NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Mövsümi xəstəliklərə tutulduqda mütləq həkimə müraciət edilməlidir

...

Havaların mövsüm normalarına uyğun keçməməsi, xüsusilə qarın yağmaması bir sıra xəstəlikləri də özü ilə gətirib. Bu da  qrip və digər kəskin respirator infeksiyaları artırır. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-mütəxəssisi Türkanə Məmmədliyə müraciət etdik. Türkanə xanım ilk olaraq onu bildirdi ki, əhali arasında xəstələnmə hallarının sayı bu mövsümdə artır.

Mövsüm dəyişiklikləri zamanı mərkəzə müraciət edən xəstələrin sayında bu il də böyük artım müşahidə edilir. Həkim onu da bildirdi ki, mövsümi kəskin respirator xəstəliklər arasında ən çox rast gəldiyimiz qrip virusu –  influenza A və B virusu, rinoviruslardır.

Xüsusilə influenza virusu epidemiyalar şəklində ortaya çıxır, hər il insanların 5-15 faizinin yoluxmasına səbəb olur. Uşaqların 20-30 faizi, 18 yaşından böyük şəxslərin isə 5-10 faizi simptomatik  influenzaya yoluxur. Yoluxma hallarının baş verməsində əsas səbəb virusun antigen quruluşunda olan mutasiyalardır ki, bu da xəstəliyin təkrardan alovlanmasına və insanlar arasında yayılmasına səbəb olan başlıca faktordur.

Həkimin sözlərinə görə kəskin respirator infeksiyalar xəstə insandan sağlam insana hava-damcı yolu ilə danışdıqda, öskürdükdə, asqırdıqda, kontaminasyalı əşyalarla təmas yolu ilə yoluxur. Xəstəlik özünü müəyyən simptomlarla göstərir. Xəstələrdə daha çox qızdırma (39-40 dərəcəyə qədər), əzələ və oynaq ağrıları, baş ağrısı, halsızlıq, öskürək – xəstəliyin əvvəllərində quru öskürək, sonradan isə bəlğəmli öskürək görünə bilir. Boğaz ağrısı, burun axıntısı, burun tutulması, nadir hallarda olsa da, xüsusilə uşaqlar arasında qusma, ishal kimi simptomlar da müşahidə edilir. Müsahibimiz onu da vurğulayır ki, bu halda xəstələr mütləq həkimə müraciət etməlidirlər. Çünki xəstəlik bəzi hallarda, xüsusilə də yanaşı xəstəlikləri olan xəstələrdə ağırlaşma ilə müşahidə edilə bilir. Xroniki obstruktiv ağciyər xəstəlikləri olanlar, ürək-damar xəstələri, bronxial astmalı xəstələr kəskin respirator xəstəliklərini daha ağır formada keçirirlər. Xəstələrdə pnevmoniya, bronxit, sinuzit, miozit kimi ağırlaşmalar baş verir.

Kəskin respirator infeksiyalara yoluxmuş xəstələr yuxarıda qeyd edilən simptomları gördüyü zaman yataq rejiminə keçməli, bol maye qəbul etməli, yuxu rejiminə diqqət etməlidirlər. Xüsusilə uşaqların qidalanma rejiminə diqqət olunmalı, bol vitaminlərlə zəngin meyvə-tərəvəzlərə qida rasionunda üstünlük verilməli, bol maye qəbul edilməlidir.

Qrip virusundan qorunmanın ən effektiv yolu mövsümi qrip vaksini vurdurmaqdır. Bununla yanaşı, xəstə şəxslərlə təmasdan qaçmaq, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.

Hər kəs özünün və övladının həkimi olmağı bacarmalı, virusa yoluxan zaman mütləq mütəxəssislərə müraciət etməlidir. Unutmayaq ki, erkən diaqnoz  həyatımızı təhlükədən qurtarmaq üşün ən gözəl vasitədir.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 30.01.2025 17:00