəlxalq standartlara uyğun xidmətlərin formalaşmasını sürətləndirir, bu proses isə infrastruktur və xidmət keyfiyyətinin yüksəlməsi yönündə artıma səbəb olur.
Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Azərbaycan dilinin və mədəniyyətinin inkişafına birbaşa və dolayı yollarla təsir göstərirlər. Əcnəbi tələbələr gündəlik ünsiyyətdə, akademik mühitdə, rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilindən istifadə etdikcə dil lokal ünsiyyət vasitəsindən çıxıb beynəlxalq ünsiyyət dili kimi qəbul edilməyə başlayır. Xüsusilə əcnəbi təhsilalanlar üçün təşkil edilmiş hazırlıq mərhələsində Azərbaycan dili və Nitqin inkişafı, seçdiyi ixtisas qrupunda isə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi dilin sistemli şəkildə yayılmasına səbəb olur. Beləliklə, əcnəbi tələbələr vasitəsilə Azərbaycan dilinin beynəlmiləlləşməsi prosesi yaranır.
Əcnəbi tələbələr faktiki olaraq Azərbaycan mədəniyyətinin canlı daşıyıcılarına çevrilirlər. Bu, milli musiqi, mətbəx, adət-ənənələr, bayramlar haqqında təhrif olunmamış, real təbliğat deməkdir. Sadalanan bu kimi fəaliyyətlər nəticəsində Azərbaycan mədəniyyətinin tanıdılması və yayılması müşahidə olunur. Mədəni qarşılıqlı zənginləşmə prosesi də əcnəbi tələbələr mühitində təzahür edir. Fərqli mədəniyyətlər bir araya gəlir, tələbələr arasında mədəni dialoq yaranır, Azərbaycan mədəniyyəti özünü müqayisə və təqdimetmə imkanı qazanır. Bu proses milli dəyərlərin şüurlu şəkildə dərk edilməsinə və qorunmasına xidmət edir. Əcnəbi tələbələr akademik və mədəni məzmunlu elmi fəaliyyətə qoşulmaqla Azərbaycan dili, tarixi və mədəniyyəti ilə bağlı sərbəst işlər, elmi məqalələr, dissertasiya işləri, layihələr hazırlamaqla Azərbaycan dilinin daha dərindən mənimsəyirlər. Həmçinin sosial media və video platformalarda aktiv fəaliyyət beynəlxalq auditoriya üçün yeni mənbələr yaradır. Bu isə mədəniyyətin aktiv yayımına keçiddir. Bu göstəricilər Azərbaycan mədəniyyətinin tədris mühitində canlı qalmasını təmin edir.
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi və mədəni mübadilənin güclənməsi Naxçıvan Muxtar Respublikasına elmi, mədəni, sosial və iqtisadi baxımdan davamlı inkişaf, eyni zamanda beynəlxalq inteqrasiya və müsbət imic qazandırır.
Hazırda Naxçıvan Dövlət Universitetində 19 müxtəlif dövlətin vətəndaşlarının təhsil alması tolerantlığın formalaşmasına və möhkəmlənməsinə çoxşaxəli və əhəmiyyətli töhfələr verir. Fərqli millətləri, dinləri, dilləri və mədəniyyətləri təmsil edən əcnəbi tələbələrin bir arada təhsil alması tələbələr arasında qarşılıqlı hörmət və anlayışı artırır. Bu mühit stereotiplərin aradan qalxmasına kömək etməklə multikultural mühiti formalaşdırır.
Birgə təhsil mühiti xalqlar arasında sülh, əməkdaşlıq və qarşılıqlı etimad ideyalarını gücləndirir, tolerant cəmiyyət modelini praktik olaraq nümayiş etdirir.
Naxçıvan Dövlət Universiteti bu müxtəlifliyi qəbul etməklə Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin real təzahürünə, ölkənin beynəlxalq nüfuzunu artırılmasına, Azərbaycan Respublikasının tolerantlıq imicinin güclənməsinə öz töhfəsini verir. Əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası inklüziv sosial mühitin yaranmasına, fərqliliklərin təbii və dəyərli qəbul edilməsinə də səbəb olur. Çoxsaylı ölkənin vətəndaşının Naxçıvan Dövlət Universitetində təhsil alması tolerantlığın yalnız nəzəri deyil, praktiki şəkildə yaşandığı bir model yaradır.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti özünün əcnəbi tələbə sayına və onların ölkə müxtəlifliyinə görə ölkə birincisidir. Universitetin mövcud imkanları əcnəbi tələbə sayının daha da artırılmasına imkan verir və bu qarşıda duran prioritet məsələlərdən sayılır.
Lalə ALLAHVERDİYEVA
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
Əcnəbi təhsil alanlarla iş və hazırlıq
mərkəzinin direktor müavini
Digər xəbərlər