NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Muxtar respublikada fiber-optik internet xəttləri genişləndirilir

...

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Həyata keçirilən tədbirlər muxtar respublikada rəqəmsal inkişafa əsaslı zəmin yaradıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elçin Ələkbərov “Şərq qapısı”na fiber-optik internet sahəsində görülən işlər barəsində ətraflı məlumat verib:

Naxçıvan Muxtar Respublikasında informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi və nəzarəti, rəqabətədavamlı, qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi məqsədilə bir sıra müvafiq işlər görülüb.

Rəqəmsallaşma sahəsində yeni infrastruktur quruculuğu, mövcud infrastrukturun müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində layihələr hazırlanır. Həyata keçirilən tədbirlər öz növbəsində dövlət qurumlarında baş verən proseslərin səmərəliliyi ilə yanaşı, təhlükəsizlik və etibarlılığa da zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müasir texnologiyaların tətbiqi, eləcə də əhalinin genişzolaqlı və mobil internet xidmətlərinə çıxış səviyyəsinin yüksəldilməsi və dayanıqlığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mühüm addımlar atılır.

Atılan addımlar sırasında Naxçıvan Muxtar Respublikası ərazisində çəkilən fiber-optik internet xətləri də var. Bu sahədə kəşfiyyat-layihələndirmə işləri görülüb, ərazi quruluşu öyrənilib, magistralın infrastrukturunun keçəcəyi ərazilər müəyyənləşib. Mövcud infrastrukturla inteqrasiyası və ən ucqar ərazilərdə belə alternativliyin təmin olunması nəzərə alınıb, təchizat və tikintiyə hazırlıq işləri aparılıb.

Layihənin idarə edilməsi mərhələləri, eləcə də tikinti işləri nazirliyin tabeli qurumları tərəfindən həyata keçirilib. Kabel infrastrukturunun və fiber-optik aksessuarların, o cümlədən texnoloji avadanlıqların təchizatı yekunlaşdıqca quraşdırma və şəbəkələrin optimallaşdırma işləri həyata keçirilməkdədir. Muxtar respublika ərazisində 300 km-dən artıq məsafədə fiber-optik xətt çəkilişi nəzərdə tutulub və artıq texnoloji infrastrukturun 61.7 faiz hissəsinin tikintisi yekunlaşıb. Naxçıvanın coğrafi şəratini nəzərə alaraq layihənin kritik komponentlərinin tikintisinin payız aylarında yekunlaşdırılması nəzərə tutulur.

Nəticədə muxtar respublika üzrə mövcud magistral xətlərə coğrafi alternativlik təmin edilir. Həmçinin, lokal şəbəkələrin dayanıqlı birləşdirilməsi və tranzit tutumların daşınması üçün hədəflənən bu şəbəkə üçün geniş imkanlar yaradılır. Bu layihə sayəsində Şahbuz və Ordubad rayonlarının rabitə kanallarının alternativliyi təmin edilir ki, bu da adıçəkilən şəhərlərin, eləcə də kəndlərinin telekommunikasiya xətlərinin ilk dəfə olaraq coğrafi alternativliyini təmin etmiş olacaq.

Qeyd edək, yeni fiber-optik magistral şəbəkəsinin yaradılması Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına böyük töhfə verəcəkdir. Layihə çərçivəsində həyata keçirilən işlər, eləcə də telekommunikasiya sahəsində ən müasir texnologiyaların tətbiqi telekommunikasiya şəbəkələrinin və yüksək-sürətli internet xidmətlərinin çeşidini və keyfiyyətini artıracaqdır. Əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışının təmin edilməsi üçün proqramın növbəti hissəsi həyata keçiriləcək ki, nəticədə regionun texnoloji hazırlığı və infrastrukturu gücləndiriləcək və iqtisadi fəaliyyətləri canlandıracaqdır.

          Günel MƏMMƏDOVA

Nəşr edilib : 07.10.2024 12:22