NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

Müasir Azərbaycanın banisi

...

Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya Günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı cənab İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın əbədi lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”. Həqiqətən də, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ulu Öndər uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya Günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı.

Azərbaycana Azərbaycançılığı qaytarması, Azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiyamız dünyəviliyimizi, müasirliyimizi, tolerantlığımızı açıq nümayiş etdirir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!”,  deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Ulu Öndər Heydər Əliyevin ölkəmizə, xalqımıza miras qoyduqlarının ən önəmlilərindən biri də Yeni Azərbaycan Partiyasıdır. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ümummilli Lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni təsis edilmiş partiyanın sədrinin Ulu Öndər Heydər Əliyevin seçilməsi Azərbaycanın düşdüyü dərin bataqlıqdan çıxarılması istiqamətində atılan ilk tarixi addımlardan biri olmuşdu.

Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

Prezident cənab İlham Əliyev dövlətimizin başçısı kimi fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Prezidentlik dövrünün zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. 

Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 

Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur.

Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident cənab  lham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.  Münaqişəyə “dəmir yumruq”la son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş qalib xalqın qalib Prezidenti, müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 11.12.2024 09:38