NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Möminə xatun türbəsində beynəlxalq bərpa işlərinə start verilib

...

UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan və Naxçıvan-Marağa memarlıq məktəbinin nadir nümunələrindən sayılan Möminə xatun türbəsində bərpa işlərinə başlanılıb. Layihə Naxçıvan Mədəniyyət Nazirliyi ilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Məmməd Hüseynli "Şərq qapısı"na açıqlamasında bildirib ki, türbənin bərpası zamanı abidənin tarixi görkəminə zərər vurulmadan müasir texnologiyalar tətbiq olunacaq: “Möminə xatun türbəsi Azərbaycanın memarlıq incilərindən biridir. Bərpa işlərinin məqsədi abidənin tarixi orijinallığını qorumaqla onun davamlılığını təmin etməkdir. İşlər zamanı həm ənənəvi materiallardan, həm də müasir texnologiyalardan istifadə ediləcək. Təhlükəsizlik məqsədilə abidəyə ziyarət müvəqqəti olaraq dayandırılıb”.
Avstriyanın “Atelier Erich Pummer GMBh” şirkətinin rəhbəri Erik Pumer qeyd edib ki, Möminə xatun türbəsinin bərpasını həyata keçirəcəyik və hazırlıq tədbirləri görürük: "Proyektin davamı kimi  hazırda texniki tədqiqatlar aparılır, çünki bu mühüm tarixi obyektdir. Hamının bildiyi kimi obyektdə balaca maililik də var".
O vurğulayıb ki, hər hansı bir bərpa tədbirlərinə başlamazdan əvvəl türbənin altındakı bütün qrunt sularının vəziyyətini, bərkliyini və sair öyrənmək lazımdır: "Gələn həftədən başlayaraq burada infrastrukturun yaradılması işi davam edəcək. Bura konteynerlər gətiriləcək, materiallar yerləşdiriləcək. Biz planlaşdırmışıq ki, bərpaçılar burada işləsin, vaxt itirməyək, operativ olaq. İlin sonu ayaqaltılar, iskələlər gətiriləcək. Yeni ildə infrastuktur hazır olanda iskələlər quraşdırılan kimi bütün tədqiqatlar artıq türbənin üzərində aparılacaq ki, sonda bərpa işləri müvəffəqiyyətlə yerinə yetirilsin".
"Mənim ixtisasca işim bərpa prosesini həyata keçirməkdir. Geotexniki işlərdən anlayışım var, ancaq bu işləri dəqiq qiymətləndirmək üçün Almaniyadan xüsusi olaraq geotexniki işində böyük təcrübəsi olan mütəxəssis Mixayıl Çişe dəvət olunub", – deyə şirkət rəhbəri əlavə edib.
Bərpa prosesinin geotexniki hissəsini Almaniyadan dəvət olunan mütəxəssis, hidrogeoloq Mixael Çişe icra edir: “Mən Berlin şəhərində anadan olmuşam, amma Bakıda – Azərbaycan Neft və Sənaye Universitetində geologiya üzrə təhsil almışam. Naxçıvanda ilk dəfə oluram və bu layihədə iştirak etdiyim üçün çox şadam. Torpaqdan götürülən nümunələri laboratoriyada araşdıracağıq, onların dayanıqlılığını müəyyən edəcəyik. Əgər maililik təhlükəsi və ya torpaq hərəkəti müşahidə olunarsa, müvafiq tədbirlər görüləcək".
Mixael Çişe əlavə edib ki, bu gün səhər işə başlanılıb: "Naxçıvanın geoloji xəritəsini araşdırdıq, suyun dərinlik səviyyəsini ölçdük. Təxminən, bir həftə ərzində dəqiq nəticələr əldə edəcəyik. Möminə xatun türbəsində aparılan geotexniki qazıntıların məqsədi süxurların davamlılıq xüsusiyyətini, yeraltı suların səviyyəsini və torpaq strukturlarını müəyyən etməkdir. Tədqiqatların nəticələrinə əsasən abidənin bərpası orijinal formaya tam uyğun şəkildə həyata keçiriləcək".

Zəhra VƏLİYEVA

Nəşr edilib : 08.10.2025 17:55