Azərbaycan İtaliya ilə birgə investisiya layihələr...
14:14 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
"Şərq qapısı" xəbər verir ki, yekun elmi hesabatın başlanğıcında Elmi Kitabxanada universitet əməkdaşlarının, magistrant, doktorant və tələbələrinin 2024-cü ildə nəşr olunmuş elmi əsərlərinin sərgisinə baxış keçirilib. Sərgidə 2024-cü ildə nəşr olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, proqram və metodik vəsaitlər, xaricdə yüksək impakt faktorlu və yerli jurnallarda nəşr olunmuş məqalələr, keçirilmiş beynəlxalq və respublika konfranslarının materialları, təlim sertifikatları hər fakültə üzrə ayrı-ayrılıqda təqdim olunub. Həmçinin sərgidə 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş əsərlər xüsusi diqqət çəkib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev 2024-cü ildə elmi fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və bu hədəflərə uyğun həyata keçirilmiş işlər haqqında geniş məlumat verib. Rektor qeyd edib ki, 2024-cü ildə Naxçıvan Dövlət Universiteti elmi potensialının daha da gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsi və müasir tədqiqat metodlarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıb. İl ərzində universitet əməkdaşlarının yüksək impakt faktorlu jurnallarda nəşr etdikləri məqalələrin sayının artması, beynəlxalq konfranslarda iştirakın genişlənməsi və gənc tədqiqatçıların fəaliyyətinin təşviqi bu istiqamətdə görülən işlərin əyani göstəricisidir. Elbrus İsayev, həmçinin təhsilin keyfiyyətinin artırılması, elmi nailiyyətlərin tədrisə inteqrasiyası və istehsalata tətbiqi elmi fəaliyyətin əsas prioritetlərdən olduğunu vurğulayıb. Rektor 2024-cü ildə həyata keçirilmiş layihələrin yalnız universitet üçün deyil, həm də regionun elmi inkişafına və dünya elminə töhfə verdiyini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov 2024-cü ildə universitetin elmi fəaliyyətinin hədəfləri və əldə olunan nəticələrə dair geniş hesabat təqdim edib. Bildirilib ki, elmi fəaliyyət universitetin elmi-tədqiqat strategiyası və Elmi Şuranın qərarları əsasında təşkil edilib. Bu çərçivədə əməkdaşların elmi fəaliyyətləri “Elmi fəaliyyətin qiymətləndirmə meyarları” əsasında təhlil olunub və qiymətləndirilib. 2024-cü ildə əsas prioritetlərdən biri əməkdaşların elmi potensialının artırılması, beynəlxalq nəşrlərin və yüksək impakt faktorlu jurnallardakı məqalələrin və istinadların sayının artırılması olub. İllər üzrə təhlillər göstərib ki, universitetdə elmi dərəcəli əməkdaşların sayı artaraq 229 nəfərə çatıb (bunlardan 34-ü elmlər doktoru, 195-i fəlsəfə doktorudur). Elsevər Əsədov qeyd edib ki, ötən 5 illə müqayisədə akademik heyətdə elmi dərəcəlilərin sayında müsbət artım dinamikası müşahidə olunub. Belə ki, 2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 153 (34%) olubdursa, hazırda bu say 229 (40%) nəfərdir. Ötən illə müqayisədə universitetdə əməkdaşların sayı 40 nəfər artıb, bunun 18 nəfəri elmi dərəcəlilər təşkil edir. Heyətdə elmlər doktorlarının sayı (34 nəfər) 2020-ci illə müqayisədə 15 nəfər artıb. Elmi adlı heyətin dəyişməsində də artım dinamikası müşahidə olunub. Belə ki, 2020-ci ildə elmi adlı heyət 131 nəfər olub (12 professor, 118 dosent), 2024-cü ildə bu say 168 nəfər olub (23 professor, 145 dosent).
Universitetin akademik heyətinin gəncləşdirilməsi sahəsində aparılan işlər də öz müsbət nəticələrini verib. Belə ki, 2024-cü ildə universitet üzrə orta yaş 49 olub ki, bu da əvvəlki illərin göstəriciləri ilə müqayisə edildikdə heyətin gəncləşməsi sahəsində aparılan işlərin düzgün qurulduğunu göstərir.
Prorektor vurğulayıb ki, 2024-cü ildə universitetdə 2400-dən çox elmi əsər nəşr olunub, Scopus və Web of Science bazalarında nəşr sayı 63 olub ki, bu da ötən illərlə müqayisədə ciddi artım deməkdir. Scopus və Web of Science məqalələrinin sayı son 5 ilin ümumi göstəricilərindən artıq olub. Belə ki, 2020-ci ildə universitet üzrə cəmi 579 nəşr olmuşdur ki, buna görə heyət üzrə orta nəşr sayı 1,3 olub. 2024-cü ildə hər bir akademik heyətə düşən nəşr sayı 4.3 olub. Təkcə ötən illə müqayisədə hər əməkdaşa düşən nəşr sayı 1 vahid artıb. 2019-2023-cü illərdə 5 ilin nəticəsinə görə, Scopus bazasında cəmi 34 nəşr var idisə, təkcə 2024-cü ildə bu say 53 olub.
