NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının rəqəmsallaşdırılması informasiya cəmiyyəti üçün ən böyük töhfələrdəndir

...

Kitabxana işi qədim tarixə malik olan və böyük inkişaf yolu keçərək müasir dövrün innovativ yenilikləri sahəsində effektiv nəticələrin əldə olunduğu universal sosial institutlardan biridir. Tarixə nəzər yetirdikdə bu sahədə yeniliklərin dərhal deyil, tədricən əldə olunduğunun, demək olar ki, zamanla qazanıldığının şahidi oluruq. Kitabxanaların inkişaf konsepsiyasına diqqət yetirdikdə son dövrlər bu sahənin informasiya cəmiyyətinin reallıqlarını özündə tam olaraq əks etdirdiyini görmüş olarıq.

Qlobal informasiya cəmiyyətini şərtləndirən əsas amillərdən biri də məhz informasiyanın hamı üçün əlçatan olmasını təmin etməkdir. Hazırkı dövrdə kitabxanaların qarşısında duran mühüm vəzifələr sırasında da informasiyaya daha rahat bir şəkildə çatmağın, mütaliənin, öyrənmənin asanlaşdırılması yollarını axtarıb tapmaq yer almaqdadır. Müasir oxucu, demək olar ki, daha tələbkardır və əvvəlki dövrlərdən fərqli olaraq bugün kitabxanaya yalnız mütaliə üçün deyil, yeni biliklər əldə etmək, öz səriştə və bacarıqlarını yüksəltmək, təhsil almaq imkanlarını genişləndirmək, iqtisadi fəallığını artırmaq, innovasiyanın tətbiqində yaxından iştirak etmək və digər bu kimi amillərə görə müraciət edir.

Ümumiyyətlə, müasir kitabxanaların əsas funksiyalarında bu sahədə rəqəmsallaşdırmanın mövcudluğu, elm, təhsil və tədqiqat sahəsində informasiyanın daha rahat əlçatan olması amilləri yer almaqdadır. 55 ildən artıq bir inkişaf dövründə elmi kadrların hazırlanmasında, tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi irsin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətlərə malik olan Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası da sadaladığımız yeniliklərin tətbiqi ilə, demək olar ki, zamanın nəbzini tutmağı bacarmaqdadır. Yüksək elmi əhəmiyyətə malik, dəyərli ədəbiyyatların oxucular üçün əlçatan olması, beynəlxalq aləmdə ən yüksək səviyyədə təmsil olunmaq kimi məsələlər artıq öz həllini tapmaqdadır.

Müasir informasiya cəmiyyətində kitabxanaların informatika elmi ilə inteqrasiyası prosesinin öyrənilməsi eyni zamanda, bu sahədə beynəlxalq təcrübənin əldə olunması zəruri olan amillərdəndir. Bu mənada Elmi Kitabxananın əməkdaşlarının xarici ali təhsil müəssisələrində ezamiyyətdə olması təcrübə mübadiləsi, yeni innovasiyalarla tanışlıq və müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, əməkdaşların son bir il ərzində Türkiyə, İtaliya, Finlandiya kimi bu sahədə kifayət qədər öz sözünü demiş ölkələrdə təcrübə əldə etməkləri eyni zamanda, informasiya texnologiyaları sahəsində ən son yeniliklərin öyrənilməsi baxımından əsas amillərdəndir.

Qazanılmış mükəmməl təcrübə və innovativ yeniliklərin tətbiqi üçün hər cür şəraitin yaradılması birbaşa NDU Elmi Kitabxanasının informasiyalaşdırılmasına təsir etməkdədir. Qısa zaman ərzində kitabxananın yenilənmiş və daha da təkmilləşdirilmiş lib.ndu.edu.az rəsmi internet ünvanının istifadəyə verilməsi cəmiyyətin intellektual inkişafına, oxucuların mədəni-mənəvi tərbiyəsinə, təhsil prosesinə öz töhfələrini verməkdədir. Sevindirici hallardan biri də bundan ibarətdir ki, kitabxananın saytı məhz universitetin İnformasiya texnologiyaları şöbəsi əməkdaşları tərəfindən hazırlanmışdır. Yenilənmiş internet səhifəsi SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunmuş, optimizasiyası (SEO-Search Engine Optimization) reallaşdırılmış, axtarış sistemlərinə uyğunlaşdırılmış,  “Google” axtarış sistemində qeydiyyatdan keçirilmiş və ən əsası saytın axtarış sistemlərində ön sıralarda görünməsi üçün zəruri texniki tədbirlər həyata keçirilmişdir.

Qeyd edək ki, kitabxananın yeni internet saytı ilə yanaşı, müasir proqram təminatı da qurulmuşdur. NDU-Lib adlandırılan bu proqramın əvvəlkilərdən əsas fərqi irihəcmli və xarici dillərdə olan ədəbiyyatların elektronlaşdırılmasına imkan verməsidir. Elektron kataloq və elektron kitabxana sisteminin qurulması işi yeni sistemlə asanlaşdırılmış, bu sistemlə oxucu sorğularının cavablandırlması prosesi sürətləndirilmişdir.

