Prezident İlham Əliyev Türkiyənin xarici işlər naz...
11:51 18.01.2025
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2025, Şənbə
Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik tarixində layiqli yer tutmuş, ictimai-siyasi, elmi-mədəni həyatında özünəməxsus rol oynamış, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır.
Bütün bunları nəzərə alan Prezident cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalamışdır ki, bu da qədim diyarın zəngin dövlətçilik tarixində, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Ədliyyənin Xalq Cümhuriyyətindəki təməli
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi özünün bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, yaranmış siyasi və beynəlxalq vəziyyət xalqın arzusunu həyata keçirməyə imkan verməmişdir. Naxçıvan Müsəlman Milli Komitəsinin sədri Mirzə Nəsrulla bəyin başçılığı ilə Naxçıvan əhalisi diyarın təhlükəsizliyi uğrunda mübarizə aparırdı.
Tarixi faktlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atmış, milli dövlət quruculuğunu ədalətə və qanunçuluğa tapınaraq reallaşdırmışdır. Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə başlamışdır. Eyni zamanda həmin gündə Ədliyyə Nazirliyi təsis edilmiş və təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş və səlahiyyətləri müəyyən edilmişdir.
Həmin dövrdə nazirlik tərəfindən bir sıra mühüm qanun layihələri, məhkəmə və istintaq fəaliyyəti, amnistiyanın elan edilməsi, vətəndaşlıq barədə, habelə ictimai və dövlət əhəmiyyətli digər layihələr hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. Həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması məqsədilə 1919-cu ildə penitensiar xidmət Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Ədliyyə Nazirliyinə verilmişdir.
Naxçıvanda ilk ədliyyə sisteminin yaradılması
1918-ci ilin ortalarında Naxçıvan Osmanlı ordusunun nəzarətində idi və həmin dövrdə Osmanlı ordusunun ikinci alay komandiri Sürəyya bəy Naxçıvana qəza rəisi təyin edilmişdi. Bura gələn Sürəyya bəy əhalinin nümayəndələri ilə keçirdiyi yığıncaqdakı çıxışında Milli Komitənin ləğv edildiyini, yerində jandarm və bələdiyyə idarələri ilə yanaşı, ədliyyə idarəsinin də yaradıldığını bəyan etmişdir.
1918-ci ilin noyabrında Araz-Türk Cümhuriyyəti yaradıldıqda onun hökumət rəisliyinə Əmir bəy Nərimanbəyov və ədliyyə naziri vəzifəsinə Məmməd bəy Bəyzadə təyin edilmişdi.
1919-cu ilin yanvar-fevralında İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyətinin bölgəyə göndərdiyi Mirabbas Mirbağırov vəziyyətlə tanış olmuş və AXC hökumətinə bir sıra təkliflər vermişdi. Təkliflər içərisində “Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar azərbaycanlılar təyin edilməlidirlər” təklifi də mühüm yer tutmuşdur.
Sovetlər dönəmində ədliyyə sistemi
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı (XƏK) yaradılmışdır. İlk ədliyyə komissarı Əliheydər Qarayev, 1920-ci ilin iyununda isə Behbud ağa Şahtaxtinski təyin edilmişdir. XƏK-in səlahiyyətinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdirildi və İnqilab Komitəsi yaradıldı. Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli iclasında digər şöbələrlə yanaşı, ədliyyə şöbəsi də yaradıldı. Köhnə məhkəmələr ləğv edilmiş, yerinə xalq məhkəmələri qurulmuşdu. Məhkəmələrin fəaliyyətinə ilk dövrlər Naxçıvan İnqilab Komitəsi nəzarət etmiş,
4 aprel 1921-ci ildə Naxçıvan SSR Xalq Ədliyyə Komissarlığı yaradıldıqdan sonra həmin qurum tərəfindən həyata keçirilmişdir. Naxçıvan SSR Xalq Ədliyyə Komissarlığı başda olmaqla ədliyyə şöbələri cinayət və mülki işlərə düzgün baxılmasına, ibtidai istintaqın düzgün aparılmasına nəzarət edirdi.