Elsevər Əsədov qeyd edib ki, elmi nəşrlərdən 30-u müvafiq olaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olub. Elmi göstəricilər üzrə universitetin Scopus üzrə Hirş indeksi 10-a, Web of Science üzrə isə 9-a yüksəlib. 2024-cü ildə alınmış patentlər və beynəlxalq patent müraciətləri universitetin innovasiya potensialını təsdiqləyir. Magistr və tələbələrin elmi fəaliyyətləri də diqqətəlayiq olub, müxtəlif indeksli jurnallarda məqalələri dərc olunub. 2024-cü ildə universitetdə 41 elmi tədbir keçirilib, o cümlədən 13 beynəlxalq konfrans təşkil olunub. 2020-ci ildə cəmi 13 konfrans keçirilmişdisə, 2024-cü ildə təkcə beynəlxalq konqres və simpoziumların sayı bu qədər olub.
Daha sonra 2025-ci il üçün universitetin elm sahəsində qarşıya qoyulan hədəflər təqdim olunub. Əsas məqsədlər Elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, elmi işlərin səmərəliliyinin artırılması və nəticələrin tədris və istehsalatda tətbiqinin genişləndirilməsidir. Təsərrüfat müqaviləli elmi işlərin təşkili, beynəlxalq və yerli qrant layihələrinin icrası, əməkdaşlıq müqavilələri çərçivəsində birgə tədqiqatların aparılması, patent və ixtiraçılıq sahəsində təlimlərin təşkili, yüksək impakt faktorlu jurnallarda nəşrlərin artırılması əsas prioritetlərdəndir. Həmçinin yerli və xarici elm-təhsil müəssisələri ilə birgə tədbirlərin keçirilməsi və tədqiqatların müasir tələblərə uyğunlaşdırılması qarşıya qoyulan məqsədlər sırasındadır.
Universitetin Magistratura və Doktorantura Mərkəzinin direktor müavini Təbrizə Bağırova Tələbə Elmi Cəmiyyətinin 2024-2025-ci tədris ili üzrə hesabatını təqdim edib. O, cəmiyyətin fəaliyyət istiqamətləri, strukturu, fakültələrdə TEC xətti ilə həyata keçirilən elmi-tədqiqat işlərinin nəticələri, eləcə də TEC-in təşəbbüsü ilə təşkil olunan tədbir və layihələr barədə danışıb. Bildirilib ki, TEC tələbələrin elmi potensialının artırılması, onların sosial və humanitar layihələrdə iştirakı, insani keyfiyyətlərə əsaslanan və vətənpərvər ruhda yetişməsi üçün müxtəlif fəaliyyətlər təşkil edib və bu işlərdə təşkilatçı qismində çıxış edib. Sonra rektor Elbrus İsayev TEC xətti ilə məqalələri nəşr olunan tələbələrə sertifikat təqdim edib.
Rektor Elbrus İsayev Yusif Mirzəzadəni Tələbə Elmi Cəmiyyətinə yeni seçilən sədri kimi kollektivə təqdim edərək bildirib ki, Yusif Mirzəzadə Hüquqşünaslıq ixtisasının ikinci kursunda təhsil alır və təkcə 2024-cü ildə 8 elmi, 12 publisistik məqaləsi yerli və xarici jurnallarda nəşr olunub. Buna görə də rektor tərəfindən Yusif Mirzəzadə ‘İlin gənc tədqiqatçısı’ mükafatı ilə təltif olunub.
Hesabatın sonunda 2024-cü ildə elmi fəaliyyətinə görə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib. Universitet Elmi Şurasının qərarı ilə əməkdaşlar və doktorantlar nüfuzlu və impakt faktorlu nəşrlərinə, elmmetrik bazalardakı göstəricilərinə, Hirş indeksinə və istinad saylarına görə mükafatlandırılıb. "Akademik fəaliyyətin qiymətləndirilməsi mexanizmi" çərçivəsində 50 əməkdaşın əməkhaqqına 1 il müddətində 10-25% stimullaşdırıcı əlavələr edilib. Scopus və Web of Science bazalarındakı hər bir nəşr üçün 1500-2500 manat, digər indeksli xarici nəşrlər üçün 100 manat, Hirş indeksi və istinadlara görə 300-500 manat, hər bir patent üçün 1000 manat məbləğində mükafatlar təqdim olunub. Bundan əlavə 2024-cü ilin elmi fəaliyyətlərinə görə ilin fakültəsi, ilin kafedraları, ilin tədqiqatçı nominasiyası üzrə müəllim və tələbələrə plaketlər təqdim edilib. İlin fakültəsi olaraq Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi seçilib. İlin kafedraları kimi “Baytarlıq təbabəti”, “Biologiya”, “Nəqliyyat mühəndisliyi və texniki elmlər”, “Təməl tibb” və “Azərbaycan dilçiliyi” kafedraları müəyyən edilib. İlin tədqiqatçıları Mahir Məhərrəmov, Taleh Xəlilov, Məftun Əliyev, Daşqın Qənbərov və Cavanşir Zeynalov, tədqiqatçı tələbələri isə Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Yusif Mirzəzadə, Tibb ixtisası üzrə IV kurs tələbəsi Bəhriyyə Mustafayeva və İnformasiya Texnologiyaları ixtisası üzrə IV kurs tələbəsi Şəhriyar Quliyev seçilib.
Digər xəbərlər