Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan ...
13:09 10.05.2026
0
0
0
NAXÇIVAN :
10 May 2026, Bazar
Hər bir xalqın taleyinə həlledici təsir göstərmiş şəxsiyyətləri olur. Ümummilli Lider Heydər Əliyev də Azərbaycanı zamanın sərt sınaqlarından xilas edərək onu davamlı inkişaf yoluna çıxaran, mübarizələrlə dolu şanlı tariximizi yenidən yazan dahidir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!” müdrik kəlamı xalqını, onun azadlığı və müstəqilliyini hər şeydən uca tutan böyük şəxsiyyətin həyat devizi olmuşdur. Ulu Öndər əsrlərboyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın arzularını reallığa çevirən, müasir dövlət quran və bu dövləti böyük uçurumlardan xilas edərək onun gələcək yolunu müəyyənləşdirən fenomenal şəxsiyyətdir.
Müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılmışdır. Ulu Öndərimiz Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkəmizin inkişafı və tərəqqisi idi. Ümummilli Liderimizin respublikamıza rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Ulu Öndər uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Prezident İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın əbədi lideri Heydər Əliyev olmuşdur.”
Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Prezident cənab İlham Əliyev dövlətimizin başçısı kimi fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirmişdir. Prezidentlik dövrünün zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə quruculuq- bərpa işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Ulu Öndər Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək Prezident lham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir. Münaqişəyə “dəmir yumruq”la son nöqtəni qoyan, ikiəsrlik problemi həll etmiş qalib xalqın qalib Prezidenti, müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha geniş üfüqlər açılmışdır.
Xəzəngül ORUCOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər