NAXÇIVAN :

14 Mart 2025, Cümə

Mühüm siyasi və iqtisadi maraqları kəsişdirən meqa layihə – Cənub Qaz Dəhlizi

...

Azərbaycanın mühüm geostrateji ərazidə – Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi, ən vacibi də aparılan uğurlu diplomatiya sayəsində mövcud mövqe və təbii ehtiyatlardan səmərəli istifadə dövlətimizin irəli sürdüyü təşəbbüslərin qısa zamanda uğur qazanmasını şərtləndirir. Bu xüsusda 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və hazırda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi nəticəsində miqyası xeyli genişləndirilən enerji strategiyasının rolunu qeyd etmək lazımdır. Həmin strategiyanın tərkib hissəsi kimi reallaşdırılan layihələr hazırda respublikamızı Cənubi Qafqazın lideri olaraq regionda əsl söz, nüfuz, beynəlxalq aləmdə hörmət və etimad sahibi edib. Prezident İlham 
Əliyevin də dəfələrlə vurğuladığı kimi, bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Sitat: “Bizim istər nəqliyyat, istərsə də enerji sahəsində təşəbbüskarı olduğumuz layihələr təkcə Azərbaycanda yox, bütün bu layihəyə cəlb olunmuş ölkə­lərdə minlərlə, on minlərlə iş yeri yaradır. Biz ənənəvi dəyərlərimizə, əcdadlarımızdan bizə miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik. Budur bizim gücümüzün mənbəyi və biz ənənəvi dəyərlərimizi istənilən xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik və rəyi, hətta bu gün olduğundan da mühüm olan daha güclü ölkə quracağıq. Baxmayaraq, deyə bilərəm ki, hətta bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz”.
Azərbaycanın müəllifi olduğu və XXI əsrin meqa layihələrindən sayılan Cənub Qaz Dəhlizinin enerji strategiyasındakı çəkisi ağır, yeri və rolu olduqca mühümdür. CQD-nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Təməli “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən gün – 2014-cü ilin sentyabrın 20-də qoyulan, 2018-ci il mayın 29-da rəsmi açılışı olan layihənin ümumi dəyəri 33 milyard ABŞ dollarıdır. Azərbaycandan İtaliyayadək uzanan, 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi 
7 ölkənin iştirakı ilə qurulub və ilbəil yeni interkonnektorlarla bu sistemə qoşulmaq təşəbbüsləri çoxalır. Nəticə etibarilə, Azərbaycan bu gün Cənub Qaz Dəhlizi vasitəsilə 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu baxımdan təsadüfi deyildir ki, Aİ liderləri tərəfindən Azərbaycan “etibarlı tərəfdaş qaz təchizatçısı” kimi tanınır. Təqdirəlayiq hal ondadır ki, Avropa ölkələri hər zaman birgə əməkdaşlığa can atan tərəf kimi daha çox ön plandadırlar, müxtəlif siyasi platformalarda, forum və görüşlərdə enerji hasilatını artırmaq üçün təşəbbüslər irəli sürür, təkliflər edirlər. 2022-ci ilin iyulun 18-də Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bu fikirlərin təsdiqidir. Azərbaycan tərəfindən təşəbbüslərin dəstəklənməsi nəticəsində yeni interkonnektorların da qoşulması ilə ötən iki-üç ildə qaz ixracatında əhəmiyyətli artım göstəricisinə nail olunub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 
8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. Əldə edilən razılaşmaya əsasən 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Azərbaycan, həmçinin ötən il Türkiyəyə 9,9 milyard, Gürcüstana isə 2,4 milyard kubmetr təbii qaz ixrac edib.
“Qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi töhfələr verən Cənub Qaz Dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən daim dünyanın aparıcı dövlətlərinin xüsusi marağındadır. Bu baxımdan Avropa İttifaqı ilə yanaşı, ABŞ-nin layihənin reallaşması yönündə verdiyi mühüm dəstəyi də diqqətə çəkmək olar. Xüsusən də Donald Trampın birinci hakimiyyəti dövrü CQD-nin reallaşması istiqamətində ciddi addımların atılması ilə nəticələnib. Tramp layihənin rəsmi açılışı olduğu 2018-ci ildə Prezident İlham Əliyevə ünvanladığı məktubda həmin ili enerji sahəsində uzun müddətdir, davam edən ABŞ-Azərbaycan əməkdaşlığında inanılmaz bir nailiyyət kimi dəyərləndirib: “Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiy­yət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”. Bəli, dünyanın “super gücü”nün başında duran şəxsin Azərbaycanın təşəbbüsünü bu cür yüksək qiymətləndirməsi, dəstək verməsi, həqiqətən də, mühüm faktordur və dəhliz boyu enerji ixracında coğrafi şaxələnmənin təminində təkan rolunu oynayır.
Cənub Qaz Dəhlizi artıq qitələri birləşdirən, ölkələrarası siyasi yaxınlaşmanı təmin edən, mədəni əlaqələri gücləndirən, iqtisadi əməkdaşlığı dərinləşdirən universal beynəlxalq platformaya çevrilib. 2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşlər təşkil olunur, görülmüş işlər və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirlər nəzərdən keçirilir. Ənənə halını alan bu görüşlər həm də çoxtərəfli əməkdaşlıqlar üçün yeni tezislər müəyyənləşdirir, perspektivlərin açılmasına şərait yaradır. Prezident cənab İlham Əliyev 2020-ci il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə TAP layihəsinin tamamlanması ilə tam fəaliyyətə başlayan dəhlizi uğur hekayəsi adlandırıb: “Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”. Bəli, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə atılan bu addım həm də layihədə iştirak edən 7 ölkə – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın komanda şəklində qazandığı nailiyyət timsalında dünyaya ünvanlanan həmrəylik mesajı idi.
Azərbaycanın təşəbbüsü ilə reallaşan meqa layihə – Cənub Qaz Dəhlizi regionun hazır­kı mürəkkəb geosiyasi vəziyyəti fonunda Avropa ölkə­lərinin enerji tələbatını ödəməklə paralel, iqtisadiyyatımızın müxtəlif sahələrində inkişafa əhəmiyyətli təsir göstərir. Və əsası 1994-cü ildə qoyulan enerji strategiyasının yeni müstəvidə uğurlu icrasının nəticəsidir ki, milli təhlükəsizliyi təmin olunan, iqtisadi cəhətdən qüdrətlənən respublikamız dünya miqyasında sözünün arxasında duran, müstəqil siyasət yürüdən nadir dövlətlərdən birinə çevrilib, etibarlı tərəfdaş imicinə sahib olub. Prezident İlham Əliyevin də dediyi kimi: “Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir”. 

Nail ƏSGƏROV

Nəşr edilib : 01.03.2025 10:50