NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Muxtar Babayev: COP29 uşaqları və gəncləri bütün fəaliyyətlərin prioritetinə çevirdi

...

Gənclər üçün nəticə əldə etmək bizim tarixi məsuliyyətimizdir. COP29 sədrliyi olaraq, biz Azərbaycanda və bütün dünyada gəncləri dəstəkləməyi əsas hədəflərimizdən biri kimi müəyyənləşdirdik.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ikinci Bakl İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Gənclərin Rəhbərliyində İqlim Forumu”ndakı çıxışı zamanı deyib.

O bildirib ki, COP29 Sədrliyi uşaqları və gəncləri bütün fəaliyyətlərin prioritetinə çevirdi. “Bu, onların ehtiyac və səslərinin hər bir müzakirədə və qərarda öz əksini tapması demək idi. Həmin yanaşmamızın nəticələrindən qürur duyuruq. Tarixi razılaşmamız olan “Bakı Maliyyə Çərçivəsi” bütün tərəfləri və vətəndaş cəmiyyətini uşaqlar və gənclərin iqlim maliyyəsi ilə dəstəklənməsinə çağırdı. Biz razılaşdıq ki, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada əldə olunan irəliləyişlər ölçülərkən gənclərin ehtiyacları mütləq nəzərə alınsın. Həmçinin ölkələrin yaşa uyğun iqlim planları hazırlamasını və bu prosesə gənclərin bilavasitə cəlb olunmasını təşviq etdik. Bu istiqamətdə “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsünü” təqdim etdik. Bu təşəbbüs beynəlxalq iqlim strategiyalarında təhsilin, potensialın artırılmasının və bacarıqların inkişafının vacibliyini vurğuladı. Paralel olaraq, ekoloji savadlılıq göstəricilərinin hazırlanması üçün “Yaşıl Təhsil Tərəfdaşlığı”nı təsis etdik. Bundan başqa, UNICEF-i “Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun yaradılmasında dəstəklədik. Bizim üçün xüsusi önəm daşıyırdı ki, Azərbaycan gəncləri COP prosesinə bilavasitə cəlb olunsun. Ölkəmizin müxtəlif bölgələrindən gənclər könüllü şəkildə konfransın təşkilinə qatıldılar, həmrəylik nümayiş etdirdilər, Azərbaycanın qonaqpərvərliyini bütün dünyaya göstərdilər və hər kəsə gənclərin enerjisini, qətiyyətini və iqlim həllərinə sadiqliyini sübut etdilər. COP29-un özündə isə biz “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə Bakı Bəyannaməsini” qəbul etdik. Həmin sənəd uşaqlara və gənclərə yönəlik iqlim siyasətlərinin sürətləndirilməsinə dair öhdəliyimizi təsdiqlədi. İndi isə Azərbaycan hökuməti bu vədləri yerinə yetirmək əzmindədir. Biz gənclərimizin yaşıl keçid dövründə uğurla irəliləməsi üçün lazım olan bilik, bacarıq və imkanlarla təmin olunmasını qarşımıza məqsəd qoymuşuq. Azərbaycan gəncləri həm də Braziliyanın növbəti sədrliyi və Gənclər üzrə İqlim Çempionu ilə sıx əməkdaşlıq edəcək, gənclərin iqlim fəaliyyətinin mərkəzində qalmasına dəstək göstərəcəklər", - deyə Muxtar Babayev diqqətə çatdırıb.

Nəşr edilib : 30.09.2025 15:35