NAXÇIVAN :

29 Yanvar 2025, Çərşənbə

Mübariz xalqın müstəqillik arzusunun qarşısını heç kim ala bilmədi

...

Bu xalqı 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların  tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayəti törədib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Nəticədə, yüzlərlə dinc insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb.

20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da ciddi cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Bakıya hücum planının marşurutu belə əvvəlcədən müəyyənləşdirilmişdir: Binə-Qala marşrutu, Salyan kazarmasından hərəkət, Qurd qapısı marşrutu, Sumqayıt-Nasosnı marşrutu...

Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Keçmiş sovet hərbi maşınının Azərbaycanda törətdiyi bu qanlı qırğın, həmçinin mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur. Nəticədə, keçmiş SSRİ və Azərbaycan konstitusiyaları, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlər, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, BMT nizamnaməsinin, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq aktın tələbləri kobud şəkildə pozulmuş, ayaqlar altına atılmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı-Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da, Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu. Bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 1200-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı. Azərbaycan xalqının tarixinə fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olan 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Teymur RZAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 17.01.2025 15:00