Sosial Xidmətlər Agentliyi ötən dövrdə 953 uşağın ...
12:40 04.11.2026
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2026, Çərşənbə
Bəzən bir insanın ömür yolunu anlamaq üçün onun illər ərzində yaşatdığı dəyərlərə, yetişdirdiyi insanlara, toxunduğu talelərə nəzər salmaq kifayət edir. Elə ömürlər var ki, sənətə bağlılığı, illərin zəhməti və insanlara ötüşən biliklə mənalanır. Zaman dəyişir, səhnələrdə səslənən musiqilər bir-birini əvəz edir, ancaq sənətə sevgi, öyrətmək həvəsi və milli musiqiyə bağlılıq dəyişməz qalır. Əbülfəz Rzayevin ömür yoluna nəzər saldıqda da bu dəyərlərin onun fəaliyyətində mühüm yer tutduğunu görürük.
1966-cı il noyabrın 4-də müəllim ailəsində dünyaya gələn Əbülfəz Rzayevin həyatının təhsilə və sənətə marağının formalaşmasında ailə mühitinin xüsusi rolu olub. Müəllim əməyinə, biliyə hörmətin və sənətə sevginin gündəlik həyatın bir parçası olduğu bir mühitdə böyüməsi onun dünyagörüşünə təsirsiz qalmayıb. Sonralar qazandığı biliklər, qarşılaşdığı insanlar və musiqi sahəsində topladığı təcrübə həyat yolunun ayrı-ayrı mərhələlərini müəyyənləşdirib. Bu gün 60 illik ömür yoluna nəzər salarkən onun fəaliyyətində müəllimliklə musiqinin necə vəhdət təşkil etdiyini görmək mümkündür.
Əbülfəz Rzayevin musiqi ilə yolu 1978-ci ildən kəsişir. Həmin il valideynlərinin təşəbbüsü ilə Naxçıvan şəhər S.Rəcəbov adına 3 nömrəli musiqi məktəbinin tar sinfinə qəbul olunur. O zaman bu seçimin həyatında nə kimi izlər buraxacağını, bir gün özünün də gənc nəslə bu sənətin incəliklərini öyrədəcəyini, yəqin ki, düşünmürdü. Hələ qarşıda öyrənəcəyi çox şey, keçəcəyi uzun bir yol var idi. Tarla başlayan bu tanışlıq isə illər keçdikcə möhkəmlənərək həyatının ayrılmaz hissəsinə çevrildi.
Musiqi məktəbində keçən illər onun sənətə münasibətinin formalaşmasında mühüm bir mərhələ oldu. Burada qazandığı biliklərlə yanaşı, ifaçılığın tələb etdiyi səbir, diqqət və zəhmətin də mahiyyətini dərk edirdi. Məktəbdaxili konsertlərdə qazandığı ilk səhnə təcrübəsi isə musiqi yolunun yaddaqalan məqamlarından biri kimi yaddaşında qaldı. İllər ötdükcə musiqiyə marağı və topladığı təcrübə onun peşə seçimini müəyyənləşdirdi. Hərbi xidmətdən sonra, 1988-ci ildə təhsil aldığı incəsənət məktəbində müəllim kimi fəaliyyətə başlayan Əbülfəz Rzayev üçün sənətin yeni bir mərhələsi başladı. Vaxtilə şagird kimi əyləşdiyi dərs otaqlarına bu dəfə müəllim kimi qayıtdı. Beləliklə, tarla başlayan yol pedaqoji fəaliyyətlə davam etdi, öyrəndiyi bilikləri və qazandığı təcrübəni yeni nəslə ötürmək onun sənət fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildi.
Əbülfəz Rzayevin sənət fəaliyyəti pedaqoji işlə yanaşı, səhnə və kollektiv yaradıcılığı ilə də zəngindir. O eyni zamanda 1989-cu ildən Naxçıvan Dövlət Filarmoniyasında da çalışıb. İlk dövrlərdə xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib, sonralar Mahnı və Rəqs Ansamblında pianoçu kimi çıxış edib. 1998-ci ildə isə həmin kollektivin bədii rəhbəri təyin olunub. Bu vəzifə onun qarşısında yeni yaradıcılıq imkanları açmaqla yanaşı, musiqi kollektivinin fəaliyyətinə daha geniş miqyasda yanaşmaq vəzifəsini də ortaya qoyub.
Tarla başlayan musiqi yolu sonralar fortepiano ilə də davam edib. Fərqli alətlərin ifa xüsusiyyətləri, müxtəlif musiqi nömrələrinin hazırlanması və ifaçılarla birgə çalışma təcrübəsi onun peşəkar fəaliyyətini daha da zənginləşdirib. Bədii rəhbər kimi çalışdığı illərdə kollektivlə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. Belə səfərlər həm kollektivin yaradıcılıq imkanlarının nümayişinə, həm də milli musiqimizin daha geniş auditoriyalara çatdırılmasına xidmət edib.
Əbülfəz müəllimin sənət yolunda xüsusi yer tutan məqamlardan biri də 2010-cu ilə təsadüf edir. Həmin il Naxçıvan Dövlət Uşaq Filarmoniyası yaradıldıqdan sonra Əbülfəz Rzayev Əməkdar artist Əbülfət Babayevlə birgə filarmoniyanın Mahnı və Rəqs Ansamblını yaradıb. Uşaqların musiqi və rəqs sənətinə marağının artırılması, istedadlarının üzə çıxarılması və səhnəyə hazırlanması baxımından əhəmiyyət daşıyan bu fəaliyyət onun mədəniyyət sahəsindəki çoxillik fəaliyyətinin yaddaqalan səhifələrindən biridir.
2000-ci ildən Ərtoğrol Cavid adına 6 nömrəli incəsənət məktəbində dərs hissə müdiri vəzifəsində çalışan Əbülfəz Rzayev pedaqoji fəaliyyətini bu gün də həmin məktəbdə davam etdirir. Onun üçün müəllimlik yalnız musiqi alətində ifa etməyin qaydalarını öyrətməklə məhdudlaşmır. Bu fəaliyyətin arxasında milli musiqimizin zənginliyini gənc nəslə tanıtmaq, şagirdlərdə sənətə maraq oyatmaq, onlara zəhmətin, səbrin və məsuliyyətin əhəmiyyətini aşılamaq dayanır.
Onun uzunillik fəaliyyətinə dövlət səviyyəsində verilən qiymət də tərcümeyi-halının əlamətdar səhifələrindən biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əbülfəz Rzayevə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
“Bu ada layiq görülmək insanın fəaliyyətini başa çatmış hesab etməsi üçün deyil, daha böyük həvəslə çalışması üçün bir səbəbdir. Düşünürəm ki, insan əməyinə verilən qiyməti gördükdə daha da ruhlanır, üzərinə düşən vəzifəni daha məsuliyyətlə yerinə yetirməyə çalışır. Qazanılan adın dəyərini qorumaq üçün isə daim çalışmaq, hər gün öz işinə yenidən məsuliyyətlə yanaşmaq lazımdır”, – deyir Əbülfəz Rzayev.
Arxada qalan illərin yaddaşında konsertlər, səhnə çıxışları, pedaqoji fəaliyyət və yetişdirilən şagirdlər var. Qarşıda isə yeni işlər, musiqi görüşləri və həyata keçirilməsi arzulanan planlar dayanır. Əbülfəz Rzayevin gələcəyə inamı da məhz bu davamlılıqdan qaynaqlanır. Hər yeni şagird, hər yeni ifa onun sənət yolunun növbəti mərhələsinə çevrilir. Tarın sədaları ilə başlayan sənət yolu bu gün piano dillərində davam edir. İnanırıq ki, Əbülfəz müəllim hələ uzun illər piano dillərində musiqilər səsləndirəcək, yetişdirdiyi şagirdlərin uğurları isə ömrünün ən gözəl nəğmələrindən biri olacaq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər