Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İql...
13:18 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 18-21 sentyabr tarixləri arasında qastrol səfərinə çıxıb, Gəncə və Qax şəhərlərində Üzeyir Hacıbəylinin 140 illik yubleyinə həsr olunmuş “Arşın mal alan” musiqili komediyası marionet kuklalar vasitəsilə nümayiş etdirilib. Səfərin məqsədi həm Naxçıvanı təmsil etmək, həm də digər şəhərlərlə sənət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirmək idi. Təqdim edilən tamaşalar, həmçinin teatrın potensialını, aktyorların imkanlarını və yaradıcı kollektivin bacarıqlarını geniş auditoriyaya nümayiş etdirdi.
Səfər 19 sentyabrda Gəncə şəhərindən başlayıb, burada Naxçıvan Dövlət Kukla Teatrı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərini marionet kuklaları ilə təqdim edib. Bu təqdimat, həmçinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində həyata keçirilib.
Teatrın direktoru Səyyad Məmmədov ilə söhbətimizdə o, səfərin əhəmiyyətini belə izah etdi: “Cənab Prezidentin Sərəncamına əsasən Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilir. Biz də bu tədbirlərə qoşularaq Naxçıvanı uğurla təmsil etdik və teatrımızın potensialını, aktyorlarımızın bacarıqlarını nümayiş etdirdik. Bu həm də regionlararası mədəni əlaqələrin inkişafı baxımından mühüm bir addımdır”.
Daha sonra 20 sentyabrda həmin tamaşa Qax Dövlət Kukla Teatrında nümayiş olunub. Qeyd etmək lazımdır ki, Qax şəhərində ilk dəfə olaraq marionet üslubunda kukla tamaşası nümayiş etdirilib. Bu, yerli auditoriyaya təqdim edilən ilk yeni üslubdakı tamaşa olub.
Səyyad Məmmədov bildirdi ki, “Bu üslub Qax şəhərində yeni bir təcrübə idi və bizim üçün çox qürur vericidir ki, bu ilk addım bizim tərəfimizdən atıldı. Tamaşanın izləyiciləri arasında sənət adamları, teatrşünaslar, aktyorlar da var idi və onların təqdimatımıza verdikləri müsbət rəylər bizə yeni ilham verdi”.
Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və bu da teatrın gələcək planlarına təsir edib. Qeyri-adi təqdimat və yeni yanaşmaların səfərdəki əsas uğurlardan biri olduğunu vurğulayan direktor bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyini qeyd etdi: “Bizim üçün bu uğurlar yeni stimullar yaradır. Tamaşaçılarla bir arada olmaq və onlara ən yaxşısını təqdim etmək bizə həm yeni ideyalar, həm də daha böyük məsuliyyət gətirir. Hər yeni tamaşa teatrımızın inkişafı üçün vacib bir addımdır”.
Qeyd edək ki, 19-20 sentyabr tarixlərdə tamaşadan əvvəl Naxçıvan Dövlət Kukla Teatrı ilə Gəncə və Qax Dövlət Kukla Teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu addım teatrlar arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsini təmin etmək məqsədi daşıyır. Direktor bunun teatrın inkişafı üçün vacib olduğunu və xüsusən aktyor və rejissor mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Səyyad Məmmədov bu cür əməkdaşlığın teatrın rəngarəngliyini artıracağını, həm də kollektiv üçün böyük təcrübə olacağını vurğulayıb. Onun sözlərinə görə, gələcəkdə teatrlar arasında bu münasibət daha da inkişaf edəcək və birgə işlərə imza atılacaq.
Səyyad Məmmədov: “Biz inanırıq ki, imzaladığımız memorandumla hər iki şəhər arasında sıx əməkdaşlıq davam edəcək və bu da bizə yeni imkanlar yaradacaq. Bu əlaqələr teatrlarımızın inkişafı üçün çox önəmlidir və biz daim bir-birimizlə sıx əlaqə saxlayaraq təcrübə mübadiləsi edəcəyik”.
Naxçıvan Dövlət Kukla Teatrı qastrol səfərləri ilə yalnız Naxçıvanı təmsil etməklə qalmayıb, həm də regionlar arasında mədəni əməkdaşlığı daha da möhkəmləndirərək gələcək fəaliyyətləri üçün yeni hədəflər müəyyənləşdirib. Teatrın bu uğurlu addımları həm yerli, həm də beynəlxalq səviyyədə teatr sənətinə olan marağı artıracaq və bu, Naxçıvan mədəniyyətini daha geniş auditoriyaya tanıdacaq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər