NAXÇIVAN :

19 Aprel 2026, Bazar

“Müəssisədə sanitar-gigiyenik vəziyyət” mövzusunda maarifləndirici seminar keçirilib

...

8 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şahbuz şəhər körpələr evi-uşaq bağçasında “Müəssisədə sanitar-gigiyenik vəziyyət” mövzusunda maarifləndirici seminar keçirilib. “Şərq qapısı” xəbər verir ki, seminarı giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Xəyalə Baxışlı mövzunun aktuallığından və seminarın əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşmasında əsas şərtlərdən biridir. Təmizlik, havalandırma və digər gigiyenik qaydalara əməl olunması uşaqların sağlamlığının qorunmasına xidmət edir. Otaqların və avadanlıqların mütəmadi təmizlənməsi infeksiyaların yayılmasının qarşısını alır. Sanitariya qaydalarına riayət edilməsi uşaqlar üçün təhlükəsiz və rahat mühit yaradır. İctimai Səhiyyə Xidmətinin Naxçıvan regional mərkəzinin  direktoru Aqil Novruzov çıxışında vurğulayıb ki, sanitar-gigiyenik normalara riayət olunması uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Təmiz su, düzgün qidalanma mühiti və dezinfeksiya tədbirləri sağlamlığın qorunmasına müsbət təsir göstərir. Xəstəliklərin yayılma riskinin azaldılması üçün mütəmadi tibbi nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir.
Daha sonra Şahbuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülnar Əlizadə çıxış edərək təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara riayət olunmasının uşaqların sağlam inkişafı və təlim-tərbiyə prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələrində gigiyenik normaların qorunması uşaqlarda sağlam həyat tərzinin formalaşmasına müsbət təsir göstərir.
Qeyd edək ki, seminar diskussiya şəklində davam etdirilib və sonda iştirakçılara mövzu ilə əlaqədar broşürlar paylanılıb.

Nəşr edilib : 08.04.2026 17:57