O dövrün Naxçıvanında ədliyyə orqanı isə 1924-cü il yanvarın 18-də yaradılmışdır. Həmin qurum Xalq Ədliyyə Komissarlığı adı ilə sovetlər birliyinin mahiyyətinə xas olan strukturu ilə 1946-cı ilə qədər fəaliyyət göstərmişdir. Ölkə ərazisində olduğu kimi, muxtar respublikada da ədliyyə sistemi dəfələrlə ləğv edilmiş, yenidən yaradılmış və səlahiyyətləri başqa orqanlara həvalə edilmişdir. 1946-cı ildə Naxçıvan Ədliyyə Komissarlığı ləğv edilərək Ədliyyə Nazirliyi adlandırılmışdır. 1956-cı ildə nazirlik yenə də ləğv edilmiş, səlahiyyətləri digər orqanlara verilmişdir.
Heydər Əliyev və ədliyyə sisteminin inkişafı
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə başqa sahələrdə olduğu kimi, ədliyyə sistemində də əsaslı islahatlar həyata keçirilmişdir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi və 5 may 1971-ci ildə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yenidən təsis olunmuşdur. Bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də müəyyən çətinliklər yarandı. Lakin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nazirliyin səlahiyyətlərini genişləndirmiş, cəmiyyətdə rolunu artırmışdır.
1995-ci ildə Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanan təkmil qanunvericilik bazası formalaşdırılmış və hüquq təsisatlarının səmərəli fəaliyyətinə nail olunmuşdur. Bir sıra sahələrlə yanaşı, ədliyyə orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni dövrün tələbləri ilə təkmilləşdirilməsi istiqamətində də kompleks islahatlar həyata keçirilmişdir.
Ölkə ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan yeni inkişaf yoluna qədəm qoymuş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ-hüquqi sənəd qəbul edilmişdir. Aparılmış islahatların davamı olaraq Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü kimi 2000-ci il 11 noyabrda imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr “Ədliyyə işçilərinin peşə bayramı günü” kimi təsis edilmişdir.
Bununla yanaşı, muxtar respublikada da ədliyyə orqanlarının inkişafına böyük diqqət yetirən Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2002-ci il 24 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri, cəzaların icrası, normativ aktların dövlət qeydiyyatı, müvafiq məhkəmələrin maliyyə, maddi-texniki təminatlarının həyata keçirilməsi və digər sahələr üzrə əlavə səlahiyyətlər verildi. Bu fərmanın qəbulundan sonra nazirliyin aparatının yeni strukturu təsdiq edildi. Görülmüş tədbirlər nəticəsində ölkə ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan yeni inkişaf yoluna qədəm qoymuş, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ-hüquqi sənəd qəbul edilmişdir. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Müstəqil Azərbaycanın ən müasir ədliyyə sistemi
Ümummilli Liderin müəyyənləşdirdiyi hərtərəfli inkişaf kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Demək olar ki, bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində də mühüm nailiyyətlər əldə olunub. Belə ki, müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmişdir. 25 aprel 2006-cı ildə isə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Əsasnamənin təsdiqi ilə nazirliyin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində reallaşdırılmış məqsədyönlü tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Proqramla ədliyyə sahəsində islahatlar, bu sahədə inkişafın təmin edilməsi, ədliyyə sistemində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkili, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının genişləndirilməsi və digər mühüm hədəflər uğurla reallaşdırılmışdır. Onu da qeyd etmək lazımdır ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə sistemində islahatlar üçün də “yol xəritəsi” rolunu oynayaraq ədliyyə orqanlarının fəaliyyətində müəyyən yeniliklərə hüquqi zəmin yaratmışdır.
“Elektron hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara fəaliyyət sahəsinə uyğun elektron xidmətlər göstərilir. Son illərdə reallaşdırılmış “Elektron notariat”, “Elektron icra”, “Mobil notariat”, habelə məsafədən ədliyyə xidmətlərini təmin edən innovativ layihələr mövcud istiqamətdəki keyfiyyətin və operativliyin yüksəldilməsinin bariz nümunəsidir. Qeyd olunanlarla yanaşı, tətbiq olunan “Elektron məhkəmə” sistemi də ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, şəffaflığın təmin olunmasına, çevikliyin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edir.
(ardı var)
Hüseyn SƏFƏROV
Naxçıvan Muxtar Respublikasının
ədliyyə naziri vəzifəsini icra edən, nazir müavini
Digər xəbərlər