Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar t...
16:08 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Ailə institutu Azərbaycan cəmiyyətində xüsusi dəyər kəsb edir. Tarixboyu bu coğrafiyada yaşayan insanlar ailəcanlılığı ilə seçiliblər. Azərbaycanda qurulan ideal ailə modelinin təməlində mənəvi dəyərlərin qorunması, özünəməxsus ənənələrin yaşadılması, fərdlər arasında sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük və hörmət dayanır. Yalnız bu zaman ailə möhkəm və dayanıqlı olur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Təbliğat-100” layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam edir. Layihələrdən biri “Muxtariyyətin zəhmətkeş ailəsi” layihəsidir. Layihə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva bildirdi ki, layihənin əsas məqsədi sağlam və güclü təməllər üzərində qurulan ailə dəyərlərinə milli-mənəvi dəyərlərimizə arxalanaraq onlara önəm verib yaşadan zəhmətkeş, nümunəvi uzunömürlü ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirməkdir. Bu ailələrlə görüşə gedərkən komitənin ailə könüllülərinin iştirakını təmin edirik. Ailə həyatını möhkəm təməllər üzərində qurub sağlam övladlar tərbiyə edən ailələri cəmiyyətə tanıdırıq.
Biz də “Şərq qapısı” qəzetində bu layihədə iştirak etmiş zəhmətkeş Əliyevlər ailəsindən söz açacağıq. Ailə ilə yaxından tanış olmaq üçün yollandıq onların yaşadığı ünvana. Ailə başçısı Nadir Əliyev bizə “Xoş gəlmişsiniz”, – deyərək içəri dəvət etdi.
Söhbət zamanı öyrəndik ki, onlar 50 ildir, həyat yolunda qoşa addımlayırlar. Ailənin başçısı Nadir dayı bildirdi ki, 1940-cı il təvəllüdlüdür. Uzun illər dövlət qulluğunda çalışıb, 2 övlad böyüdüb və 4 nəvə sahibidir. Onun ömür-gün yoldaşı Mahirə xanım isə 1948-ci il anadan olub. O həm qayğıkeş ana, həm də metodist-müəllim kimi gələcəyin vətənpərvər övladlarını yetişdirib. Uzunömürlü, zəhmətkeş ailənin üzvlərinin sözlərinə görə nümunəvi ailə milli-mənəvi dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıdır. Ailə böyükləri nümunəvi davranışları ilə həm öz övladlarına, həm də ətrafındakılara nümunə olmalıdırlar. Ailədə hər kəs bölüşməyi bacarmalıdır. Atalarımız deyib ki, “Ailə kiçik bir dövlətdir”.
Mahirə xanım deyir ki, hər bir valideyn min bir əziyyətlə öz övladını böyüdür. Şükürlər olsun ki, bu gün gənc nəsil o ağrılı-acılı zəmanədə böyümür. Ailələrinin davamlılığının sirrindən bəhs edən Nadir dayı diqqətimizə çatdırdı ki, ailəmizin uzunömürlülüyünün sirri mehribanlıq və hörmətdir. Nə qədər ki, kişi və onun qadını arasında qarşılıqlı hörmət, böyük-kiçik yeri bilinirsə, deməli, həmin ailə möhkəm təməl üzərində qurulub. Ailədə tərbiyə əsas rol oynayır. Ata, ana bir-birinə qayğı göstərirsə, həmin ailədə mehriban övladlar böyüyəcək. Mənim ən böyük fəxrim övladlarımın xoşbəxtliyidir.
Nadir dayı gənc nəslə tövsiyə verərək söylədi ki, ailə bağlarının möhkəm olması üçün kişi və qadın bir-birinə hörmət etməli və güzəştə getməyi bacarmalıdır. Bu zaman isə uzunömürlü və nümunəvi bir ailə formalaşdığının şahidi olacağıq. İndiki gənclər dözümsüz və səbirsiz davranırlar. Halbuki, günümüzdə rahat yaşamaq üçün hər şərait var.
“Muxtariyyətin zəhmətkeş ailəsi” ilə sağollaşıb onlara uzun ömür arzu edirik. Bu cür zəhmətkeş və nümunəvi ailələr hər zaman gənc nəsil üçün örnəkdir.
Söhbətimizdən bu nəticəyə gəldik ki, ailədə qadın və kişi öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı naminə əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdır.
Bülbül Quliyeva
Digər xəbərlər