NDU Elmi Kitabxanasında rəqəmsallaşdırılmanın digər göstəricilərdən biri də beynəlxalq elektron bazalara çıxışın rellaşdırılmasıdır. Belə ki, Naxçıvan Dövlət Universiteti “EBSCO Discovery Service” xidmətindən istifadə imkanı əldə etmişdir. “EBSCO Discovery Service” - xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. 3.7 milyarddan çox biblioqrafik qeydi özündə cəmləşdirən ən geniş qlobal indeksə malik sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da alimlər, müəllimlər və tələbələr dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edirlər.

Beləliklə, NDU həm EBSCO resurslarına, həm də dünyanın açıq giriş (Open Access) rejimində fəaliyyət göstərən elmi resurslarına çıxış imkanı əldə etmiş, resurslar sərbəst yüklənmişdir. Bunun üçün universitetə istifadəçi adı və şifrəsi təqdim olunmuşdur. Eyni zamanda, EBSCOhost şirkətinin nümayəndələri tərəfindən vebinar keçirilmişdir. Vebinarda “EBSCO Discovery Service” sistemi vasitəsilə əldə edilən dünya elmi resursları haqqında ətraflı məlumat verilərək sistemlə iş nümayiş etdirilmiş və kitabxanalarda bu sistemlə işin düzgün təşkilinə dair tövsiyələr verilmişdir. Qeyd edək ki, vebinarda kitabxana əməkdaşları da iştirak edərək sertifikatlar əldə etmişlər.

Kitabxananın saytında EİFL elektron bazasına da keçid mümkündür. EIFL (Kitabxanalar üçün Elektron Məlumat) Afrika, Asiya, Sakit Okean, Avropa və Latın Amerikası ölkələrində biliyə çıxışı təmin etmək üçün kitabxanalarla işləyən bir təşkilatdır. Əsas məqsəd yüksək şəbəkələşmiş rəqəmsal dünyada insanlara təhsil, öyrənmə, tədqiqat və məlumat əldə etməyə və istifadə etməyə kömək etməkdir. NDU Elmi Kitabxanası eyni zamanda Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində kitabxana əməkdaşları digər ali məktəblərdə təlimlərdə olmuşlar.

Beynəlxalq təcrübənin öyrənilməsi, yeniliklərin əldə olunması, tanınmış elektron bazalardan istifadənin asanlaşdırılması məqsədilə əməkdaşların vebinarlara qoşulması işi də genişlənmişdir. Belə ki, kitabxana əməkdaşlarının “Dünya nəşriyyatlarından elmi elektron jurnalların kolleksiyaları EBSCOhost platformasında kitabxananızda. Giriş və istifadə haqqında bilmək lazım olan hər şey!”, “Dünyanın ən məşhur nəşriyyatlarının elektron kitablarına giriş”, “Elmi işlər üçün faydalı EBSCOhost® alətləri”, “EBSCO elektron resursları dünya səviyyəli məqalələrin hazırlanması üçün alət kimi”, “Cib kitabxanası və ya EBSCO mobil proqramı haqqında bir neçə söz”, “EBSCO Discovery Service VS Google Scholar - axtarış imkanlarının müqayisəsi. Elmi nəşr hazırlayarkən EBSCO Discovery Service-dən istifadənin üstünlüyü” mövzusunda təşkil olunmuş təlimlərdə iştirakları təmin edilmiş və sonda iştirakçılar sertifakatlar əldə etmişlər.

Rəqəmsallaşdırma sahəsində NDU Elmi Kitabxanasının qarşısında bir sıra vəzifələr dayanmaqdadır. Əsas vəzifələrdən biri də burada mövcud olan elmi-tədqiqat işlərinin də yaxın zamanlarda elektronlaşdırılmasından ibarətdir. Bu da öz növbəsində tədqiqatçılara vaxt və zaman mədudiyyətinin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, daha çox müraciət olunan ədəbiyyatların audio formasının hazırlanaraq qısa zaman ərzində kitabxananın rəsmi internet ünvanında yerləşdirilməsi də reallaşdırılması planlaşdırılan əsas vəzifələrdəndir.

Və sonda bir məqamı da vurğulamaq lazımdır ki, bütün sadalanan bu faktlar cəmiyyətin informasiyaya, biliyə, tərəqqiyə olan çıxışını asanlaşdırır, onun qlobal məkanda söz sahibi olması amilinə yüksək təsir edir. Buna görə də hər zaman mütərəqqi yeniliklərə açıq olmaq, texniki-texnoloji proseslərin faydalarından bəhrələnmək lazımdır.

Çinarə İsmayılova

NDU Elmi Kitabxanasının baş kitabxanaçısı

Nəşr edilib : 28.10.2024 11:18